Dekabrın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 2 nömrəli tədris binasındakı Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib. Anım mərasimində universitetin rəhbərliyi və Nərimanov RİH-in başçısının müavini İradə Mahmudova iştirak edib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi Aytən Daşdəmirova bildirib ki, Azərbaycan xalqının XX əsrdə yetirib dünya siyasətinə pərvazlandırdığı ideya və əməl nəhəngi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin adı zəmanəmizin ən böyük siyasət və dövlət xadimlərinin, nadir şəxsiyyətlərinin sırasında yer almışdır. Heydər Əliyev bənzərsiz həyatı və zəngin fəaliyyəti ilə dünya tarixinə şərəfli səhifələr yazmış qədim bir xalqın Ümummilli Lideri səviyyəsinə yüksəlmişdir. Ulu öndər Heydər Əliyev ömrü mübarizə və qələbələrdən keçən, öz xalqının tarixi taleyində müstəsna rol oynayan, uca məramı və möhtəşəm əməlləri ilə əbədiyyət qazanan dahi şəxsiyyətdir. Bu qüdrətli insan onu tanıyan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək keyfiyyətləri ilə unudulmaz izlər buraxmışdır. Böyük şəxsiyyətin adı xalqımız üçün ucalıq rəmzinə, əməlləri hünər timsalına çevrilmişdir. Hələ sağlığında əfsanələşmiş böyük rəhbərin həyat və fəaliyyəti doğma xalqına xidmət, ulu dəyərlərə sədaqət meyarı olmuşdur. Bu böyük insan öz xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır.

Heydər Əliyevin adı Azərbaycan tarixində təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət, xalqının sevimli övladı kimi qalacaqdır. Hər bir azərbaycanlının qəlbində Ulu Öndərin ölməz obrazı daim yaşayır.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək qeyd edib ki, xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin vəfatından 16 il keçir. Xalqımız hər il Ulu Öndərə vəfa borcunu layiqincə yerinə yetirir. Dahi şəxsiyyət Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının Ümummilli Liderinə, dünya siyasətinin nəhənglərindən birinə çevirmişdir. Ona görə də Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq öyünür. Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi kimi qiymətləndirilən bu dövrdə Ulu Öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur. Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanı öz layiqli siyasi varisi cənab İlham Əliyevə

həvalə etməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz həyatımızın bütün sahələrində böyük uğurlar qazanır.

Nərimanov RİH-in başçısının müavini İradə Mahmudova çıxış edərək qeyd edib ki, Ulu Öndərin qətiyyəti və uzaq görən siyasəti sayəsində ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu bildirmişdir.

ADPU-nun Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədi Lider” adlı sənədli film nümayiş etdirilib.

Tədbirdə Tarix və coğrafiya fakültəsinin tələbəsi Bilqeyis Abbasova tərəfindən Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış bədii kompozisiya təqdim edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Bənzər yazılar