Dekabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin Ədəbiyyat kafedrasının təşkilatçılığı ilə azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, pedaqoq, ssenarist, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş “İsmayıl Şıxlı və milli-mənəvi dəyərlər” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransda universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak edib.

Konfransı universitetin rektoru, professor Cəfər Cəfərov açaraq bildirib ki, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 yanvar 2019-cu il tarixli Sərəncam imzalamışdır. Sərəncamda İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapmışdır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir. Bu Sərəncam müasir Azərbaycan ədəbiyyatının inkişafı naminə təqdirəlayiq xidmətlər göstərmiş Xalq yazıçısı İsmayıl Şıxlı yaradıcılığına, keçdiyi həyat yoluna, özündən sonra qoyub getdiyi irsə ən yüksək səviyyədə verilinən qiymətdir. İsmayıl Qəhrəman oğlu Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır. Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim kimi işləmişdir. Sonra 1937-1941-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil almışdır. İkinci dünya müharibəsinin iştirakçısı olmuşdur. Daha sonra Azərbaycan Pedaqoji İnstitunun Filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olmuş, Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri kimi çalışmışdır. İsmayıl Şıxlı həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmiş və M.F.Axundov adına ədəbi mükafat laureatı adına layiq görülmüşdür.

Sonra ADPU-nun Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynova “Sənətkarın ədəbi dünyası-İsmayıl Şıxlı şəxsiyyəti xatirələrdə”, Ədəbiyyat kafedrasının professoru Təyyar Salamoğlu “İsmayıl Şıxlı yaradıcılığı: üz-üzə gələn dünyada” mövzularında məruzələr ilə çıxış ediblər.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Vüqar Əhməd, Müasir Azərbaycan dili kafedrasının professoru Mirvari İsmayılova çıxış edərək Xalq yazıçısı İsmayıl Şıxlı ilə bağlı xatirələrindən danışıb və maraqlı məlumatlar veriblər.

Konfransda İsmayıl Şıxlının həyat və fəaliyyətini ək etdirən videoçarx nümayiş etdirilib

Bənzər yazılar