Dərc olunub: 05.12.2019

Dekabrın 4-də Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Haulin Jao ilə görüş keçirilib.

Mektebgushesi.az xəbər verir ki, görüşün keçirilməsində məqsəd Bakı Dövlət Universiteti ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında əlaqələrin qurulması, beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsinin təşkil edilməsidir.

Tədbiri giriş sözü ilə açan rektor 100 illik tarixi olan universitet haqqında qonağa məlumat verib. O bildirib ki, müasir cəmiyyətdə həyatımızın istənilən sahəsini telekommunikasiya olmadan təsəvvür etmək mümkün deyil. Elçin Babayev görüşdə telekommunikasiya sahəsində mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici elmi strukturlarla birgə əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyini diqqətə çatdırıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Beynəlxalq Telekommunikasiya İttifaqı haqqında tədbir iştirakçılarını məlumatlandırıb. O, BTİ ilə Azərbaycan arasındakı əməkdaşlığın tarixindən və inkişaf dinamikasından bəhs edib.

Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haulin Jao Bakıda keçirilən “Bakutel-2019” sərgisinin əhəmiyyətini vurğulayıb, artıq ənənəyə çevrilmiş sərgiyə bu il daha çox ölkənin qatıldığını bildirib. Azərbaycanın İKT sahəsində çoxsaylı aparıcı şirkətlərlə tərəfdaşlıq əlaqələri qurduğunu qeyd edən Haulin Jao Bakı Dövlət Universiteti ilə əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib. O, həmçinin tələbələrin startap layihələrinə cəlb edilməsinin önəmindən danışıb.

Sonda çıxışlar ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Bənzər yazılar