Noyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Pedaqoji Forumun növbəti, pedaqoji təhsildə xarici təcrübəyə həsr edilmiş IX dinləməsi keçirilib. Görüşdə Danimarkanın Kopenhagen Universitet Kollecin (UCC) Müəllim hazırlığı fakültəsinin professoru Klaus Bruun Hansenin “Danimarkada müəllim hazırlığında pedaqoji təcrübə” mövzusunda məruzəsi dinlənilib. Dinləmədə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, professor-müəllimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov ADPU ilə Danimarkanın Kopenhagen Universitet Kolleci (UCC) arasında 22 sentyabr 2016-cı il tarixdə Erasmus+ çərçivəsində “Fəaliyyət 1- Tələbə və heyət mobilliyi” müəssisələrarası müqavilə imzalandığını bildirərək qeyd edib ki, müqavilə çərçivəsində ADPU-nun tələbə və müəllim heyəti mübadilələrdə iştirak edərək beynəlxalq təcrübəni öyrənir, əməkdaşlığın inkişafında mühüm rol oynayırlar. Müəssisələrarası həyata keçirilən tələbə-heyət mübadiləsinin davamı olaraq, Danimarkanın Kopenhagen Universitetinin Müəllim hazırlığı fakültəsinin müəllimi professor Klaus Bruun Hansen ADPU-nun tələbə və müəllim heyəti ilə görüşlər keçirir, seminarlar təşkil edir, eləcə də bilik və təcrübə mübadiləsi aparır. Dosent E.Aslanov professor Klaus Bruun Hansenin həyat və elmi fəaliyyəti haqqında məlumat verib. O, 1979-1989-cu illərdə Coğrafiya ixtisası üzrə təhsil almış və 25 ildir ki, Coğrafiya və coğrafiyanın pedaqogikası müəllimi kimi fəaliyyət göstərir.

Klaus Bruun Hansen tədbir iştirakçılarını salamlayıb və təqdimatın keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Sonra çalışdığı Danimarkanın Kopenhagen Universitet Kollecinin fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirib ki, Danimarkada iki təhsil sistemi mövcuddur. Sistemlərin birində 3 il bakalavr sonra magistratura və onun səviyyəsi olan doktorantura səviyyəsi nəzərdə tutulub. Lakin yeni sizə tanış olan universitet kollec sistemi var ki, bu kolleci qurtaranlar müəllim kimi çalışmaq istəyənlərə aiddir. Danimarkada müəllim olmaq istəyən şəxs mütləq universitet kollec məzunu olmalıdır. Universitetə sənəd vermək istəyən şəxsin mütləq şəkildə gimnaziya təhsili olmalı və gimnaziya təhsilini bitirdikdən sonra isə 3 etabı seçmə imkanı qazanır. Gimnaziya təhsili olan şəxs yalnız universitet təhsili deyil həmçinin peşə təhsili və universitet kollec təhsili də seçə bilər.

Universitet Kollec təhsil sisteminin əsas məqsədi tələbələri lazımi bilik və bacarıqlarla yiyələndirməkdir ki, həmin bilik və bacarıqlar daha sonra həm akademik, həm də pedaqoji cəhətdən Danimarka təhsil sisteminə təcrübəli və bilikli müəllimlər yetişdirə bilsin. Müəllimlik ixtisasını oxuyan şəxsə təhsil aldığı müddətdə 400 kredit təklif olunur və həmin kreditə əsasən tələbə il ərzində 60

kredit götürə bilir. Daha sonra Fənn kreditlərinə yer ayrılır hansı ki, o fənlər üzrə ixtisaslaşacaq və gələcəkdə məktəblərdə həmin fənlər üzrə ixtisasçı kimi işləyəcəklər. Tələbələrin pedaqoji təcrübəyə göndərilməsi üçün isə 30 kredit nəzərdə tutulur. Təhsil müddətində tələbələr 24 həftə pedaqoji təcrübə keçmiş olurlar. Pedaqoji təcrübənin əsas məqsədi tələbələrin nəzəri biliklərlə təcrübə biliklərini əlaqələndirmək və fikirlərini formalaşdıraraq öyrəndikləri biliklərin doğruluğunu təcrübə əsasında tətbiq etməkdir.

Klaus Bruun Hansenin geniş və maraqlı təqdimatı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə çıxış edərək təqdimatı yüksək qiymətləndirib və məruzəçiyə yeni uğurlar arzulayıb.

Daha sonra iştirakçıların sualları cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Bənzər yazılar