Noyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Davamlı təhsil və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə 9 noyabr-Dövlət Bayrağı Gününə həsr olunmuş tətbir keçirilib.

DPU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov tədbiri giriş sözü ilə açaraq bütün iştirakçıları salamlayıb, qarşıdan gələn əlamətdar bayram münasibətilə onları təbrik edib. Vurğulanıb ki, Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun milli bayrağı, dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Qeyd olunub ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb və həmin ilin dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin ildən indiyə qədər xalqımız Dövlət Bayrağı Gününü böyük ruh yüksəkliyi və dərin vətənpərvərlik hissi ilə qeyd edir. Bu il də həm ölkə səviyyəsində, həm də universitetdə sözügedən mövzuda silsilə tədbirlər keçirilir.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra yenidənhazırlanma və təkrar ali təhsil üzrə müdavimlərin iştirakı ilə bədii kompozisiya interaktiv dərs modeli üzərində təqdim olunub. İbtidai sinif müəllimliyi ixtisasında təkrar ali təhsil üzrə tələbələr Mətanət Qasımova, Nailə Məmmədova, İlahə Behbudova və “Tarix müəllimliyi” ixtisası üzrə tələbə Aydan Ahengarinin ifasında bayrağımızın tarixi, onun əhəmiyyəti haqqında məlumat verilib, onun vətənpərvərlik hissinin qorunub saxlanılmasında, yaşadılmasında əvəzsiz rolundan danışıb, bayrağımızla bağlı müxtəlif şeirlər səsələndiriblər. Davamlı təhsil və innovasiyalar şöbəsinin baş mütəxəssisi Dilguşə Süleymanova Dövlət Bayrağımızı STEM elementləri üzərində izah edib, bayrağın mənəvi dəyəri ilə yanaşı onun müxtəlif elmləri də birləşdirdiyini diqqətə çatdırıb.

Sonra Davamlı təhsil və innovasiyalar şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov çıxış edərək tədbirin keçirilməsinə şərait yaratdığına görə universitetin rektoru professor Cəfər Cəfərov başda olmaqla rəhbərliyə öz təşəkkürünü bildirib. Bildirib ki, illər ötdükcə dövlət bayrağına münasibətin daha da güclənməsinin əsas səbəblərindən biri məhz ölkə rəhbərliyi səviyyəsində bayrağımıza olan böyük ehtiramla bağlıdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən Bakıda dünyanınn ən hündür bayraq dirəyi inşa edilib və Dövlət Bayrağı Meydanı salınıb. Bakıda inşa edilmiş həmin bayraq dirəyi ən hündür bayraq dirəyidir.

Qeyd edək ki, Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirdə Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev və Elmi-təşkilati şöbənin müdiri professor Əli Allahverdiyev də iştirak ediblər. Tədbirin əsas məqsədi ilk növbədə tələbələri maarifləndirmək, onların dövlətimizin ictimai-siyasi işlərinə marağını artırmaq və dövlət atributlarına hörmət və məhəbbət ruhunda tərbiyə etməkdən ibarətdir.

Bununla yanaşı, tədbirdə rektorun müvafiq əmrinə əsasən şöbənin təşkilatçılığı ilə keçirilmiş “Loqopediya və defektologiyanın nəzəri-praktik əsasları” üzrə 60 saatlıq təlim kursunu müvəffəqiyyətlə başa vurmuş müdavimlərə müvafiq sertifikatlar təqdim edilib, eləcə də müxtəlif ixtisaslar üzrə yenidənhazırlanma və təkrar ali təhsil üzrə yeni qəbul olmuş bəzi müdavimlərə dinləyici və tələbə biletləri də təqdim olunub.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Bənzər yazılar