Noyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) 2 nömrəli tədris binasındakı Heydər Əliyev Mərkəzində 9 Noyabr-Dövlət Bayrağı Gününə həsr olunan “Bir bayraq altında birləşək” adlı tədbir keçirilib. Rəsmi və bədii hissədən ibarət olan tədbirdə ADPU-nun rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mektebgushesi.az xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi Aytən Daşdəmirova ilk öncə universitetin rəhbərliyini və tədbir iştirakçılarını bu gözəl gün münasibətilə təbrik edib. A.Daşdəmirova çıxışında bildirib ki, Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, müstəqiliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərimizdən biri, onun Milli bayrağı – Dövlət bayrağıdır. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.

Ulu öndər Heydər Əliyevin milli mənafelərinə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daxilindən gələn yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Andiçmə mərasimləri zamanı Dövlət bayrağı qarşısında diz çökərək onu öpən ölkə prezidenti İlham Əliyev bununla həm də Azərbaycana yüksək sevgi, ehtiram və sədaqət nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Məhz bu Sərəncama əsasən noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi təntənə ilə qeyd olunur. A.Daşdəmirova onu da qeyd edib ki, bu gün dünyanın bütün qitələrində, mötəbər tədbirlərində Dövlət bayrağımız əzəmətlə, vüqarla dalğalanır.

Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev çıxışına tədbir iştirakçılarını Dövlət Bayrağı Günü münsibətilə təbrik edərək başlayıb. Professor F.Rzayev qeyd edib ki, müstəqil ölkənin, xalqın ən vacibrəmzlərindən biri məhz dövlət bayrağıdır. Xalqımız, millətimiz canı, qanı hesabına öz müstəqil dövlətini qurub, öz üçrəngli bayrağını ucaldıb. Biz bu gün bu üçrəngli bayrağın ətrafında birləşmişik.

Daha sonra Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti tarix elmləri doktoru Sevinc Əliyeva xalqımızın başı üzərində yüz il əvvəl dalğalanmış və bu gün də mövcud olan bayrağımızın yaranma tarixindən, onun mənasından, ağ ayparanın və səkkiz guşənin nə olduğundan, hansı ideyalardan qaynaqlandığından danışıb.

Tədbirdə videoçarxlar nümayiş etdirilib.

Tədbirin bədii hissəsində isə tələbə-gənclərin ifa etdikləri vətənpərvər şeir və mahnılar iştirakçılarda yüksək əhvali-ruhiyyə yaradıb.

Bənzər yazılar