Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Radiasiya və kimyəvi təhlükəsizlik problemləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AzMİU-dan Mektebgushesi.az-a bildirilib ki, konfrans Azərbaycanda mülki müdafiə və həyat fəaliyyətinin təhlükəsizliyi sahəsində tədrisin əsaslarını yaradanlardan biri, texnika üzrə elmlər doktoru, professor, polkovnik Həbib Ocaqovun 80 illik yubileyinə həsr edilib. Tədbirdə insan sağlamlığı və ətraf mühit üçün yaranan risklərin idarə olunmasında mühüm yer tutan radiasiya və kimyəvi təhlükəsizliyin istiqamətləri müzakirə edilib.
Konfransda ölkəmizin 40-dan çox elm və təhsil müəssisəsi ilə yanaşı, ABŞ, Almaniya, Rusiya, Ukrayna, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qırğızıstandan 24 təşkilatı təmsil edən 150-yə yaxın mütəxəssis iştirak edir. Binalarda və yaşayış ərazilərində radiasiya fonu, kimyəvi çirklənmələr, inşaat materiallarında kimyəvi və radiasiya riskləri, radon problemi, transsərhəd kimyəvi risklər və s. istiqamətləri əhatə edən 170-ə yaxın məruzə konfransın proqramına daxil edilib.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova giriş sözü ilə tədbiri açaraq, bu mövzuda ölkəmizdə ilk dəfə keçirilən beynəlxalq tədbirin əhəmiyyətini vurğulayıb. Rektor konfransın Həbib Ocaqova həsr olunmasını onun xatirəsinə layiqli töhfə kimi dəyərləndirib. O, alimin həyat yoluna nəzər salıb, AzMİU-da, kafedrada gördüyü işlərdən danışıb.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Rusiyanın Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının prezidenti Gennadi Rodin, AMEA-nın müxbir üzvü, professor, Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov konfransın aktual və günümüzlə səsləşən mövzuya həsr olunduğunu qeyd ediblər.
Həbib Ocaqovun qızı Səkinə Abdullayeva atasının xatirəsinə həsr olunmuş konfransın keçirilməsinə görə universitetin rəhbərliyinə ailəsi adından təşəkkür edib, tədbir iştirakçılarına uğurlar arzulayıb.
Konfrans plenar iclasla davam edib. AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev “Kimyəvi təhlükəsizliyin prioritet istiqamətləri”, professor Müslüm Qurbanov “Radiasiya təhlükəsizliyinin hüquqi tənzimlənməsi və metodoloji aspektləri” mövzusunda məruzələrlə çıxış ediblər.
İki gün davam edəcək konfransda alimlər radiasiya və kimyəvi risklərin idarə olunmasında smart və innovativ texnologiyaların istifadəsi üzrə informasiya və təcrübə mübadiləsi aparacaq, bu sahədə birgə elmi tədqiqatların və tədrisin inkişaf etdirilməsi üzrə əməkdaşlığın səmərəli yollarını müzakirə edəcəklər.