Oktyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Əməkdar elm xadimi, akademik, görkəmli ədəbiyyatşünas, tənqidçi Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Mektebgushesi.az xəbər verir ki, Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmməd və direktor müavini, dosent Aygün Bağırlı və universitetin Filologiya fakültəsinin professor-müəllim və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Sərəncamı Azərbaycan ədəbiyyatşünaslığı elminə verilən yüksək dəyərin bariz nümunəsidir. Akademik Məmməd Cəfər Cəfərov ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr etmiş, ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələrinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Onun geniş əhatəli elmi irsində Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılıqlarının fəlsəfi-estetik mahiyyətini dünya ədəbi təcrübəsi ilə vəhdətdə dolğun şərh edən, yüksək elmi-nəzəri ümumiləşdirmə gücünə malik əsərləri xüsusi yer tutur. Azərbaycan ədəbiyyatında romantizm cərəyanının təşəkkülü və inkişafının ilk müfəssəl tədqiqi Məmməd Cəfər Cəfərovun adı ilə bağlıdır. Pedaqoji sahədə uzun müddət uğurla çalışan və qiymətli dərsliklər müəllifi olan alim, həmçinin elmi kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyət göstərmişdir. Qeyd edək ki, M.C.Cəfərov ADPU-nun məzunu olmuş və Filologiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır.

Tədbirdə Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev çıxış edərək M.C.Cəfərovun yaradıcılığından, Azərbaycan ədəbiyyatı nəzəriyyəsində rolundan və yeniliklərindən, ədəbi tənqidçi kimi fəaliyyətindən bəhs edib.

Daha sonra ADPU-nun Ədəbiyyat kafedrasının professoru Təyyar Salamoğlu “Azərbaycan ədəbi tənqidinin tarixində Məmməd Cəfər Cəfərovun yeri” mövzusunda məruzə ilə çıxış edib. T.Salamoğlu məruzəsində Azərbaycan ədəbi tənqidinin tarixində M.C.Cəfərovun müstəsna mövqeyindən, alimin ədəbi tənqid sahəsindəki və ədəbiyyat tarixi istiqamətindəki fəaliyyətindən bəhs edib.

M.C.Cəfərovun ədəbi tənqidində poeziya məsələlərinin də əhəmiyyətli yer tutduğunu bildirərək qeyd edib ki, alim ədəbi tənqidə ilk növbədə teatr tənqidçisi kimi gəlmiş və onun ədəbi proseslə bağlı ilk məqalələrinin əksəriyyəti teatr tənqidinə həsr olunmuşdur. Vurğulayıb ki, S.Vurğunun “İnsan” dramı ideya-tematik və obrazların səciyyəsi baxımından kifayət qədər mübahisələrə yol açmış, tənqid və ədəbiyyatşünaslıqda əsər haqqında bir-birini təkzib edən mülahizələr söyləmiş, əsərin ideyası və aparıcı qəhrəmanı “mücərrəd fəlsəfəçilik” tendensesiyası ilə bağlanmışdır. İnsan dramının həqiqi təhlili M.C.Cəfərovun “Ünvansız məktub”unda tapılır. “İnsan” dramı kimi Mir Cəlalın “Açıq kitab” romanı da ədəbi tənqiddə kifayət qədər mübahisə doğurmuşdur. M,C.Cəfərov “Açıq kitab”a nəsrimizdə “həqiqətin üzünə dik baxan bir neçə qiymətli” əsərdən biri kimi dəyər verib. Sonda T.Salamoğlu onu da qeyd edib ki, M.C.Cəfərov ədəbiyyatın fəlsəfəsinə nüfuz edən böyük tənqidçi kimi yaddaşlarda qalmışdır.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmməd isə “Məmməd Cəfər Cəfərov və klassik irs” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, M.C.Cəfərov Azərbaycan ədəbiyyatşünaslığının xəzinəsinə daxil olan və Azərbaycan ədəbiyyatşünaslıq elmini zənginləşdirən böyük alimdir. M.C.Cəfərovun ədəbiyyat nəzəriyyəsindən danışanda ən çox istifadə olan əsəri Azərbaycan romantizmidir. Romantizm nəzəriyyəçisi kimi tanınan Məmməd Cəfər Cəfərov Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirib.

Tədbirdə çıxış edən ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, dosent Aygün Bağırlı M.C.Cəfərovla bağlı öz fikir və mülahizələrini bölüşüblər.

Tədbirin sonunda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun M.C.Cəfərov haqqında yazılmış 3 kitabı universitetə təqdim edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Bənzər yazılar