Mingəçevir Dövlət Universitetində (MDU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

BDU-dan Mektebgushesi.az-a bildiriblər ki, bu ali məktəbin rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi tədbirdə MDU-nun rektoru Şahin Bayramov ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinə daim diqqət və qayğı göstərdiyini xatırladıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışan Ş.Bayramov BDU-nun yarandığı gündən millətin qürur mənbəyinə çevrildiyini deyib.

MDU-nun rektoru, eyni zamanda, Azərbaycan ali təhsilinin beynəlxalq ali təhsil məkanında təmsil olunmasında BDU-nun müstəsna xidmətlərini qeyd edib və dünya universitetlərinin bir sıra reytinq siyahılarına ölkəmizdən yalnız bu universitetin daxil edildiyini bildirib.

Ş.Bayramov Azərbaycan tarixində ilk dəfə olaraq BDU-nun 100 illik yubileyinin UNESKO-da qeyd olunmasının böyük qürur hissi doğurduğunu vurğulayıb.

MDU-da tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edən Ş.Bayramov BDU ilə əməkdaşlığa və bir əsrlik tarixi olan bu ali təhsil ocağının təcrübəsindən faydalanmağa xüsusi önəm verdiklərini deyib.

Rektor E.Babayev MDU-nun fəaliyyət göstərdiyi illər ərzində xalqımızın ziyalı təbəqəsinin formalaşmasında mühüm rol oynadığını qeyd edib, bu ali məktəbin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

E.Babayev təhsil islahatlarının MDU-nun nüfuzunun daha da yüksələcəyinə, beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə yüksəkixtisaslı mütəxəssislər hazırlığına təkan verəcəyinə inamını ifadə edib.

BDU-nun rektorunun müşaviri Əliş Ağamirzəyev iki universitet arasında əməkdaşlıq üçün potensial imkanların mövcudluğunu və bu istiqamətdə real işlərin həyata keçirilməsinə hazır olduqlarını bildirib. BDU-nun məzunu, MDU-nun kafedra müdiri Cəmilə Musayeva bakalavriat, magistratura və doktorantura təhsilini aldığı universitetdə keçirdiyi tələbəlik illərindən bəhs edib və 100 yaşı qeyd olunan BDU-nun professor-müəllim heyətinin onun karyera inkişafında mühüm rol oynadığını söyləyib.

Görüşün sonunda BDU ilə MDU arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Sənəddə iki universitet arasında tələbə mübadiləsi, müəllimlərin ixtisaslarının artırılması, tədqiqat metodları üzrə təcrübə mübadiləsi, ortaq elmi tədqiqatların aparılması, birgə elmi konfransların təşkili, beynəlxalq layihələrdə iştirak və s. nəzərdə tutulur.

Bənzər yazılar