Sentyabrın 20-də Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədr müavini Namiq Babayev şəhər və rayonlarda vətəndaşların mərkəzi icra hakimiyyəti və digər qurumların rəhbər şəxsləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq, Hacıqabulda vətəndaşları qəbul edib.

DİM-dən Mektebgushesi.az-a bildirilib ki, qəbulda Hacıqabul, Şirvan, Saatlı, Sabirabad rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

N.Babayev görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri və digər məsələlərlə əlaqədar vətəndaşlar tərəfindən müraciətlər edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da DİM Direktorlar Şurasının sədr müavini tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Bənzər yazılar