Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır.

Bu gün Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında böyük addımlar atılır. 2017-ci il sentyabrın 15-də Respublikamızın Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə növbəti “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı təsdiq edilmiş, bu proqram dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətə davamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri etmişdir.  Dövlət başçımız tərəfindən atılan bu mütərəqqi addımların nəticəsidir ki, ötən bu illər ərzində ölkəmizdə gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib.

Dövlətimizin gənclərlə bağlı yürütdüyü siyasət ali təhsil ocaqlarında da geniş vüsətlə həyata keçirilməkdədir. Bu, Azərbaycan Dövlət Aqrar Universitetində özünü daha qabarıq şəkildə biruzə verməkdədir. Universitet gəncləri dövlətimizin bu qayğısını hər an hiss etməkdədir. ADAU TV-nin yaradılması da universitetin təhsil həyatında həm də gənclər üçün əvəzolunmaz bir tövhədir.

Universitetdə çoxsaylı tələbə mühitinin sevincinə və marağına səbəb olmuş bu yenilikçi qərar ilə bağlı ADAU-nun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədovla əlaqə saxladıq. Böyük məmnuniyyətlə müsahibə verdi. Bu müsahibəni diqqətinizə çatdırırıq.

-Elcan müəllim, ADAU-da İnternet televiziyanın yaradılması ideyası necə və hansı zərurətdən yarandı?

-İnternetin sürətlə inkişafı ölkəmizdə də media məkanına təsir edir.Artıq ənənəvi mediadan yeni mediyaya keçid baş verir.Online mediada  informasiya agentlikləri, xəbər portalları, televiziyalar, qəzetlər yaranmağa başlayır və get-gedə onların sayı artır.Mən Azərbaycan Dövlət Aqrar Universitetində Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunanda bu layihəni rektorumuz İbrahim Cəfərova təqdim etdim. Layihə İbrahim müəllimin çox xoşuna gəldi. Çünki, bu gün Gəncə aqrar regionun mərkəzi olaraq digər bölgələrimizə yaxındır. Həm də ki, Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti, mütəxəssisləri, tələbələri-bir sözlə, baza burdadır. Düşündük ki, niyə də ADAU TV burda olmasın. Bura onların müzakirələrini, təcrübələrini, fikirlərini ictimaiyyətə çatdırmaq üçün yaxşı bir tribuna olacaqdır. Elə dünən Kənd Təsərrüfatı Nazirimiz cənab İnam Kərimov ADAU TV internet televizyasının studiyasının açılışında şəxsən iştirak etdi. Kollektivə uğurlar arzuladı. Bizim üçün bu çox böyük bir stimul oldu.

-Bu televiziya Aqrar Universitetin mədəni və təhsil həyatında hansı yeniliklərə təkan verəcək?

-Bayaq qeyd etdiyim kimi, bura həm gənc müəllimlərin, həm tələbələrin fikirlərininin ictimaiyyətə çatdırılması, həmdə özlərini inkişaf etdirməsi yönümündə bir tribunadır. Bəli, biz burda aqrar təhsildən, təcrübədən, yeniliklərdən söhbət açacağıq. Və çalışacağıq ki, bunu tələbələr üçün sıxıcı olmayan, bir az qeyri-rəsmi formatda edək. Çünki bu, universitetin televizyasıdır. Cənab rektor İbrahim Cəfərovun dediyi kimi, bizim də əsas hədəfimiz tələbələridir. Onların maraqları, istəkləri, təklifləri də bizim üçün vacibdir və dəyərləndiririk də. Ancaq, bununla belə, biz həm də  onların ideya-siyasi, milli-mənəvi, vətənpərvərlik, hərbi-vətənpərvərlik, vətəndaş  tərbiyəsində böyük rol oynayacaq verilişlərlə maarifləndirilməsinə çalışacağıq. Çalı.acağıq ki,televiziyanın yaratdığı geniş tribunada bir sıra maraqlı mövzuların müzakirəsi ilə onların tədrisə olan baxış bucağını rəngarəng edək. Elə biz bu layihəyə başlayanda da İbrahim müəllimin bizim qarşımıza qoyduğu hədəflərdən biri də bu idi ki, hər zaman tələbələrin təklif və istəkləri diqqətə alınsın.

-Müəllim-tələbə heyəti bu xəbəri necə qarşıladı? Onlar televiziyanın gündəlik işinə cəlb olunacaqlarmı?

-Əlbəttə ki, cəlb olunacaqlar. Bura onların televizyasıdır. Biz sadəcə,onların istək və arzularını həyata keçirəcək bu müqəddəs işdə bir vasitəçi rolunu oynayacağıq. Çox qısa bir müddətdə biz internet televizyamızı tam hazır vəziyyətə gətirdik. İndi proqram üzərində çalışırıq. Həftənin 6 günü sosial mediadakı bütün hesablarımızda canlı efirlərimizin olmasına çalışacağıq. Yəqin mənlə razılaşarsız ki, bu, çox ağır və məsuliyyətli bir işdir. Yaxın zamanlarda ADAU TV davamlı fəaliyyətinə başlayacaq.

-Bəs televiziyanın yaranmasına ilkin reaksiya necə oldu?

-Televiziyanın açılmasını eşidən hər kəs bu xəbəri təəccüblə qarşıladı. Hətta studiyanın tam hazır vəziyyətini görənlər belə buranın internet televizya olduğuna inanmadı. Xüsusilə də gənc müəllimlərimiz bu xəbərə çox sevindilər. Bura qədər görülən işlər hər kəs tərəfində çox müsbət qarşılandı. Çalışacağıq ki, bundan sonrakı prosseslərdə də bu tempi qoruyub saxlayaq.

-Yaradıcı heyətiniz barədə bir neçə kəlmə.

-Bilirsiniz, Aqrar Universitet böyük bir ailədir. Burda sənin işin, mənim işim, onun işi deyilən bir anlayış yoxdur. Əgər bir iş görülürsə, hər kəs çalışır ki, bir köməklik etsin. Biz bu layihəyə başlayanda həm texniki, həm də yerləşmə məsələsində bütün prorektorlar, dekanlar, şöbə müdirləri, hər kəs gəlib baş çəkirdi. Və sevinirdik ki, bu işdə hamı maraqlıdır, bizə hərtərəfli köməklik göstərməyə çalışırlar. İbrahim müəllimin zəhmətini isə sözlə ifadə etmək mənim üçün çox çətindir. Çünki, elə vaxtlar olurdu axşam 12-dək bizdə iş davam edirdi, biz studiyada işləyirdik və İbrahim müəllim də bizim yanımızda idi və dəstəyini əsirgəmirdi. Mən hesab edirəm ki, bəlkə də işlərin bu qədər qısa müddətdə və bu qədər keyfiyyəli alınmasının elə başlıca səbəblərindən biri, budur. Bizim şöbənin əməkdaşlarına isə xüsusi təşəkkür düşür. Sevinirəm ki, çox qısa bir zamanda qarşımıza qoyulan məqsədlərin öhdəsindən gəlmişik və bu, kollektivimizin ümumi zəhmətinin nəticəsidir.

-Mümkünsə, gələcək planlarınız barədə …

-Gələcək planlarımız çoxdur. Ancaq hamsını demək hələ tezdir. Sadəcə, onu deyə bilərəm ki, bu gün sürətlə inkişaf edən internet arenasında biz ADAU olaraq, istər televiziya, istər də qəzet sahəsində geridə qala bilmərik. Bu, bizim əsas məqsədlərimizdən biridir.

ADAU-nun kifayət qədər dostlarının olduğu kimi gözü götürməyən adamlar da çoxdur. Buna görə də biz daha qətiyyətli və yorulmadan fəaliyyətimizi davam etdirəcəyik. Dosta da, düşmənə də qapımız hər zaman açıqdır.

Söhbəti qələmə aldı:

Ruhulla Zahidov,yazıçı-jurnalist.

Bənzər yazılar