Dərc olunub: 05.09.2019

Yaşadığımız 2019-cu il ölkə əhalisi, xüsusilə, elmi işçilər, elmi-pedaqoji sahədə çalışanlar və doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün xüsusi hadisələrlə zəngindir. Hamımız xatırlayırıq ki, hələ bu il fevral ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamına əsasən, müvafiq kateqoriyalar üzrə təhsilalanların müəyyən edilmiş təqaüdlər artırıldı. Nəticə olaraq bu il martın 1-dən təqaüd alan tələbələrin sayı yeni tədris ilində 45 faiz olmaqla qarşıdakı tədris ilindən 50 faizdən az olmayan səviyyəyə çatdırılmasının hüquqi bazası yaradıldı. Hazırda elmlər doktoru hazırlığı üzrə doktorantlara – 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 180 manat, magistratura səviyyəsi üzrə təhsil alanlara akademik göstəricilərinə əsasən, 75 manatdan 170 manatadək, orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrə 50 manatdan 75 manatadək, peşə təhsili müəssisələrinin tələbələrinə isə 50 manat təqaüd verilir. Sərəncamın 110 minə yaxın tələbəyə şamil olunduğunu nəzərə alsaq, bu, 110 minə yaxın təhsil alanın sosial müdafiəsinin gücləndirilməsi deməkdir. İndiki anda rayonlardan olan tələbələrin böyük hissəsinin kirayənişin yaşadığını yada salaraq qeyd edək ki, təqaüdlərin artırılması tələbələrin sosial yükünün azaldılması baxımından əhəmiyyətlidir.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın AZƏRTAC-a təqdim etdiyi “Sosial məsuliyyət yaradan sosial qayğı” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə deyilir ki, istənilən məsələnin həllinə kompleks yanaşmadan konkret nəticələrə nail olmaq illüziyadır. Buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il iyun ayının 18-də imzaladığı növbəti sərəncamları cəmiyyətimizdə sosial müdafiənin təminatına yönəldilmiş sənədlər kimi qəbul edildi.

Xatırladaq ki, bu il fevralın 25-də Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə “Bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırdıq – 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıbdır. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz”, – söyləyərək, qarşıdakı hədəflərin anonsunu verdi və gələcəkdə minimum əməkhaqlarının və pensiyaların ardıcıl olaraq artırılacağını bildirdi. 2019-cu il iyun ayının 18-də dövlətimizin başçısının imzaladığı növbəti sərəncamlar sosial sahənin daim diqqətdə olduğunu bir daha təsdiqlədi. Həmin sərəncamları Azərbaycanda yeni iqtisadi islahatların növbəti mərhələsinin başlanğıcı kimi də qəbul etmək olar. Azərbaycanın maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artığı dövrdə təsadüf edən bu mərhələ isə vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə real zəmin yaradır. Üstəlik, bu sərəncamlar göstərdi ki, İlham Əliyevin rəhbərlik etdiyi siyasi komanda Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl genişmiqyaslı tədbirlər planı hazırlayaraq həyata keçirməyi prioritet istiqamət kimi qəbul edib. Əlbəttə, bütün bu kompleks tədbirlər cəmiyyətimizin əhəmiyyətli dərəcədə çoxluq təşkil edən hissəsi üçün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin davamı kimi qəbul edilir.

O faktı qeyd edək ki, Prezident İlham Əliyev dəfələrlə 2019-cu ili “Sosial müdafiə ili” adlandırıb. Dövlət başçısının son 6 ayda böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı sərəncam və fərmanlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır.

Təmsil olunduğum elmi və pedaqoji ictimaiyyət nümayəndələrindən biri kimi, Prezident İlham Əliyevin sosial islahatlar paketi çərçivəsində elmi işçilərin və müəllimlərin də olduğunu görmək çox xoşdur. Bu cəhətdən, “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Sərəncamı ilə müəllimlərin aylıq vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 20 faiz artırıldı. Ümumilikdə isə yeni Sərəncam 160 minə yaxın müəllimin rifahına mühüm dəstəkdir və onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir.

Bu il dövlət başçımızın imzaladığı sərəncamlar gəncliyimizin flaqmanı, gələcək cəmiyyətin aparıcı qüvvəsini təşkil edəcək tələbə və doktorantları da əhatə etdi və onların diqqətdən kənarda qalmamaları dövlət qayğısının nümunəsi oldu. Prezidentin fərman və sərəncamları ilə ali təhsil müəssisələrində təhsil alan tələbələrin təqaüdü, Prezident təqaüdü, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlər artırıldı.

Ümummilli Lider təhsili cəmiyyətin lokomotivi hesab edirdi və onun “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” aforizmi də insanları bu fikrə inandırırdı. Dövlətin dayanıqlı inkişafı üçün təhsili əsas amillərdən biri kimi qəbul edən İlham Əliyevin təhsilin inkişafına yönələn fəaliyyəti də Heydər Əliyevin inkişaf fəlsəfəsinə sədaqəti kimi qəbul edilir. Yeri gəlmişkən, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətində bu motivin qabarıqlığını hər məqamda görmək olar. Heydər Əliyev Fondunun ölkəmizin təhsil sisteminin əsas hamilərindən biri kimi ölkəmizdə tanınması fikirlərimizin təsdiqi üçün kifayətdir.

Onu da vurğulamağı lazım bilirik ki, bütün qeyd edilənlərin dövlət siyasətində inikası cəmiyyətimiz üçün ümidvericidir.

Təhsil sahəsində aparılan islahatlar, dövlət proqramları, ölkə rəhbərinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi, həmçinin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında”, “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” və digər sərəncamlar bir daha təhsilin dövlət başçısının daim diqqət mərkəzində olduğunun göstəricisidir.

Dövlət rəhbərinin təhsilə həssas münasibəti nəticəsində infrastruktur yenilənir, təhsilin keyfiyyəti yüksəlir, təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır. Bu isə ümumilikdə müəllim peşəsinə marağın artmasına səbəb olur. Bu il ali məktəblərə qəbul imtahanı zamanı çoxlu sayda abituriyent 500 və daha çox bal toplayaraq müəllim peşəsini seçib. Cari ildə ali təhsil üçün Azərbaycan Dövlət Pedaqoji Universitetini, xüsusilə universitetin filologiya fakültəsini seçən gənclərlə apardığımız söhbətlər zamanı o gerçəkliklə də rastlaşdıq ki, onların seçimində müəllimlik peşəsinə dövlət siyasəti əhəmiyyətli rol oynayıb. Bəli, dövlətimizin məktəbə, təhsilə, müəllimə göstərdiyi diqqətin nəticəsidir ki, bu gün pedaqoji təhsil verən ali məktəblərə qəbul olunan gənclərimiz arasında təkcə qadınlar deyil, kişilər də ilk seçdikləri ixtisaslar arasında müəllim peşəsinə böyük maraq göstərirlər. Yeri gəlmişkən, ümumtəhsil məktəblərimizdə cəmiyyətimizin böyük təbəqəsi üçün narahatlıq yaradan bu problemin dövlətin inzibati resurslarla müdaxiləsi olmadan həllini tapması onu göstərir ki, yaxın illərdə bu məsələ tamamilə öz həllini tapacaqdır.

Bütün bunları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2019-cu il 18 iyun tarixli Sərəncamı islahatların davamı kimi qəbul olunur. Ona görə də ölkə başçımızın dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması barədə sərəncamları Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını əyani şəkildə göstərir.

Bənzər yazılar