Bu gün İsmayıllı Peşə Tədris Mərkəzində “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində alman ekspert tərəfindən “Qarğıdalı əkininin müasir istehsalat texnologiyaları, qarğıdalının növləri ilə tanışlıq” mövzusunda təlimə start verilib.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) eksperti Fərrux Nəcəfov AZƏRTAC-a bildirib ki, təlimin məqsədi pilot peşə mərkəzlərinin mühəndis-pedaqoji heyətini kənd təsərrüfatı sahəsində ən yeni təcrübə, texnika və metodlarla tanış etmək əsasında onların bilik və bacarıqlarını gücləndirməkdir.

İki gün davam edəcək təlim nəzəri və praktik hissədən ibarət olacaq. Nəzəri hissədə əhatə olunan məzmun ED VET layihəsi çərçivəsində pilot peşə məktəbləri ilə müəssisələr arasında razılaşmaya əsasən müəssislərin ərazilərində salınmış 3 nümayiş sahəsində (“Gilan Diary Farms” MMC, “Gilan Qəbələ Aqrotexservis” MMC və “Park Agro” MMC) əyani olaraq iştirakçılara çatdırılacaq.

Təlimdə İsmayıllı Peşə Tədris Mərkəzinin, Qəbələ Dövlət Peşə Tədris Mərkəzinin, Qax Peşə Liseyinin mühəndis-pedaqoji heyəti ilə yanaşı, pilot ixtisaslardan seçilmiş 15 qabaqcıl tələbə də iştirak edəcək.

Xatırladaq ki, ED VET layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala bənzər PTT pilotlarının yaradılması ilə peşə təhsili və təliminin cəlbediciliyini, həmçinin əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdır.

Bənzər yazılar