Bakı Dövlət Universitetinin 100 illik yubileyi Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisələrindən biri kimi yüksək səviyyədə qeyd olunur. Bu da təsadüfi deyildir: bu klassik elm və təhsil məbədi ictimai-siyasi fikrin pozitiv  inkişafında, milli kadr hazırlığında flaqman statusunu daim qoruyub saxlamışdır. 100 illik tarixi dövründə Universitet Azərbaycan dövlətçiliyinin sadiq keşikçisi olmuş, milli-mənəvi və ümumbəşəri dəyərlərin inkişafında mühüm rol oynamışdır.

Milli kadr hazırlığı prosesinin flaqmanı

 Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və inkişafında, ölkədə maarifçiliyin, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında Bakı Dövlət Universitetinin misilsiz xidmətləri olmuşdur. Universitet 100 illik mövcudluq tarixində digər ali məktəblərin də meydana gəlməsinə böyük xidmətlər göstərmiş, respublikada elmi potensialın möhkəmlənməsində yaxından iştirak etmişdir.

BDU ölkənin ilk universiteti kimi bu gün özünün tarixi simasını, müsbət ənənələrini, elmi potensialını, cəmiyyətdəki yüksək nüfuzunu qoruyub saxlayır. Sonradan bir çox ali təhsil ocaqları yaradılsa da, BDU cəmiyyətdəki lider mövqeyini hər zaman qoruyub saxlamışdır. 100 yaşlı universitet bu gün özünün müdriklik çağını yaşayır. Həm ölkədaxili islahatlarda öndə gedir, həm də Azərbaycan təhsilinin dünya miqyasına, xüsusən Avratlantika məkanına inteqrasiya prosesində irəlidədir.  

Azərbaycan Prezidenti cənab İlham Əliyev neft gəlirlərinin insan kapitalına çevrilməsinin vacibliyini dəfələrlə qeyd edərək alimlərimiz qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirmişdir. BDU-nun professor-müəllim heyəti məhz bu strategiyanı əsas tutaraq ölkənin elm və təhsil potensialının güclənməsinə, dövlət idarəçiliyi üçün yüksək ixtisaslı, savadlı, vətənpərvər kadrların hazırlanmasına böyük səy göstərir. Bu prosesdə dövlət başçısı İlham Əliyev hər zaman BDU-ya rəhbər diqqət və qayğısını əsirgəmir. İctimaiyyət  dövlət başçısının BDU-nun yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncamını da böyük rəğbət hissi ilə qarşılamışdır. Bu sərəncam xalqın ürəyincə olan tarixi bir sənəddir.

BDU hər birimiz üçün həm də ona görə əzizdir ki, ulu öndər Heydər Əliyev bu universitetin məzunu olub. Ümummilli lider ölkə rəhbərliyinə seçiləndən sonra Azərbaycan dilində ilk çıxışını məhz BDU-nun 50 illik yubileyində edib. BDU ona görə sürətlə inkişaf edib ki, daim Heydər Əliyevin qayğısını, diqqətini görüb.

Ali təhsil ocağı bu gün inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin siyasətini davam etdirərək Universitetə yüksək diqqət və qayğı ilə yanaşır. Məhz buna görə BDU hazırda sürətlə inkişaf edir, milli kadr hazırlığı prosesində öz sözünü deyir. Universitetdə çalışan professor-müəllim heyəti də bu yüksək qayğı və diqqətin müqabilində ümummilli lider Heydər Əliyevin ölməz ideyalarına, onun əsasını qoyduğu siyasi kursa yüksək sədaqət nümayiş etdirir. Universitet kollektivi möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələri böyük səylə, şərəf və ləyaqətlə yerinə yetirir.

Azərbaycan elminin, təhsilinin inkişafında universitetin fəaliyyəti çoxşaxəlidir. Ali təhsil ocağı bu gün ölkənin mədəni və ictimai-siyasi həyatında böyük rol oynayır. BDU böyük bir tərbiyə ocağıdır.  Təlimin bir funksiyası da tərbiyəedicilik işindən ibarətdir. BDU eyni zamanda gənclərimizin istər siyasi, istər mədəni, istərsə də fiziki cəhətdən sağlam, yetkin olması üçün böyük işlər görür. Universitetin tələbələri ölkədə gedən quruculuq işlərində, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, azərbaycançılıq ideologiyasının dərinləşməsində yaxından iştirak edirlər.

Universitet hər zaman Azərbaycanda milli-mütərəqqi fikrin və düşüncənin mərkəzi kimi çıxış etmişdir.  Xarici ölkələrin mütərəqqi təcrübəsinin universitetdə tətbiqi, bu ali təhsil müəssisəsində tədris-tərbiyə prosesinin müasir standartlara uyğun qurulması üçün məqsədyönlü addımlar atılır. BDU təhsilin səviyyəsinə görə respublikada birinci yerdə dayanan ali təhsil ocağıdır. Təhsildə Bolonya sisteminin bütün prinsipləri BDU-da həyata keçirilir və bununla da Avropa təhsil sisteminə inteqrasiya sahəsində inamlı addımlar atılır.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə olduğu kimi, ali təhsil sahəsində də köklü islahatlar aparılmış, cəmiyyətin yeni sifarişlərinin, ehtiyaclarının və tələbatlarının ödənilməsi məqsədi ilə çoxlu sayda yeni ali təhsil müəssisələri və təhsil formaları yaradılmışdır. Bu müəssisələrin bir çoxunun fəaliyyəti müasir standartlara uyğun qabiliyyətlərin formalaşdırılmasına istiqamətlənmişdir ki, bu da ali təhsilin Avropa və dünya təhsil məkanına sürətli inteqrasiyası üçün əlverişli zəmin yaratmışdır. Son illər ali təhsilin Avropa və dünya təhsil məkanına inteqrasiyası məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir. 2005-ci ildən etibarən Azərbaycan Hökuməti ali təhsil sahəsində Bolonya Prosesinə qoşulmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli iclasında yeni Təhsil Qanunu qəbul edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli 102 №-li qərarı ilə «Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası» təsdiq edilmişdir. Respublika Prezidentinin 22 may 2009-cu il 295 nömrəli Sərəncamı ilə «2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı», 4 may 2009-cu il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı», 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyası və 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilmiş və onların icrası ilə əlaqədar müvafiq nazirliklər tərəfindən Tədbirlər Planı hazırlanmışdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixli Sərəncamında qeyd edildiyi kimi, son illər ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu illər ərzində Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır. Sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açmışdır. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd edilir ki, “son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək inkişafa nail olunmuş, əhalinin maddi rifahı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma enmiş və Azərbaycan Respublikası orta gəlirli ölkələr sırasında yer tutmuşdur. Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır. Ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir”. Təhsil sistemi qarşısında duran bu vəzifələrin həyata keçirilməsi üçün təhsilin elmi əsaslar üzərində qurulması, innovasiyaların tətbiqi ilə elm-təhsil-istehsalat əlaqələrinin genişləndirilməsi də həlli vacib məsələlərdən biridir.

Müasir dövrdə vətəndaş cəmiyyəti quruculuğunda sürətlə inkişaf edən elmi-texniki tərəqqi, informasiyanın sürətli artımı və yeniləşməsi təhsil prosesinin təkmilləşməsini və dinamik inkişafını zəruri edir. Dövlətimizə, cəmiyyətimizə və ümumiyyətlə, tariximizə bələd olan, yeni düşüncəyə malik gənclər yetişdirmək, onlara bilik və bacarıq vermək, millətimizin adət-ənənələrinə və maddi-mənəvi dəyərlərinə qiymət verən və onları gələcək nəsillərə ötürə bilən yüksək ixtisaslı kadrlar hazırlamaq Bakı Dövlət Universitetin üzərinə düşən tarixi vəzifədir.

Bu gün BDU-da ali təhsilin hər üç səviyyəsində – bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı Avropa kredit transfer sisteminə uyğun həyata keçirilir. Hazırda universitetin 17 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavriaturada 60 ixtisas, magistraturada 197 ixtisaslaşma, doktorantura səviyyəsində 70 ixtisas üzrə 20 minə yaxın tələbə, magistrant və doktorant təhsil alır. İxtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin dövlət təhsil standartlarına uyğun hazırlanmış tədris planları əsasında həyata keçirilir. 3 dildə – Azərbaycan, rus və ingilis dillərində təhsilin aparıldığı  Universitetdə dünyanın bir çox ölkələrindən 1000-ə yaxın tələbə də təhsil alır. Tədris prosesinə 127 kafedrada 1500-ə yaxın professor-müəllim heyəti cəlb edilmişdir.

Bununla yanaşı, BDU-da Tətbiqi Riyaziyyat və Fizika Problemləri elmi-tədqiqat institutları, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərini, genetika, nanotexnologiya, nanomaterialların alınması problemlərini ehtiva edən çox geniş spektrdə mövzular üzrə elmi araşdırmalar aparan 30 elmi-tədqiqat laboratoriyası və mərkəz fəaliyyət göstərir.

Pedaqoji kadr hazırlığı riyaziyyat, informatika, fizika, kimya, biologiya, coğrafiya, tarix, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı  müəllimliyi ixtisasları üzrə aparılır.

2014-2015-ci tədris ilindən başlayaraq universitetin nəzdində Əlavə Təhsil Mərkəzi yaradılıb. Mərkəzdə əlavə təhsilin bütün istiqamətləri (ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili) üzrə təhsilin fasiləsizliyini təmin etmək, peşə hazırlığının səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məqsədi ilə kadr hazırlığının həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra BDU-da təhsildə yüksək göstəricilər əldə etmiş və ictimai işlərdə fərqlənən tələbələr üçün adlı  təqaüdlər – Heydər Əliyev, Əziz Əliyev, Zərifə Əliyeva, Ziya Bunyadov, Mirzə Kazımbəy, Aida İmanquliyeva, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Səttar Süleymanov, Musa Əliyev, Mirəli Qaşqay, Nizami Gəncəvi, Mir Cəlal Paşayev, Abbas Zamanov, Arif Babayev, Yəhya  Məmmədov, Həsən Əliyev, Zeynəlabdin Tağıyev, Məmməd Xələfov, Məmmədəmin Rəsulzadə, Murtuz  Ələsgərov və d. adına adlı və xüsusi təqaüdlər təsis olunub.

Avropa ali təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi, ali təhsil sənədlərinin və ixtisasların qarşılıqlı tanınması, təhsilin keyfiyyətinin və tələbələrin akademik mobilliyinin Boloniya Bəyannaməsinin tələblərinə uyğun artırılması istiqamətində 2011-2012-ci tədris ilində universitetin mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika, fizika, kimya, hüquq, beynəlxalq münasibətlər və iqtisadiyyat, sosial elmlər və psixologiya fakültələrində ingilisdilli qruplar yaradılıb. İlk olaraq 8 ixtisas üzrə təşkil olunmuş ingilisdilli qruplar hazırda 16 ixtisası əhatə edir. Riyaziyyat, fizika, kimya, biologiya, kompyuter elmləri, ekologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər, tarix, psixologiya, sosiologiya, dünya iqtisadiyyatı, iqtisadiyyat, turizm və otelçilik, kitabxanaçılıq-informasiya və jurnalistika ixtisasları üzrə ingilis dilində kadr hazırlığı həyata keçirilir. Tədris prosesinə yüksək ixtisaslı yerli kadrlarla yanaşı, xarici ölkədən dəvət olunmuş mütəxəssislər də cəlb edilir.

2014-2015-ci tədris ilindən başlayaraq, BDU-da savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət SABAH qrupları fəaliyyət göstərir. Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan SABAH qruplarının əsas məqsədi Azərbaycanın inkişafına töhfə verəcək, savadlı, bacarıqlı və hazırlıqlı gənc mütəxəssislər hazırlamaq, yerli və beynəlxalq əmək bazarında rəqabətə davamlı peşəkarlıq kadr hazırlığı həyata keçirməkdir.  SABAH qruplarının koordinasiyasını təmin etmək məqsədi ilə universitetdə professor Rəna Qasımovanın rəhbərliyi ilə SABAH Mərkəzi fəaliyyət göstərir. Mərkəz tərəfindən Azərbaycan gəncləri üçün yeni imkanların yaradılması, onların fərdi və peşəkar inkişafına dəstək vermək üçün tələbələr üçün mütəmadi olaraq konfranslar, görüşlər, yerli və əcnəbi müəllimlərin mühazirələri təşkil olunur, əmək bazarı ilə daimi bağlılıq yaradılması üçün biznes nümayəndələrinin iştirakı ilə dəyirmi masalar keçirilir.

Son illər Bakı Dövlət Universitetində tələbələrin nəzəri biliklərlə yanaşı, dünyagörüşlərini zənginləşdirmək, auditoriyalarda əldə etdiklərini praktik vərdişlərlə möhkəmləndirmək üçün çöl-tədris təcrübələri imkanları da genişləndirilir. BDU-nun tələbələri hər il tədris planına və tədris qrafikinə uyğun olaraq tədris və istehsalat təcrübələrində iştirak edirlər. Pedaqoji təcrübədə mexanika-riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, filologiya, tarix, tətbiqi riyaziyyat və kibernetika, beynəlxalq münasibətlər və iqtisadiyyat (politologiya ixtisası üzrə), ekologiya və torpaqşünaslıq fakültələrinin I-IV kurs tələbələri iştirak edir. Pedaqoji təcrübənin keçirilməsində ixtisas müəllimləri ilə birlikdə orta məktəb müəllimləri, pedaqogika, psixologiya kafedralarının müəllimləri də iştirak edirlər. Universitetin tələbələri üçün pedaqoji təcrübəni aparmaq məqsədilə şəhərin bir sıra məktəbləri ilə 5 il müddətinə müqavilə bağlanmışdır. Belə məktəblər sırasına BDU-nun “Gənc İstedadlar” liseyi, Zərifə Əliyeva adına lisey, Slavyan Universiteti nəzdində “Gənc İstedadlar” liseyi, Milli Gimnaziya, Humanitar lisey, Z.Tağıyev adına Maliyyə-iqtisad kolleci, Bakı Türk liseyi, orta və internat tipli məktəb daxildir.

          BDU Azərbaycan elminin inkişafına layiqli töhfə verir

Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin elmin inkişafı ilə bağlı imzaladığı 4 sərəncam universitetin elmi potensialının daha da möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir. Dövlət başçısının 10 aprel 2008-ci il tarixli “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında”, 4 may 2009-cu ildə imzaladığı “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, habelə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, 9 sentyabr 2008-ci il tarixli “Ali təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” sərəncamları bu baxımdan xüsusi qeyd oluna bilər.

Bu gün BDU-nun elmi strukturu olduqca geniş və əhatəlidir. Elmi işlər  125 kafedrada, 2 elmi-tədqiqat institutunda, 4 elmi-tədqiqat mərkəzində, 20 elmi-tədqiqat laboratoriyasında aparılır. Bu strukturlarda 1312 professor-müəllim heyəti və 275 elmi işçi çalışır. Onlardan 8-i AMEA-nın həqiqi üzvü, 253-ü elmlər doktoru, 841-i elmlər namizədidir. Eyni zamanda elmi hissədə 366 əməkdaşdan 275-i elmi işçi, 5-i AMEA-nın müxbir üzvü, 57-si elmlər doktoru, 135-i elmlər namizədidir. Universitetdə dəqiq, təbiət və humanitar elm sahələrini əhatə edən 82 istiqamətdə 230 mövzu üzrə elmi iş aparılır. BDU-da nəinki Azərbaycan, bütövlükdə dünya elminə sanballı töhfələr verən nüfuzlu alimlər, elm adamları çalışırlar. Onlar öz əsərləri, yenilikləri və ixtiraları ilə elmə şan-şöhrət gətirirlər.

Azərbaycanın inkişafının yeni mərhələsində elm xadimlərinin qarşısında bir sıra mühüm vəzifələr dayanır. İqtisadi inkişafın elmi sütunlar üzərində aparılması, ölkənin gələcək sosial-iqtisadi tərəqqisi ilə bağlı elmi proqnozların irəli sürülməsi, elmi-istehsalat təcrübələrinin dövrün tələbləri səviyyəsində həyata keçirilməsi dünya elminə inteqrasiyanın təmin edilməsi baxımından son dərəcə vacibdir. Ölkədə reallaşdırılan fundamental islahatların elmi bazası möhkəmləndirilməli, iqtisadiyyatla elmin vəhdəti innovasion yeniliklərin əsasına çevrilməlidir.

Dövlət qurumları, sənaye və kənd təsərrüfatı müəssisələri, özəl şirkətlərlə elmi-tədqiqat institutları arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, xüsusən də informasiya və kommunikasiya texnologiyaları, ekologiya və iqtisadi inkişaf sahələrində elmi potensiala geniş istinad olunması respublikanın ümumi inkişaf strategiyasının mahiyyətindən irəli gələn tələbdir.

Yeni dövrdə elmin inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin ardıcıl və sistemli şəkildə aradan qaldırılması məqsədi daşıyan bir sıra əhəmiyyətli sərəncamların imzalanması da göstərir ki, dövlət başçısı İlham Əliyev elmi intibahı müstəqil Azərbaycanın davamlı və sabit inkişafının əsas meyarı, mühüm şərti hesab edir. Elmə dövlət qayğısının ildən-ilə artdığı hazırkı şəraitdə elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi qarşıda duran əsas məsələlərdən biridir. Bakı Dövlət Universiteti də fəaliyyətini Bolonya təhsil sisteminin tələblərinə uyğun quraraq elmi kadrların yetişdirilməsi prosesinə öz töhfəsini verir. Bu gün BDU Azərbaycan elminin hərtərəfli inkişafında mühüm rol oynayan, elmi tərəqqiyə böyük töhfələr verən, elmi məktəbi olan aparıcı ali təhsil müəssisəsidir. Bütün bunlar BDU-nun böyük elmi potensiala malik olduğunu, Azərbaycan elminə böyük töhfələr verdiyini bir daha təsdiqləyir. BDU-nun özünü elmi işlə məşğul olan böyük bir akademiya da adlandırmaq olar.

Dünya təhsil sisteminə inteqrasiya sürətlənir

Bakı Dövlət Universiteti qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyərək dünya təhsil sisteminə inteqrasiya edir. Qabaqcıl tədris və təcrübə üsullarından lazımi şəkildə istifadə edərək kadr potensialını gücləndirir, təhsildə dövrün tələblərinə uyğun olaraq nəticə yönümlü islahatlar həyata keçirir.

Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrini bir neçə mühüm istiqamətlər üzrə inkişaf etdirir: dünyanın ən qabaqcıl universitetləri ilə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq etmək; aparıcı dövlət, özəl və beynəlxalq qurumlarla əlaqələr qurmaq; Azərbaycan dili və ədəbiyyatını təbliğ etmək və yaymaq; təhsilin inkişafı üçün dünya standartlarına uyğun tədris və təcrübə metodlarının universitetdə tətbiqinə şərait yaratmaq; elmi-tədqiqat işlərinin keyfiyyətinin təkmilləşdirilməsi, habelə elmi potensialın artırılması məqsədilə gənc müəllim və kadrları dünyanın müxtəlif universitetlərinə ezam etmək; tələbələrin elmi və nəzəri təcrübə qazanması üçün digər universitetlərlə tələbə-təcrübə mübadiləsini həyata keçirmək; tələbələrin dünyagörüşlərini genişləndirmək, yeni təhsil sistemləri və şəraitləri ilə tanış etmək məqsədilə xarici ölkələrin tanınmış universitetlərində yay məktəblərində iştiraklarını təmin etmək; dünyanın aparıcı universitetlərinin professorlarının mühazirələrini fakültələrdə təşkil etmək və s. xüsusi qeyd olunmalıdır. BDU tələbə-təcrübə mübadiləsini həyata keçirmək məqsədilə müəllim və tələbə heyətinin beynəlxalq elmi konfranslarda, seminarlarda iştirakını təşkil edir, yeni tədris və metodiki vəsaitlərlə təmin olunmasını həyata keçirir, eyni zamanda birgə beynəlxalq tədqiqat proqram və layihələrini gerçəkləşdirir.

Müasir qloballaşma dövründə hər bir ali təhsil müəssisəsinin gücü və qüdrəti onun beynəlxalq arenada mövcud nüfuzu və əlaqələri ilə ölçülür. Bu nöqteyi-nəzərdən BDU-nun hazırkı beynəlxalq əlaqələri onun nəinki MDB, bütövlükdə Avropa məkanında nüfuzlu ali təhsil ocağı kimi tanınmasını, məşhurlaşmasını, beynəlxalq təhsil sisteminə uğurlu inteqrasiyasını təmin etmişdir. Hazırda Bakı Dövlət Universiteti postsosialist məkanının 100-dən çox universitetini bir araya gətirən Avrasiya Universitetləri, Xəzəryanı Ölkə Universitetləri, Qara Dəniz Universitetləri (QDU) assosiasiyalarının üzvüdür. BDU eyni zamanda M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Ortadoğu Teknik Universiteti, Nitsa Sofiya – Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Milli Universiteti, Vyana Universiteti və digər universitetlərlə ikitərəfli müqavilələr əsasında elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində səmərəli əməkdaşlıq edir.

Koreyanın Pay-Çay Universiteti ilə imzalanmış müqavilədə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində Koreya dilinin tədrisinin inkişafı, NANO texnologiyalar üzrə əməkdaşlığın qurulması və gələcəkdə tələbə mübadilələrinin təşkil olunması kimi məsələlər əksini tapmışdır. Koreyanın KADO şirkətinin maliyyə dəstəyi ilə rəqəmsal imkanların istifadə olunması məqsədilə BDU-da Azərbaycan-Koreya İnformasiya Mərkəzi yaradılmışdır. Bununla da xüsusən tətbiqi riyaziyyat və mexanika riyaziyyat fakültələrinin tələbələri üçün yeni texnologiyalardan geniş istifadə imkanları meydana çıxmışdır.

Universitet Yaponiyanın, Türkiyənin, Misirin bir sıra universitetləri ilə əməkdaşlıq əlaqələri qurmuş, habelə Açıq Cəmiyyət İnstitutunun Ali Təhsilə Dəstək Proqramı, Akademik Təqaüdçülər Proqramı, Avropa Təhsil və Mədəniyyət üzrə Baş direktorluğu ilə, habelə Avropa İttifaqının Tempus proqramı çərçivəsində bir sıra layihələrin həyata keçirilməsinə başlamışdır.

Bakı Dövlət Universiteti dünya universitetlərinin reytinqini tərtib edən bir neçə beynəlxalq reytinq agentliklərinin siyahısında yer tutur. İlk olaraq 2010-cu ildə “QS World University Rankings” reytinqinə daxil olan universitet həm bu qurum, həm də növbəti illərdə əməkdaşlıq etdiyi digər bir neçə agentliyin siyahısında müxtəlif yerlərdə qərarlaşıb.

“QS World University Rankings 2020”nin açıqlamasına görə, BDU dünyanın 20 min top universitetini araşdıran bu şirkətin siyahıya daxil etdiyi 1000 nüfuzlu universitet arasından seçilərək 801+ yerdə qərarlaşıb və ötən ildə olduğu kimi Azərbaycandan siyahıya düşən yeganə universitet olub.

“QS World University Rankings” agentliyinin Şərqi Avropa və Mərkəzi Asiyanın İnkişaf etməkdə olan ölkələrinin reytinq siyahısında isə BDU 2014-ci ildən təmsil olunur və 2019-cu ilin nəticələrinə əsasən bu siyahıda 142-ci yerdə qərarlaşaraq Azərbaycan ali təhsil müəssisələrinə başçılıq edir.

Bakı Dövlət Universiteti, eyni zamanda, 2010-cu ildən “University Ranking by Academic Performance: URAP”-ın siyahısında yer alır. Şirkətin 2018-2019-cu il nəticələrinə əsasən, BDU 2500 universitet arasında 2452-ci yerdədir.

2010-cu ildən başlayaraq dünyanın 30 minədək ali təhsil müəssisəsini əhatə edən “Webometrics”in siyahısında da yer alan BDU 2019-cu ilin nəticələrinə əsasən, 3634-cü yeri tutur.

Universitetin təmsil olunduğu daha bir reytinq agentliyi “Round University Ranking”dir. BDU 2013-cü ildən etibarən bu reytinqə dünyanın ən yaxşı 750 universiteti ilə birlikdə daxil edilib və 2018-ci ilin nəticələrinə əsasən, bu qurumun siyahısında 686-cı yerdə qərarlaşıb.Bundan əlavə, BDU 2014-cü ildə etibarən “U-Multirank” tərəfindən 96 ölkə üzrə 1700 universitet arasında sünyanın ən yaxşı 800 universiteti siyahısında daxil edilib. Daha bir reytinq agentliyi – “Scimago İnstitutions Ranking” 2019-cu il nəticələrini açıqlayıb və Bakı Dövlət Universiteti bu reytinqdə də yer alaraq 817-ci yerdə qərarlaşıb.

Bu gün BDU regionda liderliyi saxlamaq, fundamental təhsilin mövcud modelinin təkmilləşdirilməsinə nail olmaq və onu qoruyub saxlamaq,  innovativ ali təhsil müəssisəsi modelini yaratmaq, dünyanın 100-top universitetləri sırasında yer almaq kimi prioritet istiqamətlər üzrə fəaliyyətini daha da genişləndirir.

Həyata keçirilən fəaliyyət Universitetdə tədrisin maddi-texniki və tədris-metodiki təminatının müasirləşdirilməsinin,  təhsilin Bolonya Bəyannaməsinin və Avropa Kredit Transfer Sisteminin tələblərinə tam şəkildə uyğunlaşdırılmasının,    universitetin vahid Avropa Elm və Təhsil Məkanına inteqrasiyasının sürətlənməsinin, Universitetin beynəlxalq səviyyədə reytinqinin və nüfuzunun yüksəlməsinin, beynəlxalq informasiya-kommunikasiya şəbəkəsinə tam şəkildə qoşulmasının təmin olunmasına yönəlmişdir. 

Əlimusa İbrahimov

Siyasi Elmlər üzrə Fəlsəfə doktoru

Bənzər yazılar