Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyası çərçivəsində ölkəmizdə təşkil olunmuş tələbə yay məktəbinin iştirakçıları ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən Firudin Qurbanov iki ölkə arasında yüksəksəviyyəli siyasi və tarixi əlaqələrə toxunub. Nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar və onun müsbət nəticələrindən danışıb. Həmçinin Azərbaycan ilə Rusiya arasında təhsil sahəsinin bir çox istiqamətləri üzrə geniş əməkdaşlığın mövcudluğunu vurğulayıb və birgə reallaşdırılan layihələr haqqında məlumat verib.

Tədbir çərçivəsində Azərbaycanda ali təhsil sistemi və beynəlxalq əməkdaşlıq sahəsində vəziyyətlə bağlı məruzələr dinlənilib.

Qeyd edək ki, tələbə yay məktəbi Sumqayıt Dövlət Universiteti tərəfindən təşkil olunub. Yay məktəbində Rusiya Federasiyası və yerli ali təhsil müəssisələrinin ümumilikdə 70-ə yaxın tələbəsi iştirak edir.

Bənzər yazılar