Sovet hökuməti dağılandan sonra Azərbaycanda şair və yazıçıların sayı günbəgün artmağa başladı. Kitab çapı əl çatan olduğundan işıq üzü görən kitablar da çoxaldı. Əli qələm tutan, həvəsi olan hər kəs yazıb yaratmağa can atdı. Nəticədə yazarlardan ibarət böyük bir ordu yarandı. Və bu çoxluğun arasında az sayda insanlar istedadı, peşəkarlığı ilə fərqlənə bildi. Onlardan biri də Qan Turalı imzası ilə tanınan Tural Cəfərovdur…

Deyir ki,- “Mən daim öz üzərimdə işləyirəm. Məni mövsümi olaraq bir çox problemlər narahat edir. Onlar haqqında oxuyuram, araşdırıram. Bu araşdırmalar, eləcə də onların nəticələrinin beynimdə saf-çürük edilməsi mənim üçün yaradıcılıqdır, ən azı idraki fəaliyyətdir. Bu mənada yazıçılıq yeddi günün iyirmi dörd saatını çalışmaq deməkdir. Sakit bir otaqda kitablara dalmaqdan qiymətli heç nə yoxdur. Və əlbəttə ki, insanların gözlərinin içinə baxaraq onların hekayələrini dinləmək, küçədə dayanıb insanlara tamaşa etmək… Mən belə şeylərdən ilham alıram”…

Tural Cəfərov 1984-cü ildə indiki Şirvan şəhərində dünyaya gəlib. 2001-ci ildə Bakı Özəl İqtisadiyyat litseyini bitirib. 2005-ci ildə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsinin fəlsəfə ixtisasından bakalavr, 2007-ci ildə həmin universitetin sosial fəlsəfə ixtisasından magistr dərəcələrinə yiyələnib. Necə deyərlər, peşəkar filosofdur. 2005-ci ildən bədii yaradıcılıqla məşğul olur. “Elektronik sevdalar” adlı ilk şeirlər kitabını 2006-cı ildə ərsəyə gətirsə də sonradan bir neçə nəsr kitabı da işıq üzü görüb. Azərbaycan Dillər Universitetinin Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimidir…

Parlaq düşüncəli insandır. Müxtəlif televiziya verilişlərindəki maraqlı çıxışları ilə yadda qalmağı bacarır. Çağdaş Azərbaycan ədəbiyyatında istedadlı yazıçılardan biri kimi tanınır. Yaratdığı əsərlərin süjet xətti, qaldırdığı problemlərin aktuallığı, qəhrəmanlarının dili ilə oxucuya çatdırmaq istədiyi psixoloji incəliklər, onun iti zəkasından, dərin təfəkküründən xəbər verir…

Deyir ki,- “”Yazıçı” sözü yazmaq feilindən törəyib, “oxumaq” feilindən yox. Anarın ilk gənclik hekayələrindən birində bir məqam vardı: “Mən divara da danışa bilərdim”. Çexovun faytonçusu atla danışdığı kimi. Ədəbiyyat ən ali duyğuların realizasiyasıdır. Oxucu bu prosesdə iştirak etmir. Yalnız şöhrət qazanmaq üçün yazanlar kitab satılmamağını bəhanə edə bilərlər”…

…Kitabları ən çox satılan müəlliflərdəndir. “Mustafa” romanı 2011-ci ildə “Əli və Nino” kitab mağazalarında ayın ən çox satılan kitabı olub…

Uşaqlarla ünsiyyətdə olmağı xoşlayır. Siyasət və incəsənətlə çox maraqlanır. Romantik musiqiyə həssasdır. Səmimi, mehriban adamdır. Laqeyidliyə, diqqətsizliyə qarşı barışmaz mövqeyi var. Heç vaxt kütlənin önündə getməyə səy göstərməz, arxada gedər ki, kütləni aydın müşahidə edə bilsin. Filosofluğu gözəl əsərlərin yaranmasına başlıca səbəbdir. Həyatı və onun incəliklərini dərindən dərk edir. Bir sözlə, Tural Cəfərov sıradan adi adam deyil, varlığı ilə cəmiyyətimizə rəng qatan insanlardan biridir…

Bu gün, iyulun 17-si Tural bəyin 35 yaşı tamam olur. Gəncliyinin son gününü yaşayan bu insanı, bir gənc kimi sonuncu dəfə təbrik edir, ona cavanlıq dövründə yeni-yeni yaradıcılıq uğurları arzulayıram…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Bənzər yazılar