İsrail İsgəndərov: “100 yaşlı kollecimiz müasirləşmənin, təkmilləşmənin önündə ola bilirsə, bu böyük uğurdur”.

Mektebgushesi.az internet portalının təhsilimizin müasirləşməsinə dəstək kompaniyası sırasından növbəti virtual sorğusunun qaliblərinin mükafatlandırması ilə bağlı təqdimat mərasimi keçirilib. Bu məqsədlə Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə birinci yerin mükafatının təqdimat mərasimi bir çox yaddaqalan məqamlarla müşayiət olundu.

Ölkəmizdə təhsilin inkişaf yolu haqqında təfsilatlı məlumatlarla zəngin təqdimat mərasimini Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dosent İsrail İsgəndərov açdı. O, tədbir iştirakçılarını salamladıqdan sonra sorğuda bütün kollektivin, o cümlədən artıq 100 yaşını haqlamaqda olan kollecin çoxsaylı məzun və təəssübkeşlərinin bu qədər coşqu və səmimiyyətlə iştirakından məmuniyyət duyduğunu bildirdi. O, qeyd etdi ki, “43 kollec arasında “ hansı kollecdə yay imtahan sessiyası şəffaf keçirilir” sorğusunun qalibi olmağımız bizim həyata keçirdiyimiz islahatlara verilən dəyərdir.
Mektebgushesi.az saytı bu sorğu vasitəsi ilə rəqabət mədəniyyətini formalaşdırdı. Həmçinin kollecimizdə gedən proseslərin ölkənin təhsil siyasətinin, Təhsil Nazirliyinin, ADPU-nun rektoru Cəfər Cəfərovun apardığı təhsil islahatlarına uyğun qurulmasının nəticəsi olduğu bir daha təsdiqini tapdı. 100 yaşlı kollecimiz bu gün də öz əhəmiyyətini bu şəkildə qoruya və müasirləşmənin, təkmilləşmənin önündə ola bilirsə, bu təbii ki, bizim üçün böyük uğurdur. Üstəlik, Mektebgushesi.az internet portalının keçirdiyi virtual sorğularda ikinci dəfə önə çıxmağımızı kollektivin səmimiyyəti və keyfiyyətli təhsil konsepsiyası üzərində ciddi-cəhdlə çalışmasının məntiqi nəticəsi hesab edirəm”.

Kollecin direktoru bir daha kollektivə minnətdarlıq ünvanladıqdan sonra təqdimat mərasiminin moderatorluğunu Mektebgushesi.az saytının əməkdaşlarına həvalə etdi. Portalın baş redaktor müavini Nəzirməmməd Zöhrablı belə sorğularınkeçirilməsi, bu ideyanın ortaya atılmasının saytın öz işini müasir əsaslarla qurması və bu yolla ölkəmizdə aparılan Təhsil Strategiyasına kollektivin xüsusi töhfələr vermək istəyindən qaynaqlandığını söylədi.

Sorğunun təşkili, gedişiatı və nəticələr barədə təfsilatlı məlumatlarla tədbir iştirakçılarını Mektebgushesi.az saytının təsisçisi və baş redaktoru Məzaahir Məmmədli tanış etdi. Bildirdi ki, bir İP-dən yalnız bir dəfə səs verməyin mümkün olduğu sorğu çox gərgin bir şəraitdə davam edib və sonuclanıb. Nəticələrin xüsusilə sonuncu günlərdə sürətlə dəyişməsi əlahiddə olaraq məhz indiki – ali və orta ixtisas təhsil müəssisələrinin abituriyentlər tərəfindən seçim anında sorğuya böyük marağın olduğunun real göstəricisi idi: Ümumilikdə sorğuda 19.608 nəfər iştirak edib və ilk üclüyü qazananlar 6629 səslə Pedaqoji kollec birinci, 5.766 səslə Şirvan Dövlət Humanitar Kolleci ikinci, 3.772 səslə 1 saylı Baki Tibb Kolleci” üçüncü yerlərə sahibləndilər”. M.Məmmədli passivlik göstərən kolleclərin hələ də olduğunu, sanki ölkədə aparılan islahatların onlara aidiyyatı olmadığından söz açaraq, bir daha qalib kollektivi təbrik etməklə sözünü yekunlaşdırdı.

Təhsil eksperti, fizika elmləri doktoru, professor Şahlar Əsgərov tədbir iştirakçılarının ağsaqqalı qismində müvafiq plaketi kollecin direktoru İsrail İsgəndərova təqdim etdikdən sonra bu böyük uğura imza atdıqlarına görə bütün kollektivi təbrik etdi. Professor geniş nitq söyləyərək təhsilin insan həyatında önəmini canlandıran bir sıra misallar gətirdi. Böyük fikir adamlarından iqtibas edilmiş həmin aforizmlərdən birini sizlərə də çatdırmaq istəyirik: “Əgər bir illik plan qurursansa taxıl ək, on illik plan qurursansa bağ sal, yüz illik plan qurursansa təhsil yarat”.

Tədbirdə iştirak edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət xanım rayon ərazisində fəaliyyət göstərən kollecin uğuruna sevindiklərini, bu gün onlarla bir arada olduğunu dilə gətirdi və kollektivə gələcəkdə də bu göstəriciləri qoruyub saxlamağı tövsiyə etdi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov pedaqoji universitetin nəzdində fəaliyyət göstərən kollecin sorğuda qalib olmasının onlar üçün ikiqat sevinc hissi olduğunu qeyd etdi. Eldar müəllim bu sorğunun daxil olduğu konteksdə təhsil və medianın iş birliyinin təhsilimizin inkişafında müstəsna əhəmiyyət kəsb edəcəyini söylədi və təhsilin inkişafını “ziyanın qaranlıqları aydınlaşdıracağı” fikri ilə izah etdi.

Təhsil eksperti, həmçinin bu virtual sorğuların ideya müəlliflərindən olan Nadir İsrafilov da təbriklərə qoşularaq kollektivə gələcək işlərində uğurlar dilədi.

Tədbirdə iştirak edən Konstitusiya Araşdırmaları Fondunun prezidenti, kollecin imtahanlarında İctimai Nəzarət Şurasının üzvü Əliməmməd Nuriyev öz çıxışında təhsilin xalqın, dövlətin həyatında, inkişafında əhəmiyyətindən söz açdı, bu qələbə münasibəti ilə kollektivi təbrik edərək qazanılan yüksək nəticənin həm də kollecin yaranmasının 100 illiyinə ilkin hədiyyə olduğunu qeyd etdi.

Sonda söz kollecin tədris işləri üzrə direktor müavini Məhbubə Məmmədovaya verildi. Məhbubə xanım sorğuda fəal iştirak etmiş kollektiv üzvlərinə və təqdimat mərasiminə təşrif buyurmuş qonaqlara öz təşəkkürlərini bildirərək çalışdığı müəssisədəki yeniliklərdən söz açdı. Bildirdi ki, onlar ölkə rəhbərliyinin elan etdiyi Təhsil Strategiyasına uyğun öz işlərini qurublar və bu işləri sonadək aparmaqda israrlıdırlar.

Mektebgushesi.az

Bənzər yazılar