“Azərbaycan məktəbi” jurnalı artıq 1 ilə yaxındır ki, oxucularının görüşünə yeni dizayn və formatda, istər ölkə, istərsə xaricdən ünvanlanan, müasir tələblər səviyyəsində yazılmış elmi-tədqiqat məqalələri, araşdırma materialları ilə gəlir. Jurnalda məqalələrin çapına verilən tələblərin beynəlxalq qaydalara uyğunlaşdırılması, bir sıra beynəlxalq indekslərə üzvlüyün həyata keçirilməsi, Redaksiya heyətinin və redaksiya şurasının Azərbaycanın və dünyanın görkəmli alimləri, təhsil mütəxəssislərindən formalaşdırılması, məqalələrin müvafiq istiqamətlər üzrə ekspert rəyindən keçirilib obyektiv qiymətləndirilməsi jurnalda məzmun keyfiyyətinin yaxşılaşdırılması ilə bərabər, yayım dairəsinin həm elektron, həm də çap versiyasında genişlənməsinə yol açıb. Bir sözlə, jurnalın oxucu dairəsi ötən bir il ərzində xeyli çoxalıb. Jurnalla əməkdaşlıq etmək arzusunda olan xarici müəlliflərin sayı artıb. Bu, əlbəttə ki, jurnalın beynəlxalq aləmdə nüfuz qazanması, təhsilin aktual problemlərinə yer verilməsi ilə əlaqədardır. Qeyd edim ki, jurnalın 2019-cu il birinci nömrəsi də mövzuların aktullağı, dövrün elmi-pedaqoji məsələlərini əks etdirmək baxımından diqqət çəkir. Məqalələrin hər birində yeni fikir, tədqiq olunan mövzuya orijinal yanaşma, fundamental nəticələr görünür. Jurnalın baş redaktoru Rahil Nəcəf “Redaktor sözü”ndə məqsəd və məramı açaraq müəllifləri sıx əməkdaşlığa, təhsilin, pedaqoji elmin aktual problemlərini gündəmə gətirməyə dəvət edir. Vurğulayır ki, “Azərbaycan məktəbi” jurnalı Azərbaycan müəllimi, alimi üçün dünyaya açılan qapıdır və tədqiqatçılarımız bu imkanlardan istifadə etməklə, elmimizin, təhsilimizin tarixini və müasir inkişaf səviyyəsini dünya ictimaiyyətinin diqqətinə təqdim etməyi bacarmalıdırlar.

“Azərbaycan məktəbi”nin birinci sayı Xəzər Universitetinin dosenti Elza Səmədlinin “Azərbaycanlı şagirdlərin PİRLS-2016 nəticələrinin təhlili” adlı məqaləsi ilə açılır. “Qiymətləndirmə” bölməsində yer alan bu araşdırmada müəllif Azərbaycanın 2006 və 2009-cu illərdə PİSA, 2011-ci ildə TİMSS və PİRLS, 2016-cı ildə yenidən PİRLS beynəlxalq qiymətləndirmə imtahanlarında iştirak etməsi və Təhsil Nazirliyi tərəfindən müəllimlərin bu istiqamətdə ixtisasartırma kurslarına cəlb olunması təqdirəlayiq hal kimi səciyyələndirir. Müəllif məqalənin məqsədlərini xarakterizə edərkən diqqəti azərbayacanlı şagirdlərin 2016-cı ildə iştirak etdiyi PİRLS imtahanının nəticələrinə yönəldir. Dörd səviyyə üzrə (aşağı, orta, yuxarı və yüksək) qiymətləndirmə meyarları ilə ibtidai təhsil səviyyəsində «Azərbaycan dili» fənninin məzmun standartlarının müqayisəli təhlilini apararır. Azərbaycanlı şagirdlərin nümayiş etdirdiyi nəticələri

analiz edərək, diqqəti oxu savadlılığı baxımından formalaşmış və inkişaf etdirilməyə ehtiyac duyulan bacarıqlarına yönəldir.

ABŞ-ın Corc Vaşinqton Universitetinin əməkdaşı Sevinc Məmmədova (həm də Redaksiya heyətinin beynəlxalq üzvüdür. Red.) da müasir dünya üçün aktual olan “Keyfiyyətli müəllim, yoxsa keyfiyyətli tədris” mövzusunda araşdırma materialı təqdim edib. Jurnalın “Pedaqogika” bölməsində ingilis dilində yer alan bu araşdırmada müəllif vurğulayır ki, müəllim keyfiyyəti və tədrisin keyfiyyəti bir-birilə sıx bağlıdır, bunlardan hər hansı biri olmadıqda şagirdlər ciddi uğur qazana bilməz. Məqalədə müəllimin keyfiyyəti ilə onun tədris keyfiyyəti arasındakı əlaqə haqqında məlumat verilir və əsas problemlər müzakirə edilərək, yüksək nəticələrə dair təkliflər səsləndirilir.

Müasir dünyanın ən aktual problemlərindən biri də qloballaşma və onun gənc nəslə təsiridir. Bu gün təhsil, təlim və tərbiyə məsələləri elə qurulmalıdır ki, bu proseslər gənclərə əks təsir göstərməsin, mənəvi tərbiyədə aşınmalar yaranmasın. Təhsil nazirliyinin aparıcı məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru Afət Süleymanova “Qloballaşma prosesinin təhsilə təsiri və müəllim fəaliyyətində preventiv tədbirlər” adlı məqaləsində məhz dünyada yaşanan proseslərin gənc nəsilə təsiri məsələlərini tədqiqata cəlb edir, bu proseslərin təhsillə əlaqələri və dünyadakı təhsil sistemlərinə təsirlərini öyrənir, qabaqcıl təhsil təcrübəsi olan ölkələrin bu problem ətrafında həyata keçirdikləri işləri tədqiq edir. Müəllif eyni zamanda Beynəlxalq təşkilatların müxtəlif dövrlərdə dünyadakı təhsilin vəziyyəti ilə bağlı məruzələrini, həmin həssas məqamlar barədə dünya alimlərinin tədqiqatlarını da məqalədə tədqiqata cəlb edib.

“İnnovasiyalar” bölməsində yer alan “Pedaqoji innovasiyaların növləri və onların tətbiqi xüsusiyyətləri” mövzusunda araşdırma Xəzər Universitetinin dissertantı Sevda Axundova tərəfindən həyata keçirilib. Məqalə pedaqoji innovasiyaların növləri və onların tətbiqi zamanı qarşıya çıxan bəzi problemlərin elmi-pedaqoji və nəzəri araşdırmalarına həsr edilib.

Türkiyə Cümhuriyyəti Mərmərə Nuversitetinin əməkdaşları Sekan Yaşar Güney və prof.dr Midrabi Cihangir Doğan jurnalın “Metodika” bölməsində “Storyline metodunun elmi nailiyyətə və təhsilin davamlılığına təsiri” mövzusunda araşdırma ilə çıxış ediblər. Müəlliflərin ərsəyə gətirdikləri bu tədqiqat konstruktiv təlim mühitində şagirdlər üçün münasib bir sinif mühitinin necə formalaşdırıla biləcəyini göstərir. Araşdırma hələ dünyada yayılmaqda olan Storyline yanaşma formalarının təsirinin ortaya çıxarılıb aşkarlanması baxımından da əhəmiyyətlidir. Tədqiqatın nəticələri bizə Türkiyə Milli TəhsilNazirliyinin proqram inkişaf fəaliyyətinə də nəzər salmağa imkan verir. Məqalə dünyada və Türkiyədə hələ məhdud sayda

akademik elmi tədqiqatın aparıldığı Storyline metodu sahəsində tədqiqatçılar və bunu tətbiq edən müəllimlər üçün nəzərdə tutulur.

Jurnalda yer alan aktual mövzular sırasında Moskva «Bələdiyyə təhsili: innovasiyalar və təcrübə» jurnalının baş redaktoru Yelena Sidenkonun “Pedaqoqun fəaliyyət motivasiyası və təlim metodlarının qarşılıqlı əlaqələri haqqında” adlı məqaləsidir. Araşdırmanın aktuallığı ondadır ki, o yalnız orta məktəbdə çalışan müəllimlərdə deyil, eyni zamanda pedaqoji kadrların əlavə təhsili müəssisələrinin rəhbərliyində də maraq doğura bilər. Yelena Sidenko məqalədə pedaqoqun fəaliyyət motivasiyasının yüksəldilməsinə təsir edən amilləri və təlim metodlarının qarşılıqlı əlaqələrini qabaqcıl təcrübəyə, müasir dünyanın tələblərinə rəğmən araşdırıb, tarixilik və müasirlik baxımından maraq doğuran tədqiqat işi ərsəyə gətirib. Bu araşdırma jurnalın “Metodika” bölməsində rus dilində oxuculara təqdim edilir.

Moskva Vilayəti Sosial İdarəetmə Akademiyası, tərbiyə sistemləri kafedrasının əməkdaşları, pedaqoji elmlər namizədi, dosent Yelena Zubova və pedaqoji elmlər doktoru, dosent Mixael Neçayev “Tərbiyəedici mühitin nəzəri əsasları, yaradılması və inkişafı məsələlərinə həsr olunmuş elmi-pedaqoji tədqiqatlar” mövzusunda araşdırma ilə “Metodika” bölməsində çıxış ediblər. Məqalədə funksional təyinata uyğun olaraq, nəzəri cəhətdən əsaslandırılmış tərbiyəedici mühitin yaradılması, inkişafı və strukturuna aid elmi-pedaqoji tədqiqatlar təhlil edilib. Bundan başqa, şagirdlərin təhsilində ətraf mühitin rolu və əhəmiyyəti də müzakirə olunaraq, müasir məktəb şəraitində məhz bu məsələnin araşdırılmasının zəruriliyi vurğulanıb. Məqalənin məqsədi göstərilən istiqamətdə elmi-pedaqoji tədqiqatların təhlili əsasında məktəbin təhsil mühitinin tərbiyəedici potensialının inkişaf etdirilməsi problemini həll etməkdir. Məqalədə təhsil mühitinin pedaqoji potensialının tədqiqi zamanı əldə olunan nəticələr və onların tərbiyə mühiti ilə ümumtəhsil müəssisələrinin tərbiyəedici prosesinin keyfiyyət dəyişikliklərinə təsiri göstərilib.

Onu da qeyd edim ki, “Azərbaycan məktəbi” artıq dünyada “Azerbaijan Journal of Educational Studies” adı altında özünə kifayət qədər elmi reytinq qazana bilib. Məhz elə bunun nəticəsidir ki, redaksiyaya xaricdən də çoxsaylı məqalə axını var. Pekin Normal Universitetinin (BNU) pedaqogika fakültəsinin və Beynəlxalq Müqayisəli Təhsil İnstitutunun əməkdaşı Dr. Ahmed Alduais, Pekin Normal Universiteti (BNU) pedaqogika fakültəsi, Müəllim Təhsili İnstitutunun əməkdaşı prof. Guoyuan Sang və həmin universitetin digər əməkdaşı, prof. Meng Dengin birlikdə hazırladıqları “Çin Xalq Respublikasında 2010-2014-cü illərdə xüsusi təhsilin inkişafının araşdırılması” adlı məqalə jurnalın “Beynəlxalq təcrübə” bölməsində dərc olunub. Məqalə Çin Xalq Respublikasında 2010-2014-cü illər xüsusi təhsilin inkişaf dinamikasına həsr olunsa da, əslində bu ölkədə xüsusi təhsil haqqında geniş təsəvvür yaradır, xüsusi təhsilin müasir

dövrdə əhəmiyyətini, bu sahədə beynəlxalq təcrübəni, bu təcrübədən bəhrələnmək imkanlarını meydana qoyur. Məqalənin üstün cəhətlərindən biri də xüsusi təhsilin inkişaf dinamikasının, bu sahədə baş verən proseslərin cədvəllər, qrafik şəklində verilməsidir. Rəqəmlərin, faktların bu formada təqdim olunması problemin aydın şəkildə görünməsinə, eyni zamanda bu sahə üzrə tədqiqatçıların materialdan bəhrələnməsini optimallaşdırır.

Tarix üzrə fəlsəfə doktoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Şamil Nəcəfovun “Praktika” bölməsində yayımlanan “Açıq tarix dərslərində arxeoparklara gəzintinin təşkili və arxeoloji materiallardan istifadənin tədrisin keyfiyyətinə təsiri” adlı məqaləsində son illərdə arxeoloji qazıntıların geniş vüsət aldığı respublikamızda aşkar edilən və elmə tamamilə yeni faktlar gətirən onlarla abidələrimizə məktəblilərin gəzintisi və tarixdən açıq dərslərin bu arxeoparklarda keçirilməsinin elmi-praktiki və tədris əhəmiyyətindən danışlır. Arxeoloji qazıntılar və bunun əsasında qurulan arxeoparkların hazırda dünya ölkələrinin qədim tarixinin təbliğinin ayrılmaz tərkib hissəsi olduğu vurğulanır. Arxeologiya və arxeoloji qazıntıların nəticələrinin birbaşa iqtisadiyyata tətbiq olunaraq gəlirli sahəyə çevrilməsinə əsaslanan arxeoturizmin inkişafının vacibliyi qeyd olunur. Müəllif vurğulayır ki, şagirdlərin məktəbdə qazandığı biliklərin əyani göstəricilərlə əsaslandırılması və yaradıcı bacarıqlara çevrilməsi müasir təhsilin əsas özəyidir. Təhsil müəssisələrində yaradıcılığa istiqamətlənən təlim proqramları tələbələrdə kreativ prosesləri stimullaşdırır. Əyani görüntülər və arxeoparklara, yaxud arxeoloji qazıntılara səfərlər şagirdlər tərəfindən analogiyaların aparılmasına, ideyaların bir kontekstdən, vəziyyətdən digərinə kreativ və lateral şəkildə köçürülməsinə, müxtəlif fənlərdən biliklərin inteqrasiyasına, qeyri-adi ideyaların generasiyasına, ümumi mənzərənin əvvəlcədən müəyyənləşdirilməsinə, fərqli düşüncə tərzlərinin təhlilinə zəmin yaradır.

Maraqlı bir fakt kimi vurğulamaq istərdim ki, bu araşdırmada müəllifin özü tərəfindən çəkilmiş arxeoloji materialların fotoları da yer alıb. Fotolar araşdırmada qeyd olunan faktlarla həmahəng görünməklə, irəli sürülən faktların mahiyyətini, məzmununu açmaqda, oxucuda daha aydın təsəvvür yaratmaqda mühüm rola malikdir.

AMEA Fəlsəfə İnstitutunun sosial psixologiya şöbəsinin elmi işçisi Ruhiyyə Məmmədova “Sosiologiya” bölməsindəki “Sosial psixoloji aspektdə qrup fenomeninin tədqiqinə metodoloji yanaşma” adlı məqaləsində «qrup» məfhumunu, birgəyaşayış formasını şərtləndirən, intersubyektiv mahiyyət daşıyan fenomen kimi səciyyələndirilir. Bu anlayış sosial fenomen olaraq ictimai elmlər tərəfindən cəmiyyət həyatında baş verən proseslərin öyrənilməsində əsas metodoloji yanaşma kontekstində tədqiq olunur. Bu baxımdan, istər sosial psixologiyada, istərsə də sosiologiyada «qrup» fenomeninə olan münasibətin sosial fəlsəfədən qaynaqlandığı göstərilir. Məqalədə cəmiyyət bir bütün olaraq təbiət və ictimai elmlərin fərqli yanaşmaları baxımından

araşdırılır. Cəmiyyətin sosallaşdığı, sosiallaşmanın yaratdığı problemlərin artdığı, fərqli baxış bucaqlarının mövcud olduğu cəmiyyətdə sosial, ictimai, mədəni münasibətlərin nizamlanmasına ehtiyac duyulduğu bir dövrdə bu kimi problemlərin elmi cəhətdən araşdırılması önəm daşıyır.

“Sosiologiya” bölməsində təqdim olunan araşdırmalardan biri də Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin professoru dr.Yılmaz Öztürkün “Sağlam təhsil – sağlam cəmiyyət” mövzusundadır. Məqalədə təhsillə cəmiyyətin qarşılıqlı əlaqəsi zamanı mövcud olan problemlərin həllində uşaq və gənclərin əhəmiyyətli rol oynamasının vacibliyini göstərən tənqidi yanaşma üsulundan bəhs olunur. Bu üsuldan istifadə etməklə sənətə və humanitar elmlərə üstünlük verilməsi səbəbilə mütərəqqi, tənqidə dözümlü, inkişafa açıq, demokratik təfəkkürə malik uşaqların və gənclərin təşəbbüs göstərməsinə imkan yaradan ziyalı mövqeyinin bildirilməsi zərurətinin meydana gəldiyi göstərilir. Türk dilində dərc olunan bu araşdırmada problemin dünya düzənindəki vəziyyəti konkret faktlar, elmi dəlillər əsasında təhlil edilərək fundamental nəticələr ortaya çıxarılır. Sağlam cəmiyyətin təməlində məhz sağlam təhsilin dayandığı elmi əsaslarla sübuta yetirilir.

Müasir təhsilin aktual mövzularından biri hesab edilən məktəbin idarə olunması məsələsi də jurnalın yaradıcı heyətinin diqqət mərkəzindədir. Bu mənada “İdarəetmə” bölməsi mütəmadi olaraq bu aktual mövzuya hərs olunmuş araşdırmalarla oxucuların görüşünə gəlməyi planlaşdırır. Pedaqoji elmlər üzrə fəlsəfə doktoru, əməkdar müəllim Akif Xalıqovun “Məktəbin keyfiyyətli idarə edilməsində hesabatlılıq prinsipinin tətbiqi təcrübəsindən” adlı məqalədə müəllif Azərbaycan təhsilinin məzmunca yenilənməsi, ümumi təhsilin idarə edilməsinin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi istiqamətləri, şəffaf idarəetmə modelinin yaradılmasında qarşılıqlı etimada əsaslanan hesabatlılıq prinsipinin tətbiqi, milli zəmində idarəetmə məsuliyyətinin fəaliyyətə görə bölüşdürülməsi, müəllim və direktorun fəaliyyətinin dəyərləndirilməsi imkanları, təhsilin keyfiyyətinin yüksəldilməsi yollarından bəhs edir. Qeyd edir ki, məktəbə rəhbərlik sosial xarakter daşıdığından, cəmiyyətin və dövlətin irəli sürdüyü məsələlərin kompleks həllində beynəlxalq təcrübənin nəzərə alınması vacib şərtlərdən hesab edilir. Müəllif yazır ki, uğurlu məktəb modelini şərtləndirən amillərdən biri də təhsil müəssisəsində işin səmimiyyət üzərində qurulmasıdır. Məqalədə məktəb metodbirləşməsinin işinin səmərəli təşkili, müəllimin peşə xüsusiyyətlərinin qiymətləndirilməsi, təhsilin idarəolunması texnologiyası məsələlərindən də genişliyi ilə bəhs olunur, tövsiyələr verilir, təkliflər irəli sürülür.

Pedaqoji elmlər doktoru, professor, Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü Hüseyn Əhmədovun «Azərbaycan məktəbi» jurnalının sələfləri və pedaqoji mətbuat tarixindəki xidmətləri” mövzusunda məqaləsi “Təhsil tariximizdən” bölməsində dərc olunub. Jurnalın 95

illiyi münasibətilə dərc olunan bu araşdırmada müəllif “Azərbaycan məktəbi” jurnalının keçdiyi tarixi yola nəzər salır, onun inkişafının təməlində dayanan amillərə diqqət yönəldərək yazır: «Azərbaycan məktəbi» jurnalı respublikada pedaqoq-alimlər dəstəsinin yetişməsinə də böyük kömək etmişdir. Bu gün Azərbaycanda pedaqogika tarixi, ümumi pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi metodikası sahəsində fəaliyyət göstərən alimlər məhz «Azərbaycan məktəbi» jurnalından qidalanmışdır.” Hüseyn Əhmədov Azərbaycanda pedaqoji mətbuatın tarixindən də tutarlı elmi faktlarla bəhs edir. Qeyd edir ki, Azərbaycanda pedaqoji mətbuatın yaradılmasına aid ilk təşəbbüs XIX əsrin son illərinə təsadüf edir. Bu fikir anadan olmasının 150 illik yubileyini qeyd etməyə hazırlaşdığımız, Qori Müəllimlər Seminariyasının məzunlarından olan müəllim, tanınmış maarifçi, yazıçı, mühərrir, həkim və məşhur dövlət xadimi Nəriman Nərimanova (1870-1925) aiddir. Qeyd edək ki, o dövrdə, yəni XIX əsrin 90-cı illərində Azərbaycanda ana dilində heç bir elmi-pedaqoji mətbuat orqanı yox idi. «Tərcüman» o dövrün yeganə türk-Azərbaycan qəzeti idi. Xalqın oyanmasında və maariflənməsində pedaqoji mətbuatın böyük rolunu dərk edən N.Nərimanov bu sahədəki mövcud boşluğu doldurmaq üçün özü Bakıda ana dilində qəzet nəşr etmək istəmiş, lakin təşəbbüsü baş tutmamışdır. Məqalədə yer alan “Azərbaycan məktəbinin baş redaktorları”, «Azərbaycan məktəbi» jurnalının ictimai–pedaqoji fikir tarixində rolu” yarımbaşlıqlarında müəllif jurnalın tarixi missiyasını açaraq onun elmi-pedaqoji məziyyətlərini incələyir.

Ümumiyyətlə, jurnalın 2019-cu ildə nəşr olunmuş ilk sayını mövzu rəngarəngliyi, aktuallığı, məktəbə, müəllimə elmi-pedaqoji, metodiki dəstəyin verilməsi, qabaqcıl dünya təcrübəsinin, sosial, psixoloji problemlərin təhlil edilməsi, məktəbin müasir tələblər səviyyəsində idarəolunması məsələlərinin gündəmə gətirilməsi, təhsil, pedaqoji elm sahəsinin tədqiqatçılarına zəngin araşdırma materialı, ideya, istiqamət verilməsi və s. baxımından səciyyələndirmək mümkündür. Ümid edirik ki, jurnalın gələcək fəaliyyət istiqamətləri arasında vaxtı ilə olduqca məşhur olan və indidə aktuallığını itirməyən “Əlavələr”in yenidən nəşri də daxil olar. Çünki fənnlər üzrə çoxsaylı elmi məqalələrin də bu jurnalda işıq üzü görməsi istər elmi – pedaqoji mətbuatımızın inkişafı, istərsə də tədrisdə elmi metodikanın tətbiqi və inkişafı baxımından olduqca vacibdir.

Böyükağa MİKAYILLI,

“Azərbaycan məktəbi” jurnalı redaksiyası,

“Beynəlxalq əlaqələr və jurnalın indeksləri” şöbəsinin müdiri, Jurnalistlər birliyinin üzvü

Bənzər yazılar