Bu il Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 80 ili tamam olur. Muzey Azərbaycan xalqının qədim mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli missiyanı uğurla həyata keçirir.
AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin elektron informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, gənc tədqiqatçı Nərgiz Qəhrəmanovanın “Milli Azərbaycan Ədəbiyyatı Muzeyi – 80 il” məqaləsini təqdim edir.
Hər bir ölkənin ədəbiyyatı onun millətinin mədəni dəyərləri, ictimai şüuru və ədəbi düşüncəsinin formalaşmasında böyük təsir gücünə malikdir. Azərbaycan ədəbiyyatı da qədim dövrdən bugünədək şərəfli yol keçib, şair və yazıçılarımız yaratdığı əsərlərlə dünya ədəbiyyatına mühüm töhfələr veriblər. Ölkəmizdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, onların yaradıcılığı, dəyərli əsərlərinə dair yüzlərlə məqalə, kitab və monoqrafiyalar yazılıb. Lakin Azərbaycan xalqının yazıçı və şairlərimizin əsərlərinin orijinal nüsxələri, heykəltəraşlıq və tətbiqi sənət nümunələri ilə əyani şəkildə tanış olmaq kimi bir şansı var. Söhbət Bakının mərkəzində yerləşən, əsrarəngiz gözəlliyi ilə insanların diqqətini cəlb edən AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən gedir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan bu muzeyin eyvanında Azərbaycanın 6 görkəmli söz ustadının – Füzulinin, Vaqifin, M.F.Axundzadənin, Natəvanın, C.Məmmədquluzadənin və C.Cabbarlının möhtəşəm heykəlləri ucaldılıb. Cari ildə bu möhtəşəm muzeyin əsasının qoyulmasının 80 ili tamam olur.
Bir qədər muzeyin yerləşdiyi məkanın tarixinə nəzər salaq. 1850-ci ildə qədim İçərişəhəri əhatə edən Qala divarları yaxınlığında inşa edilmiş birmərtəbəli karvansaraya sonradan ikinci mərtəbə də əlavə olunur. 1915-ci ildə binanın yeni sahibi Azərbaycan milyonçusu Hacı Hacıağa Dadaşovun istəyi ilə bina “Metropol” mehmanxanasına çevrilir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti məhz bu binadan həm yaşayış, həm də iş yeri kimi istifadə edir. 1920-1930-cu illərdə bina Azərbaycan Həmkarlar İttifaqının ixtiyarına verilir. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq ərəfəsində binanın N.Gəncəvinin həyat və yaradıcılığından bəhs edən muzeyə çevrilməsi ilə bağlı qərar qəbul olunur. 1943-cü ildə binanın fasadı və interyeri milli üslubda yenidən işlənilir.
Qonaqları şair və yazıçılarımızın zəngin ədəbi irsi ilə tanış etmək, onlara müxtəlif ekspozisiyalar, tarixi sənədlər, arxiv materialları, yazıçıların xatirə əşyaları və s. təqdim etməklə müəyyən dövr haqqında canlı təsəvvür yaratmaq muzeyin əsas missiyasıdır. Burada Azərbaycan xalqının tarixinin əsas məqamları, onun abidələri və dahi şair Nizami Gəncəvinin yaradıcılığı ilə yaxından tanış olmaq mümkündür. Hər gün bu sehrli məkanı görkəmli dövlət xadimləri, alimlər, ziyalılar, tələbələr, məktəblilər də daxil olmaqla onlarca insan ziyarət edir. Müasir Azərbaycan ədəbiyyatını əks etdirən ekspozisiya zalı, portretlər, tablolar, illüstrasiyalar tamaşaçıların böyük marağına səbəb olur. Muzeyi gəzdikdən sonra qonaqlar “Rəy kitab”ında öz təəssüratlarını bölüşürlər. Türk dünyasının böyük şairi Nazim Hikmət 1959-cu ildə muzeyi ziyarət etdikdən sonra rəy kitabına bu sözləri yazmış, öz vətənində də belə bir söz sarayının yaradılmasını diləmişdi: “Sağ olun, qardaşlar! Diləyim, sizin ədəbiyyat muzeyinizin baş ziyarətçiləri bizim yazarlar və bilginlər olsun. Bizim açacağımız Ədəbiyyat muzeyində sizinkilər dolaşsın”.
Muzeyin dünya standartlarına cavab verən, tam kompüterləşdirilmiş, innovativ texnologiyalarla zənginləşdirilmiş ekspozisiyasında Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri öz əksini tapıb. Burada nümayiş olunan qədim əlyazmalar, maddi-mədəniyyət nümunələri, rəsm əsərləri, xalçalar, nadir çap kitabları, nəfis miniatürlər, məşhur xəttatların əlyazmaları, numizmatika nümunələri, sənədli fotoşəkillər qonaqların diqqətini cəlb edən eksponatlardır. Yenilənmiş ekspozisiyada monitorlar vasitəsilə ziyarətçilər qiymətli audio-video materiallarla – müxtəlif filmlərdən, səhnə əsərlərindən fraqmentlər, görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, eləcə də tanınmış aktyorların ifasında poeziya nümunələri ilə tanış olmaq imkanına malikdir.
Nizami muzeyinin rəhbərliyi başda olmaqla, burada fəaliyyət göstərən alim və tədqiqatçılar bu unikal məkanın daha da zənginləşdirilməsi məqsədilə mütəmadi olaraq bədii materiallar toplayır, onları tədqiq edir, elmi və publisistik əsərlər ortaya qoyurlar.
Muzey son dövrlərdə beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində də ciddi tədbirlər görür. Burada fəaliyyət göstərən beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsi muzeyin elm və mədəniyyət sahəsində yaradılan əməkdaşlıq sazişlərinin bağlanması, beynəlxalq konfransların və tədbirlərin keçirilməsi işlərini təşkil edir. Həmçinin muzeyin əməkdaşlarının beynəlxalq təşkilatların iclasları, konfrans, simpozium, seminar, ixtisasartırma kurslarında iştirakını təmin edir.
Bir xalqın ədəbiyyat tarixini tam əks etdirən yeganə ədəbiyyat muzeyi sayılan bu müqəddəs bina hazırda akademik Rafael Hüseynovun rəhbərliyi ilə öz fəaliyyətini uğurla davam etdirir. Muzey Azərbaycan xalqının qədim mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli missiyanı həyata keçirir. Burada ədəbiyyat tarixinin görkəmli simaları və parlaq ədəbi nümunələr haqqında süjetlər, filmlər hazırlanır, ölkənin orta və ali məktəbləri ilə sıx əməkdaşlıq həyata keçirilir, ədəbi təhlillər əsasında araşdırmalar aparılır.
Muzeyin nizamimuseum.az saytı vasitəsilə onun fəaliyyəti, gördüyü işlər, burada baş tutan tədbirlər, xatirə gecələri və s. geniş şəkildə işıqlandırılır. İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsi muzeyin cəmiyyətlə əlaqələrini təşkil edir, müsahibələr, çıxışlar hazırlayır, müvafiq məlumatları ictimaiyyətə çatdırır.
Səksəninci ildir ki, ədəbiyyatsevərlərin, Azərbaycan mədəniyyəti və tarixinə dəyər verənlərin, yaşından və peşəsindən asılı olmayaraq minlərlə insanın müqəddəs ziyarət məkanına çevrilən Nizami muzeyi bu ölkənin milli sərvətidir. İnanırıq ki, xalqımız hər daşında tarix yatan bu sərvəti həmişə qoruyub saxlayacaq, onu daha da zənginləşdirərək, inkişaf etdirərək gələcək nəsillərə ötürmək üçün əlindən gələni edəcək.