Mektebgushesi.az aprelin 21-də tanınmış təhsil eksperti Etibar Əliyevin Azərbaycan Müəllim İnkişaf Mərkəzində keçirilən “Transformasiya üçün təhsil” TEDx-dəki çıxışını təqdim edir:
Mövzunun adı: “Təhsilin sənaye cəmiyyətindən postsənaye cəmiyyətinə transformasiyası: itirdiklərimiz və qazandıqlarımız”
“Müəyyən olunmuş mövzuya görə mən dərhal təhsildən danışmalı idim. Yəqin siz də bunu gözləyirdiniz. Bilirəm ki, təhsillə bağlı əksəriyyətinizin qayğılarınız var, özünüzün, yaxınlarınızın, övladlarınızın, sizə əziz olan bütün uşaqların və yeniyetmələrin təhsili ilə bağlı ciddi düşüncələriniz var. Ölkə təhsilinin sabahı hamımızı düşündürür. Bəlkə də məndən elə sözlər eşitmək istəyirsiniz ki, planlarınız qətiləşsin, ya dəyişsin, ya da hər şeyin yolunda olduğuna əmin olasınız.Amma mən indi aclıqdan danışmaq istəyirəm. Bəli, məhz aclıqdan. Sizə də yaxşı bəllidir ki, tarixin müxtəlif dövrlərində bəşər övladlarının böyük qismi aclıqla üz-üzə qalıb və hətta aclıq bəzən böyük insan kütlələrinin sonuna çıxıb.Ac adamı indi də təsəvvür etmək olar, səhərdən axşamacan, ya sabahacan ac qalan adamı… Onun halını, əsən əllərini, rəngini dəyişən dodaqlarını, qırpınan gözlərini xəyalımızda canlandıra bilərik. Acı mənzərə alınacaq. Amma bir də əksəriyyətin aclıq yaşadığı kənd və şəhərləri, ölkələri düşünün.Aclıq qorxunc və zalımdır. Onu sadəcə düşündükdə də dəhşətli mənzərə adamı çaşdırır.Bəşər tarixinin böyük hissəsi aclıqla keçilib. Bunu heç kim inkar etmir. Mən indi aclıqla bağlı çox acı tarixi olaylar xatırlada bilərəm. Amma bu acılığa bir az da gülüş qatsaq, Fransız kraliçası Mariya Antonettenin çörək istəyən ac xalq haqda dediyi sözləri hamınız bilirsiniz: “Çörək yoxdursa, tort yesinlər!”Bu gün siz kəndə getsəniz, görəcəksiniz ki, dadlı kənd məhsulları – kəndin çörəyi, balı, qaymağı, əti, toyuğu, tərəvəzi, göyərtisi adamı iştaha gətirir. Aqrar gözəllik deyə bilərsinizmi buna? Bəli, deyə bilərsiniz.Bilirsiniz ki, aqrar dövr özündən əvvəlkinə nisbətən artıq irəli bir cəmiyyət idi. Amma bəşəriyyət özünün aqrar dövründə, yəni əhalinin böyük əksəriyyətinin kənd təsərrüfatı ilə məşğul olduğu dövrdə daha böyük, daha dəhşətli aclıqlar yaşamışdı. “Yağmadı yağış, bitmədi qamış” dövrü idi.Hətta onu da demək olar ki, sənaye dövrü aclıqlara qarşı yarandı. Təhsilə də aclığa qarşı düşünülmüş layihə kimi baxmaq olardı.Sənaye özünün yeni üsul və qurğuları ilə istehsalı artırmalı, aclığı da yox etməli idi. Maarifçi baxışlarda xeyli mənəvi və ictimai hədəflər də vardı. Amma sənaye dövründə təhsilə əsasən əməyi həyata keçirənləri hazırlamaq vasitəsi kimi baxırdılar. Təhsil sənaye üçün işçilər hazırlayırdı.Aqrar dövrün arxada qalması kənd təsərrüfatının aradan qalxması deyildi, amma indi ona da yardımçı olan və yalnız onunla kifayətlənməyən yeni istehsal sahələri – sənaye yaranmışdı. Üsullar, qurğular, gübrələr, vasitələr yardıma gəlmişdi. Sənayeyə yaxından yardımçısı olan yeni təhsil modeli də yaranmışdı.Sənaye dövrü postsənaye dövrünə yaxınlaşanda artıq aclığa kifayət qədər qalib gəlinmişdi. Aclıq tamam yox olmamışdı, amma ondan qurtulmaq yolları tapılmışdı.Yeni situasiya və yeni istehsal sahələri yaranmışdı. Əhalinin daha çox hissəsi artıq sənaye və aqrar sektorda salışmırdı. Xidmət sahələri böyümüş, yeni növ məhsulun istehsalına başlanılmışdı. Bu məhsulun adı bilgi idi.Yəni postsənaye dövrü gəlmişdi. Bilği çağı, informasiya cəmiyyəti adlandırmaq olardı onu.İkinci dünya müharibəsi bitmiş, hətta kənd təsərrüfatı məhsuldarlığının bolluğu bəzi ölkələrdə bazarı öldürmüş və böhran yaratmışdı. Bəli, məhz bolluqla böhran yaranmışdı. Məhsul çox idi və bu səbəbdən ucuzlaşdığı üçün istehsala marağı öldürmüşdü.Amma artıq aclığa qalib gəlməyin yolları tapılmışdı.Aclıq, kasıblıq, səfalət yenə vardı haralardasa, amma bunun qalma səbəbləri ictimai-siyasi idi. Əsas o idi ki, aclığın aradan qaldırılması yolları – yeni istehsal imkanları tapılmışdı.Keçilmiş yolu ümumiiləşdirsək, görün necə mənzərə yaranır:1. Aqrar dövr – bu dövrdə əsas struktur istehsala heç nə verməyən, lakin ona sahib çıxan monarxiya, ordu, kilsə və digər dini idarəçilik strukturlar idi.2. Sənaye dövrü – əsas struktur firma və korporasiyalar idi.3. Postsənaye dövrü – əsas struktur bilgini, bilim adamlarını, bilən adamları yaradan və paylayan universitetlərdir.Gördünüzmü, sənaye dövründən sonra təhsilin modeli və rolu necə dəyişdi. Sənaye dövründə təhsil sənayeyə, əməyə bağlı idi. Postsənaye dövründə o müstəqil və mərkəzi mövqedədir.Bu gün təhsil klassik maarifçilərin dediyi mənəvi vəzifəni də yerinə yetirir, sənaye dövründəki kimi işi bilən əməkçilər də yetişdirir, ən başlıcası, bilgi istehsal edir və bu bilgilərlə yeni dövr yaradır.İndi yeni dövr də o qədər tez gəlir ki, asanlıqla demək olar – gələcək daha tez ortaya çıxır. Dünən sehrli güzgü ilə danışmağı nağıl edən adamlar bu gün ağıllı telefonlarla videogörüntü ilə danışmağı adi hal sayır.Yəni aclıq hekayəsinin bitməsi təkcə qarınların doydurulması deyil.100 il bundan qabaq orta ömür əksər ölkələrdə 30 yaşın civarında idisə, bu gün Avropada orta ömür 80-ni ötüb.Nə vaxtsa kralların ailəsində uşaq ölümü o qədər çox idi ki, varis tapmaq çətin olurdu bəzən. Bu gün isə normal ölkələrdə bu göstərici 1%-in altındadır.Tarix boyu Azərbaycan ürək və qəlb barədə yalnız gözəl şeirlər yazılırdısa, bu gün ürəkköçürmə əməliyyatları həyata keçirirlər.Harvardlı alim Deniel Bell 1959-cı ilı Postsanəye anlayışını bizə bəxş edəndə yəqin ki, yeni dövrün bu qədər böyük üfüqlərə sahib olacağını düşünməzdi.Əzizlərim, aclıqla mübarizə dövrü mahiyyətcə arxada qalıb, indiki dövr insanı bütün bəlalardan qurtarmaq və ya daha böyük imkanlara sahib olmaq dövrüdür.Və gördünüz ki, təhsil bu dövrün mərkəzində dayanıb. Universitetlər yeni dövrün baş müəssisələridir. Rəqabətə davamlılıq, sürət, məhsuldarlıq, innovasiya və az qala hər fayda oradan gəlir. Təhsildən gəlir.Kimlərsə bu dövrlə hələ yaxşı ayaqlaşa bilmirsə, o demək deyil ki, bu dövr uğurlu deyil. İndi aclıq hekayəsini bitirib, ayaqlaşmağa qayıdaq.Ayaqlaşa bilirikmi?Burada qırxayaq haqda məşhur şeir yadıma düşür.Uilyam Harveyin şeiri:
Biri vardı, biri yoxdu, şən bir qırxayaq vardı,Qurbağa bir söz soruşub, onu cəncələ saldı.“Hansı ayağından sonra hansı ayağın gəlir?”Qırxayaq bərk fikrə getdi, sonra duruxub qaldı,İndi yazıq çaşbaş olub, daha yeriyə bilmir.
Baxırıq ki, nələrimiz var, baxırıq ki, bizə lazım olandan 40 şey var. Amma postsənaye dövrünün bütün tələbləri olmadıqda, o 40 şey, şeirdə deyilən kimi, bir-birinə dolaşır – qırxayağın ayaqları kimi.Biz ayaqlaşa bilmirik. Univeristetlərimiz ayaqlaşa bilmir. Başlanğıclar var, amma ayaqlaşa bilmirik.Bəziləri düşünə bilər ki, elə ölkələr var universitetləri qədimdir, ona görə irəlidədir.Amma tamam tərsinədir. O universitetlər qədim də ola bilər, cavan da, amma yeni olmalıdırlar.Cənubi Koreyada olduqca gənc bir universitet yaratdılar, Koreya İrəli Texnologiyalar Univerisiteti (KAİST) bu gün ABŞ universitetləri ilə rəqabət aparır. Onu yaratmaq üçün ABŞ-ın əfsanəvi Massaçusest Texnologiya İnstitutunun köməyindən istifadə etmişdilər. Çox sadədir məsələ!Universitet qocalmaz, yeni, təzə-tər qalar.Təhsil də həmçinin. Bizim müasirliklə ayaqlaşmağımız üçün təhsilimizin cavan, iti ayaqları olmalıdır. Möhkəm və yeriyə bilən. Bu gün dünyada ən iti qaçan ayaq azərbaycanlı idmançıya məxsusdur.Amma təhsilimzin ayaqlarının iti olmasından ötrü işlər görülməlidir.Bilgi məhsula çevrilməlidir. Bilgili insan kapitala çevrilməlidir.Bunun yolunu bilirikmi? Çox vacib sual budur.Nüfuzlu Kolumbiya universitetində 2005-ci ildən “Bilməmə” kursları tədris olunur. Universitetə məşhur alimlər dəvət olunurlar ki, onlar nələri bilmədikləri haqqında danışsınlar. Müxtəlif sahələrin alimləri danışırlar ki, onlar nəyi bilmək istəyərdilər, onların düşüncəsinə görə daha vacib olanlar nədir, onlar zəruri bilikləri necə almalıdırlar? Bu kurslarda əsas diqqət ona ayrılır ki, dərsliklərdə nə yoxdur, buna görə də tələbələrdə nəyi bilmədikləri, nəyi bilmək istədikləri haqqında düşüncələri oyadırlar.Bizim təhsil bilgi verməklə yanaşı, insanımıza bilmədikləri haqda da düşünməyi öyrətməlidir. Bizim təhsil bilinməyənləri axtarmağa başlamalıdır.Postsənaye dövrü budur.Məncə biz özümüzə sual etməliyik, biz postsənaye cəmiyyəti olmuşuqmu? Nə qədər olmuşuq? Biliyin statusu dəyişibmi? Bilik güclü məhsula çevrilibmi?Bizim buradakı mövzunun adı çox maraqlıdır əslində:“Təhsilin sənaye cəmiyyətindən postsənaye cəmiyyətinə transformasiyası: itirdiklərimiz və qazandıqlarımız”Heç nə itirməyəcəyik.Nə qazanacağıq?Qazanc haqda düşünməyin də yeri yoxdur burada. Bu, bizim dövrümüzdə mövcud olmağın doğru yoludur.Ayaqlaşmaq yoludur. Ayaqda durmaq yoludur.Yəni təhsilin hekayəsi aclıqdan başlayır və ayaqlaşmaqla bitməlidir.Təhsilin hekayəsi sonacan yazılmalıdır. Ayaqlaşmaya qədər yazılmalıdır.”

Bənzər yazılar