“Kiməsə ehtiyacım yox idi. Aldığım məvacib bütün xərclərimi ödəyirdi”

Mektebgushesi.az -ın məlumatına görə, bunu AzEdu.az-a açıqlamasında millət  vəkili  Vahid Əhmədov tələbəlik illərindən danışarkən bildirib.

Hazırda tələbələrin sosial durumunun yaxşılaşdırılması üçün bir sıra addımlar atılır. Prezidentin göstərişi ilə yüz mindən çox tələbənin təqaüdünün artımı buna əyani sübutdur.

O cümlədən, son illərdə tələbələr üçün tətbiq edilən xüsusi güzəştlər var.

Maraqlıdır, tələbəliyi sovet dövrünə təsadüf edən deputatlarımız ali təhsil almağın o illərdə, yoxsa, indi daha çətin olduğu haqqında nə düşünürlər?

Vahid müəllim tələbə ikən  həm oxuyub, həm də işlədiyini deyir:

“Biz oxuduğumuz dövrdə şərait başqa idi; İş tapmaq problem deyildi. Həm oxuyub, həm də fabrik-zavodlardan birində işləmək mümkün olurdu. Məsələn, mən gecə oxuyub, gündüz isə işləyirdim. Təqaüd də alırdım. Kiməsə ehtiyacım yox idi. Aldığım məvacib bütün xərclərimi ödəyirdi. Hətta rayonda yaşayan ailəmə də pul göndərir, gündüz oxuyan qardaşıma da kömək edirdim. Bizim dövrlə müqayisədə indi işlə, maaşla bağlı çətinliklər var.

Bu gün  tələbələrə müəyyən güzəştlər olunur, hətta bu yaxınlarda təqaüdləri də artırıldı. Onların  əsas çətinlikləri isə təhsilhaqqı ilə əlaqədardır. Problemlə bağlı güzəştli tələbə kreditləri nəzərdə tutulub.  Onlar  bu kreditlə həm təhsilhaqqını,  həm də gündəlik xərclərini ödəmək imkanları yaranar. Universiteti bitirdikdən sonra isə işləyərək, bu məbləği geri qaytara bilirlər”.

Deputat Kamilə Əliyeva isə öz oxuduğu dövrdə tələbələr üçün heç bir güzəştin olmadığını qeyd edir:

“Ali təhsil aldığım Sovet dövründə tələbələr üçün  elə bir güzəştlər yox idi.  Yalnız orta məktəbi əla qiymətlə bitirənlər bir fəndən yüksək qiymət alardısa,  yerdəqalan imtahanlarda azad edilib, dərhal universitetə qəbul olunurdu. Özüm bu yolla ali məktəbə daxil olmuşam.

Oxuduğumuz dövrdətələbələr üçün  heç bir güzəşt yox idi.  Amma bu gün onlara dövlət tərəfindən demək olar, hər  şərait yaradılıb; bu ildən də təqaüdləri də artırıldı. Onlara biz sıra kitab, geyim mağazalarında, kafe, restoranlarda və s.  məkanlarda xüsusi endirimlər edilir. Şəhid ailəsinə mənsub, I qrup əlilliyi olan şəxslərin övladları  təhsil haqlarında azad olundular.  Qısacası, tələbələr üçün hər bir şərait  yaradılıb. Onların da üzərinə düşən  yeganə vəzifə yaxşı oxumaq, dövlətimiz üçün lazım olan savadlı kadr kimi yetişməkdir”.

Bənzər yazılar