Ali məktəblərə test üsulu ilə qəbul imtahanları tarixində ilk dəfə olaraq 3 abituriyent 700 bal toplayıb ki, onlardan biri də Bakıdakı 10 saylı orta məktəbin rus bölməsinin qız abituriyenti olub. Bu xəbər son zamanlar sosial şəbəkələrdə geniş müzakirə olunurdu.

Ümumiyyətlə, təhsili Azərbaycan və rus bölmələrinə ayırmaq düzgündürmü?

Mektebgushesi.az -ın məlumatına görə, Mövzu ilə bağlı Azadinform-un suallarını cavablandıran təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, rus bölmələrində Azərbaycan dilinin tədrisi, eynilə Azərbaycan bölmələrində rus dilinin tədrisi sıradan, heç də adi  deyil, cəmiyyətimiz üçün taleyüklü məsələdir: “Bu istiqamətdə polemikalar bu gün də səngimək bilmir. Məsələyə yanaşmalar isə heç də birmənalı deyil. Radikal mövqe tutanlar, məsələni siyasi müstəviyə qaldıranlar da var. Bu isə hər şeydən əvvəl məsələnin mahiyyətinə varmaq, səbəb və nəticələri ciddi şəkildə təhlil edib, ümumi mövqe sərgiləməyi tələb edir. Biz demokratik ölkədə yaşadığımızdan hər kəsin istədiyi dildə danışmaq və təhsil almaq hüququ var. Bu gün ölkəmizdə nəinki rus dilində, ingilis, fransız və s. əcnəbi dillərdə tədris aparan məktəb və liseylər var. Bu ölkədə heç kəsi məcbur etmək olmaz ki, övladını öz ana dilində, yaxud dövlət dilində oxutsun. Mən bu kimi müqayisələri nəinki düzgün olmayan, hətta zərərli tendensiya hesab edirəm. Uşaq nə dildə danışır, nə dildə düşünür, nə dildə mühakimə yürüdə bilirsə, o dildə də oxumalı və təhsil almalıdır. Təhsil siyasətində dövlətin əsas prinsipləri təhsil fəaliyyətinin bilavasitə təhsilalanın mənafeyinə yönəldilməsi, onun milli və ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmət ruhunda tərbiyə edilməsi, bütün şagirdlər üçün bərabər təhsil şəraitinin yaradılması və onların təhsil hüququnun təmin edilməsi, təhsilin dövlət standartlarına, şəxsiyyətin, dövlətin və cəmiyyətin maraqlarına uyğunluğundan ibarətdir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda də birmənalı şəkildə nəzərdə tutulub ki, ümumi təhsil müəssisələrində tədris dili dövlət dili – azərbaycan dilidir: “Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır”.

Ekspert əlavə edib ki, dünyanın hər bir ölkəsində müxtəlif dillərdə təlim məktəbləri var: “Təlim rus dilində olan məktəblərdə azərbaycan dilinin, Azərbaycan bölmələrində isə müvafiq olaraq rus dilinin tədrisinin vəziyyəti haqqında subyektiv mülahizələr və ya valideynlərin müəyyən qrupunun övladlarının təhsilləri ilə bağlı dil seçimi heç də o demək deyil ki, bunun səbəbkarı məhz dildir. Bizim elmimizin, mədəniyyət və incəsənətimizin inkişafında, elmi-siyasi kadrlarımızın yetişməsində və digər sahələrin formalaşdırılmasında rus dilinin rolunu və müstəsna əhəmiyyətini unutmaq və ya inkar etmək ən yaxşı halda ədalətsizlikdən başqa bir şey olmazdı. Qənaətim odur ki, belə açıqlamalar verməklə, əslində təhsilimizə yeni əlavə problemlər yaradırıq. Sadəcə, Azərbaycan bölməsində rus dilinin, rus bölməsində azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəltməliyik ki, rus dillilər azərbaycan dilini, azərbaycanlı uşaqlarımız isə rus dilinə kifayət qədər mükəmməl yiyələnə bilsinlər”.

Bənzər yazılar