Martın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Baharın gəlişinə həsr olunan “Bahar nağılı” adlı bayram şənliyi keçirilib. Bayram şənliyində ADPU-nun rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər.

Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək bildirib ki, Novruz bayramı xalqımızın ən gözəl, ən əlamətdar bayramıdır. Azərbaycanda bu bayram çox qədim zamanlardan əsl milli bayram kimi qeyd olunur. Xalqımız yazın gəlişini ilaxır çərşənbələrindən Novruz axşamınadək müxtəlif şənlik və mərasimlərlə qarşılayır. Təbiətin canlanması ilə başlayan hər yeni ilin firavanlıq, xoşbəxtlik və əmin-amanlıq gətirməsini arzulayır. Novruz bayramı həm də xalqımızın gələcəyə olan inam hissini, ürək açıqlığını, qonaqpərvərliyini, mehribançılıq və dostluq duyğularını ifadə edir. ADPU-nun kollektivi bu bayrama böyük uğurlarla gəlib və gələcəkdə daha böyük uğurlar qazanmağı planlaşdırır. Biz Azərbaycan məktəblərini yüksək səviyyəli pedaqoji kadrlarla təmin etməliyik. Rektor çıxışının sonunda müəllim və tələbələri bayram münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, uğurlar arzulayıb və tədbirin təşkilatçılarına təşəkkür edib.

Sonra tələbələrin hazırladıqları “Bahar nağılı” adlı tamaşa təqdim edilib. Tamaşada Novruz personajları Kosa, Keçəl və Bahar qızın şən zarafatları, həmçinin tələbələrin hazırladıqları digər səhnələr, milli geyimdə olan tələbələrin və şagirdlərin musiqi sədaları altında ifa etdikləri rəqslər, bayramın rəmzlərindən və adətlərindən olan səməni, xonça iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Bayram şənliyində fakültələrin tələbələrinin hazırladıqları bayram xonçaları nümayiş etdirilib.

Əməkdar artist İlkin Əhmədovun və müğənni Gülay Zeynallının ifa etdikləri bir-birindən gözəl mahnılar tədbir iştirakçılarında yüksək əhvali-ruhiyyə yaradıb, onlara xoş, unudulmaz dəqiqələr bəxş edib.

Bənzər yazılar