Dərc olunub: 07.03.2019

Birinci yazımızda Qanunda yer almış bəzi boşluqlar haqqında yazmışdıq. Əlbəttə, “qanun mükəmməl olmalıdır, orada gələcəkdə səmərəli fəaliyyətə problemlər yaradacaq maddələr olmamalıdır” fikrini söyləyənlərlə tam razıyam.

Bu yazımda əsas diqqəti təhsilin iqtisadi əsaslarının qanunla tənzimlənməsinə yönəltmək istərdim. İstər 2009 –cu ildə qəbul edilmiş Çərçivə qanununda, istərsə də bu il qəbul ediləcək Ümumi təhsillə bağlı qanunda bu sahəyə çox böyük diqqət yetirilmişdir. Bu da təbiidir. Çünki iqtisadi təməl möhkəm olmadıqda heç bir sahədə, o cümlədən də təhsil sahəsində uğurlar qazanmaq qeyri-mümkündür. Qanunda bu istiqamətdə geniş və əsaslı maddələr yer almışdır. Bu maddələrdə dövlətdən başlamış hər bir subyektin bu istiqamətdə yerinə yetirəcəyi hüquqlar və vəzifələr öz əksini tapmışdır. Xüsusi diqqət yetirilmiş və çox “yüklənmiş” bu bölüm

maddə 31-də “Ümumi təhsil sahəsində sahibkarlıq və innovasiva fəaliyyəti” haqqındadır. 12 alt maddədən ibarət olan bölüm tam olaraq Azərbaycan Respublikasının “ Sahibkarlıq fəaliyyəti haqqında” Qanunu əsasında işlənmişdir. Qanunun ayrı-ayrılıqda maddələrinə iradımız yoxdur. Amma: “Məktəb hara, sahibkarlıq hara?” deyənlərə haqq verirəm. İzlədiyimiz qədər dünyada belə bir təcrübə məslək liselərində, peşə məktəblərində formalaşmışdır. Fikrimizcə, bu maddələr birbaşa təhsilin əsas məqsədinin unudulmasına, məktəb rəhbərliyinin və onun kollektivinin öz əsas vəzifələrini yerinə yetirməkdən yayınmasına, təlim-tərbiyə prosesinin zəifləməsinə gətirib çıxaracaqdır. Onsuz da bu sahədə kifayət qədər problemlərimiz vardır. Axı məktəb universitet, tədqiqat mərkəzi , peşə məktəbi deyildir. Sahibkarlıq fəaliyyətini təmin etmək üçün təhsilin prioritetliyini əsas götürməklə məktəbdə müvafiq istehsalat və xidmət sahələri nin yaradılmasını təsəvvür etmək belə qeyri-mümkündür .

Hər birimiz bu fəaliyyətin mürəkkəbliyini, çətinliyini bilirik. Məktəb direktoru və onun pedaqoji kollektivi bu prosesdə təhsilin prioritetliyini necə təmin edə bilər?!

Maddə 31.12. Ümumi təhsil müəssisəsi istehsal etdiyi məhsulları və xidmətlərini öz əmtəə nişanı (brendi) ilə dövlət, özəl müəssisələrə və geniş alıcı kütləsinə çatdırmaq məqsədilə satış-sərgiləri həyata keçirə bilər.” şəklində formalaşdırılmışdır. Düşünürük ki, məktəbin brendi onun yüksək biliyə və həyatı bacarıqlara malik yetişdirdiyi şagirdlərdir, hansı ki müxtəlif səviyyədə keçirilən fənn olimpiadalarında, sınaq və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərirlər. Hesab edirik ki, məktəb ancaq və ancaq icarədən və satış-sərgilərdən əlavə gəlir əldə edə bilər . Bununla bağlı tərəfimizdən təklif edilmiş bu maddələrə diqqət yetirilməsini vacib hesab edirik.

Maddə 31.1 Ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə nizamnaməsində nəzərdə tutulmuş qaydada profilinə və fəaliyyət istiqamətlərinə (ödənişli təhsil xidmətləri, əlavə dərnəklər və kursların təşkili, şagirdlərə iaşə xidməti) uyğun olaraq məktəbin mülkiyyətində olan otaqların, idman zalının, yeməkxananın və bufetin icarəsindən gəlir əldə edə bilər.

Maddə 31.2-də şagirdlərin, müəllimlərin və valideynlərin əl işlərinin satışını təşkil edərək əldə olunan gəliri təhsilalanların, təhsilverənlərin sosial müdafiəsinə yönəldir.

31.11.-ci maddə “Ümumi təhsil müəssisəsində əldə edilən gəlirlərin bölgüsü ilə əlaqədar Müəllim-valideyn və şagird və ya digər qurumun nümayəndəsindən ibarət Şura yaradılır. Şura məktəb rəhbərinin təqdimatı əsasında gəlirləri xərcləyir və vaxtaşırı Pedaqoji şuraya hesabat verir.

31.10. alt maddəsi tamamilə bu bölümdən çıxarılmalıdır, onun sahibkarlıqla əlaqəsi yoxdur.

Bənzər yazılar