Venesuela Respublikasının “Universidad del Zulian” nəşriyyatının çap etdiyi və Skopus seriyasından olan “Opsion” jurnalının 2018-ci il dekabr tarixli 87-ci sayında Bakı Slavyan Universitetinin (BSU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, Diplomatiya və xarici siyasət kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Sadir Məmmədovun “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və müasir dövrdə təhlükəsizlik arxitekturasına yeni təhdidlər: çağırışlar və cavablar” adlı məqaləsi dərc olunub. Jurnalın 17 səhifəsini tutan məqalədə beynəlxalq təhlükəsizliyə yönələn təhdidlər və transsərhəd təhlükələri tədqiq edilib. Müəllif öz fikir və düşüncələrini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi prizmasından araşdırıb, adıçəkilən münaqişənin ədalətli həllinin dünyada baş verə biləcək təhlükələrin qarşısının alınmasında mühüm rol oynaya biləcəyini qeyd edib.

S.Məmmədov “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni ideoloqlarının yürütdüyü siyasətin dünyada terrorizm və ekstremizmə yol açdığını, bu cür cinayətlərin qarşısının vaxtında alınmadığı təqdirdə beynəlxalq aləmdə sülhü və əmin-amanlığı qorumağın mümkün olmayacağını diqqətə çatdırır. Müəllif eyni zamanda “İraq Şam İslam Dövləti” adlı terror qruplaşmasının, Rusiya-Ukrayna münasibətlərinin qanlı məcraya yönəlməsinin mahiyyətini beynəlxalq hüquq nöqteyi-nəzərində təhlil edib və qiymətləndirib. O, bir çox konfliktlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin zaman-zaman uzanmasının səbəblərindən biri kimi dünyada ikili standartların mövcudluğunu göstərib.

Belə bir məqalənin nüfuzlu jurnalda dərc olunmasını bütövlükdə Azərbaycanın uğurlarından biri saymaq olar.

BSU-nun Mətbuat Xidməti

Bənzər yazılar