Birinci yazı

BBS-nin materiallarını nəzərdən keçirirəm. Bunlar sözün həqiqi mənasında barıt qoxuyan, qəm saçan sətirlərdir. Əfqanıstan, bu ölkə, onun təhsili ürəyimdə bir dərd kimi dolanır. Mən onun haqqında mənbələrdən öyrəndikcə, dostlarımla bu ölkə haqqında danışdıqca, qəlbimi böyük kədər hissi bürüyür. Bu ölkənin təhsili haqqında deyəcəklərim, yazacaqlarım, ancaq kədərə bürünmüş hisslərimin ifadəsi olacaq. Bu gün Əfqanıstanda 3 milyon 600 min uşaq təhsil almaq imkanından məhrumdur. Onların 85 faizi qızlardır. Müəllimlərin yarısı müvafiq kvalifikasiyaya malik deyil. Şagirdlərin 75 faizi 15 yaşında təhsildən uzaqlaşmaq məcburiyyətindədir. Qızlar arasında savadsızlıq 37 faiz, ümumilikdə gənclər arasında isə 66 faiz təşkil edir. Oğlanlar üçün məktəblər, qız məktəblərinə nisbətən çoxdur.

Məktəblərin böyük əksəriyyətində partalar, stullar, hətta müəllimlər belə olmasa da, onları balaca uşaqlarla dolu görmək mümkündür. Hər an partlayış, terror hadisəsi gözlənsə belə, valideynlər övladlarını məktəbə gətirirlər. Onlar öz itirilmiş gəncliklərini, ümidsiz gələcəklərini övladlarının təhsilində görürlər. Bəlkə də sabah müharibə başa çatdı. Sabitlik bərpa olundu. O zaman onların övladları da ölkəsinin inkişafına öz töhfəsini verəcək, bu gün aldığı təhsil sabah ona yardımçı olacaq. Elə bu arzu ilə də 9 milyon əfqan uşağı məktəbə yollanır.

Əfqanların böyük əksəriyyəti qız uşaqlarının təhsilinə önəm vermir. Onlar hesab edirlər ki, yazıb-oxumağı bacaracaqsa, bu, qız üçün kifayətdir. Bu mənada bir qədər də irəli gedənlər belə hesab edirlər ki, məktəb qadına düşünməyi öyrədir. Qadın, əgər düşünəcəksə, üsyan edəcək. Amma heç də hamı bu fikirdə deyil. Adətlərə zidd gedib qızlarını oxudan əfqanlar da çoxdur. Əfqanlar onların qız övladlarına kişi müəllimlərin dərs deməsini istəmirlər. Qızları təhsildən ayrı salan səbəblərdən biri də məhz budur. www.hrw.org.ru saytı xəbər verir ki, Əfqanıstanda məktəblərin 41 faizinin öz binası, suyu və ayaqyolu yoxdur. Bəzən bir-birindən uzaq məsafədə yerləşən kəndlərin bir ortaq məktəbləri olur. Uşaqlar uzunqulaq və ya atla səhər evdən çıxıb günorta saatlarında məktəbə çatırlar.

Əfqanıstan təhsili ilə bağlı araşdırma apararkən, diqqətimi dünya miqyasında insan haqlarının müdafiəçisi kimi tanınan və bu mövzuda araşdırmaları ilə mütəmadi olaraq gündəmdə olan Hyüman Rayts Votç Qeyri-hökümət təşkilatının hesabatı cəlb etdi. Hesabatda göstərilir ki, istər Əfqan hökümətinin, istərsə də, beynəlxalq donorların qızların təhsilinin təşkili ilə bağlı səyləri getdikcə zəifləməkdədir. Ölkədə hərbi münaqişələr başlanandan sonra qızların üçdə iki hissəsi

məktəbdən ayrı düşüb. Təşkilatın qadın hüquqlarının müdafiəsi üzrə direktoru Lizl Gertqoltsin fikirləri də bu baxımdan əhəmiyyətlidir. L.Gertqolts deyir: “Hələ 2001-ci ildə Kabil höküməti və donorlar bütün qızlar üçün təhsili təmin edəcəklərinə söz verdilər. Lakin zaman keçdi, vədə yerinə yetirilmədi. Güvənsizlik, yoxsulluq, insanların köçü Əfqanıstanda təhsil üçün əngəldir.” Lizl Gertqolds tövsiyə edir ki, Əfqan höküməti bu məsələni prioritetlərindən biri kimi gündəmə qaytarmalı, bütün qızların təhsil ala bilməsini təmin etməlidir. Əks halda biz bu məsələdə yenə də 15 il əvvəliki vəziyyətə qayıtmalı olacağıq.

Hyüman Rayts Votç qeyd edir ki, Əfqan qızlarının üçdə iki hissəsi 18 yaşından tez ailə qurmağa məcburdur. Bu da onların təhsildən erkən ayrılması səbəblərindən biridir.

Təşkilatın araşdırmalarında diqqət çəkən məqam odur ki, onlar Əfqanıstanı öz gözləri ilə görüb, ailələrin problemləri ilə şəxsən maraqlana biliblər. Bu da əlbəttə ki, problemi daha əhatəli şərh etməyə, təklif və tövsiyələr verməyə imkan yaradır. Təşkilatın hesabatlarında qeyd olunur ki, ciddi problemlərə baxmayaraq Əfqan ailələri arasında da maarifçi düşüncəyə malik olanlar az deyil. Onlar qızlarının təhsili üçün yollar axtarır, risk etməkdən çəkinmir, bəzi hallarda isə təhsil naminə öz yaşayış yerlərini belə dəyişməyə razı olurlar. Ölkənin ucqarlarına köçür, kiçicik bir məktəb tapır, o məktəbin işığında öz səadətlərini axtarırlar.

Əfqanıstanda icbari təhsil 9 ildir. Amma, qeyd etdiyimiz kimi, təhsili başa vurmaq heç də hamıya nəsib olmur. Ölkədə orta təhsil pulsuzdur, amma istənilən halda uşağın məktəbə getməsi üçün vəsait lazımdır ki, bunu da heç də bütün ailələr əldə edə bilmirlər. Ailələr uşaqlarını kiçik yaşlarından qazanc dalınca göndərmək məcburiyyətindədirlər. Ölkədə uşaqların dörddə biri ailəsinə kömək etmək üçün işləyir. Həm də bu işlər uşaqlar üçün münasib sayılmayan işlərdir. Hyüman Rayts Votçun hesabatında da bu əks olunub. Qızlar isə təhsil yerinə evdə əl işləri, toxuma ilə məşğul olurlar. Ailəyə qazanc gətirmək üçün bu, qızlar üçün ən münasib vasitə sayılır.

Hyüman Rayts Votçun hesabatlarında ümidverici məqamlarla da rastlaşmaq mümkündür. Təşklat müşahidələrinə əsasən göstərir ki, donorlar hökumətlə yanaşı, münaqişənin həddindən artıq olmasına baxmayaraq qızların təhsilinə imkan verən innovativ modelləri inkişaf etdirirlər. “Yerli təşkilatların bazasında öyrənmə” bu modellərdən biridir. Bu mərkəzlərdə xüsusən ictimai məktəb uzaq olduğu təqdirdə qızların təhsilinə şərait yaradılır. Amma bu mərkəzlərin fəaliyyəti daimi xarakter daşımır. QHT-lər maliyyə imkansızlığı ucbatından tez-tez bu məktəblərin fəaliyyətini dayandırmaq məcburiyyətində qalırlar. Valideynlər öz övladlarını bu məktəbə həvəslə göndərirlər. Lizl Gertqolts da bunu qızların təhsili üçün hazırkı şəraitdə ideal variant hesab edir.

İstər beynəlxalq təşkilatların, istərsə də Əfqan dövlətinin qızların təhsili üçün atdığı addımlar “dəryada damla” təsiri bağışlayır. Əfqan qızlarının təhsili, sosial, ictimai, mənəvi problemləri ilə bağlı araşdırmalarımı tədriclə oxucularımla bölüşəcəyəm.

Ardı var.

Böyükağa MİKAYILLI

Mənbə: www.hrw.org.ru https://www.nationsencyclopedia.com/Asia-and-Oceania/Afghanistan-EDUCATION.html http://peopleandcountries.com/article-1240-1.html

Bənzər yazılar