Azərbaycanda yeni tələbə kredit sisteminin yaradılması ilə bağlı sənəd layihəsi yaxın zamanlarda hökumətə təqdim ediləcək.
Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.
2015-ci ildən Azərbaycanda “Maarifçi” Tələbə Kredit Fondunun yaradıldığını deyən C.Bayramov əlavə edib ki, hazırda fond bir neçə ali məktəbin təsisçiliyi ilə fəaliyyət göstərir.Lakin nazir hesab edir ki, yalnız ali məktəblərin daxili potensialları hesabına bütün ölkədə bu ehtiyacı ödəmək mümkün deyil: “Tələbələr üçün uzunmüddətli kredit sistemi qurulmalıdır və bunun üçün hərtərəfli işlənmiş qanunvericilik bazası hazırlanmalıdır. 


Tələbə kreditləri digər kreditlərdən fərqli şəkildə verilməlidir. Onlar daha uzunmüddətli olmalıdırlar. Həmin sistemin qurulması ilə bağlı beynəlxalq təcrübə göstərir ki, dövlətin dəstəyi hər zaman bu sistemin üzərində olur. Bununla bağlı aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaradılan işçi qrup çox sürətlə işləyir. Hesab edirəm ki, yekun layihə yaxın zamanlarda hökumətə təqdim ediləcək. Düşünürük ki, 2019-2020-ci tədris ilində Azərbaycanda artıq işlək tələbə kredit sistemini yaratmaq mümkün olacaq”.


2015-ci ildən bəri tələbələrə 220-dən çox təhsil kreditinin verildiyini söyləyən C.Bayramov əlavə edib ki, bu sahədə əldə edilən təcrübə çox müsbət bir platforma rolunu oynayıb.


Xatırladaq ki, maliyyə naziri Samir Şərifov 2019-cu ilin dövlət büdcəsinin layihəsi müzakirə edilərkən təhsil kreditlərinin qaytarılıb-qaytarılmayacağı ilə bağlı problemin olduğunu açıqlamışdı:”Təhsil krediti alanların onu qaytaracağı böyük sualdır. Bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. Dövlət buna müdaxilə etsə, indidən etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub – kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlər banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar, deməzdim ki, problemi kütləvi şəkildə həll edəcək”


Təhsil naziri Ceyhun Bayramovun tapşırığına əsasən, “Maarifçi” Tələbə Kredit Fondu kredit borclarının qaytarılması ilə bağlı beynəlxalq təcrübədə olan alternativ mexanizmlər üzərində işləyir.İqtisadçı Natiq Cəfərli «Şərq»ə açıqlamasında tələbə krediti şərtlərinin ağır olduğunu bildirdi:


– Əgər tələbə kreditlərinin verilməsində məqsəd tələbələrə təhsil almaqda yardımçı olmaqdırsa, o zaman şərtlər yüngül, əlçatan olmalıdır. Faiz dərəcələri aşağı olmalıdır. Bundan başqa, şərtlərdə valideynin təqaüdçü, yaxud əlilliyə görə müavinət alan olması da nəzərə alınmayıb. Halbuki, ölkəmizdə əlilliyə görə və ya əmək fəaliyyətinə görə təqaüdə çıxanlar var. Başqa bir problem tələbənin həmin krediti ödəmək imkanında olub-olmayacağıdır. Azərbaycanda əmək bazarının vəziyyəti bəllidir. Gəlirli, yüksək əmək haqqısı olan sahələr məhduddur. Ya dövlət qulluğudur, ya da bank sektoru. Amma hər ikisində də əməyin optimallaşdırılması proqnozları verilib. Yəni ixtisarlar labüddür. Bunu artıq müşahidə edirik. Bank sektoru çöküş vəziyyətindədir. Dövlət qulluğuda isə ixtisarlar, fəaliyyət növlərinin birləşdirilməsi və ya ixtisarı prosesi gedir. Bəs bu tələbə sabah ali məktəbi bitirdikdən sonra harada işləyəcək, nə qədər əmək haqqı alacaq ki, «boynundakı» krediti də ödəyə bilsin? Böyük ehtimalla bu gün borclanan tələbə sabah borcunu qaytara bilməyəcək. Onsuz da kredit borclularının problemi çözülmür. Hazırda 2 milyon 400 min vətəndaşımızın banklara borcu var. Bu tələbələr də borcluların sırasını artıracaq, çox güman ki. Təbii, əgər tələbə kreditinə getsələr. Amma inanmıram ki, ağıllı insan özünü bəri başdan borclandıra.


N.Cəfərli qeyd etdi ki, hazırda Avropada, ABŞ-da, Türkiyədə də ödənişsiz təhsil, həmçinin tələbələrə «burs» ödənməsi ənənəvi hal alıb:


– Məsələn, Almaniya artıq bütünlüklə ödənişsiz təhsilə keçib. Bütün tələbələr pulsuz təhsil alacaqlar. Hətta Azərbaycandan Almaniyaya təhsil almağa gedən gənclərimiz var ki, onlara da ödənişsiz təhsil şamil olunur. Bilirsiz, dünya ölkələrində təhsilə yanaşma ilə Azərbaycanın yanaşma tərzi çox fərqlidir. Avropada, Türkiyədə biliyi zəif məktəbli ali məktəbə daxil olmağa can atmır. Almaniyada son statistik rəqəmlər göstərib ki, avtomobil ustasının illik gəliri həkimdən daha çoxdur. Yəni insanın yüksək gəlir əldə etməsi üçün onun hansısa ali məktəbi bitirib dövlət qulluğunda, yaxud hansısa özəl klinikada çalışması şərt deyil. Normal əmək bazarı, normal rəqabət mühiti olduğundan bacarıqlı insan istənilən sahədə gəlir ələd edib normal şəraitdə yaşaya bilir. «Burs» anlayışı deyilən bir şey də var. Bu o deməkdir ki, yaxşı tələbə həmişə pulsuz oxuyur. Böyük fondlar, şirkətlər, holdinqlər yaxşı oxuyan tələbələrə dəstək olur, şirkətlər tələbə «ovu»na çıxır, təhsil haqqını ödəyir, şərt də bu olur ki, azı 5 il həmin şirkətlərlə əməkdaşlıq etməlisən. 
Tələbə də buna iki əlli razılaşır, çünki həm təhsil haqqı ödənmiş olur, həm də azı 5 il iş yeri təminatı almış olur. Həmin şirkətlərə də vergi güzəştləri edilir. Azərbaycanda isə belə şərait yoxdur. Əvvəlcə, gərək azad bazar münasibətləri formalaşsın, sağlam rəqabət mühiti yaransın ki, yaxşı oxuyan, savadlı, bilikli tələbələrin də gələcəkdə iş yeri tapmaq imkanları olsun.


Avropada da tələbə kreditləri var, amma cəmi 2 faiz dərəcəsi ilə. Həm də 20 illik. Ancaq təsəvvür edin ki, tələbələr buna razılaşmır. Bizdə isə 10 il müddətinə 8 faiz dərəcəsi tətbiq edilir. Bu, absurddur. Normal adam buna getməz. Çünki ödəmək iqtidarında olmayacağını bilir. Bilirsiz, Azərbaycanda çalışırlar, ən sadə və primitiv, lakin çox gəlirli variantı seçsinlər, amma bu, nəticə verə bilməz. Optimal qərarlar qəbul edilməlidir.


Məlahət Rzayeva

Bənzər yazılar