Bakı Slavyan Universitetində (BSU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyində 2019-2020-ci tədris ilinin ikinci yarısında qarşıda duran vəzifələr, qış imtahan sessiyasının gedişi, təlim-tərbiyə işlərinin təşkili, tələbə təşkilatları ilə işin qurulması və həmin təşkilatların əsasnamələrinin yenilənməsi, elmi-tədqiqat laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi, onların layihəyönümlü fəaliyyətinin genişləndirilməsi, kafedraların daxili monitorinqi və özünütəhlili, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq universitetdə innovativ fəaliyyətin və startap layihələrin dəstəklənməsi məsələləri müzakirə olunub.

Müzakirələrdən öncə Bakı Slavyan Universitetinin 2018-ci ildə “İLİN ƏN YAXŞI UNİVERSİTETİ” nimonasiyası üzrə qalib olması münasibətilə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov tərəfindən BSU-nun rektoru, professor Nurlana Əliyevaya diplom və medal təqdim olunub.

Təqdimatın ardından BSU-nun rektoru, professor Nurlana Əliyeva universitetin bir qrup müəllim heyətini, o cümlədən gənc əməkdaşları fəaliyyətlərindəki uğurlara görə tətif edib. Rektor əvvəlcə Ümumi dilçilik kafedrasının professoru Qalina Şipulinanı 80 illik yubileyi, İngilis filologiyası kafedrasının dosenti Elmar Nəcəfovu 75 illik yubileyi, Praktik rus dili və onun tədrisi metodikası kafedrasının dosenti Baloğlan Əliyevi 70 illik yubileyi münasibətilə təbrik edib, yubliyarlara BSU adından hədiyyələr bağışlayıb. Sonra professor N.Əliyeva Azərbaycan multikulturalizmi kafedrasının müəllimi Nərmin Elyasovanın Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən verilən “İlin peşəkar gənci” Fəxri fərman, BSU-nun “Arzu” rəqs ansamblının xareoqrafı Əli Natiqoğluna universitetdəki fəaliyyətinə görə təşəkkürnamə təqdim edib, gənc müəllimlərə uğurlar diləyib.

Elmi Şura cari məsələlərin müzakirəsi ilə davam edib. İclas çərçivəsində professor Rəhilə Quliyevanın 7-10 oktyabr 2018-ci il tarixində Yakutsk şəhərində (Saxa Respublikası) L.R.Kulakovskayanın 70 illiyinə həsr olunan “Современные проблемы исследования национальной классики” adlı Ümumrusiya elmi-praktik konfransda və 28 oktyabr – 2 noyabr 2018-ci il tarixində Marbelya şəhərində (İspaniya) “Foro literario Marbella” adlı forumda iştirakına dair hesabatı dinlənilib. Cari məsələlərin müzakirəsində elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov dissertasiya mövzularının təsdiqi və çapa tövsiyə haqqında çıxış edib.

BSU-nun Mətbuat Xidməti

Bənzər yazılar