18 yanvar – 23 il (1952-1956 və 1960-1979-cu illər) Azərbaycan maarifinə rəhbərlik etmiş akademik Mehdi Mehdizadənin doğum günüdür.
Tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov akademik Mehdi Mehdizadə ilə bağlı özünün və özünə məlum olan digər xatirələrini bölüşüb.
Akademik yazdıqları haqqında əyalət müəlliminin də fikirlərini bilmək istəyirdi…
“1984-cü ilin yazı idi. Mehdi müəllimdən məktub aldım. Sevindim. Oxuyub mütəəsir oldum: “Əzizim Miriş müəllim! “Azərbaycan xalq təhsilinin sürətli inkişafı“adlı əsərimə rəy verməyinizi xahiş edirəm.“ (Miriş Hüseynov, əməkdar müəllim)

Təsəvvür edirsinizmi, akademik adi kənd müəllimindən kitabına rəy yazmasını xahiş edir. Bu onun sadəliyi ilə yanaşı, öz müəllimini yaxşı tanımasından, onun qələminə və savadına bələd olmasından irəli gəlirdi.
Xalqımızı canı, varlığı qədər sevərdi. Həmkarının, dostlarının uğurlarına uşaq kimi sevinərdi…
“Nazirliyin Kollegiya iclasında bir rayonun Maarif şöbə müdirini işdən azad etdilər. Səhərisi gün məni kabinetinə çağırıb dedi: “Get onu başa sal ki, qəbahətinin ucbatından vəzifədən uzaqlaşdırıldın. Amma biz sənə ögey deyilik. Ailəni, uşaqlarını nəzərə alıb, məktəblərdən birinə müəllim göndərərik…” İllər boyu onunla birgə işlədik. And içirəm, təhsilimizin inkişafında, formalaşmasında onun maddi marağı olmayıb.” (Nəcəf Nəcəfov, o zaman Kadr idarəsinin rəisi)
Mehdizadə əsl alim, əsl ziyalı, əsl pedaqoq idi.
“Akademik Mehdi Mehdizadə öz şəxsiyyəti, şəxsı nümunəsi ilə hər yerdə, hər zaman yüksək pedaqoji etikanı nümayiş etdirirdi.Yüksək dərəcədə mədənilik, düzlük, paklıq, ədalət, qayğıkeşlik, səmimiyyət, təvazökarlıq onun şəxsiyyətinin heyrətamiz cəhətləri idi…” (Hüseyn Əhmədov, akademik)
Onun gecə-gündüz düşündüyü, fikri-zikri Azərbaycan xalqının gələcəyi, böyüməkdə olan nəslin təhsili, təlim-tərbiyəsi idi.
“Bu qədər tanınmış, yüksək səviyyəli, böyük titullu alim olasan, amma Bəşir kimi balacaların yazılarını oxuyub qiymət verməsini unutmayasan… Bunun özü Mehdizadənin böyüklüyünə dəlalət edir!… (Bəşir Əhmədov, professor)
Mehdizadə Azərbaycanın təhsil tarixində bənzəri olmayan nazir olub.
“Onu son mənzilə yola salanda bir daha əmin oldum ki, xalqının xidmətində duranlar, qayəsi yaxşılıq, xeyirxahlıq etmək olanlar dünyasını dəyışsələr də mənən əbədi olaraq yaşayacaqlar…” (Rəfiqə Mustafayeva, professor)
Bəli, Mehdizadə çox halal, niyyəti saf insan idi. Ona görə də bu sözləri deməyə onun tam haqqı çatırdı.
“…Azərbaycanda bizim öyrənməyi öyrəndiyimiz böyük müəllimlərimiz olub: Üzeyir Hacıbəyov, Firudin Köçərli, Mehdi Mehdizadə, Mir Cəlal, Abbas Zamanov və adları bu şərəfli siyahıda davam etdirilən onlarla digər müəllim.Onlar dünən də olub, bu gün də var, gələcəkdə də olacaqlar”. (Mikayıl Cabbarov, sabiq Təhsil naziri)
Akademik M.Mehdizadə həmişə hesab edirdi ki, təhsil kiminsə mülahizəsi, dirijor çubuğu ilə yox, elmi-pedaqoji əsasda qurulmalı və idarə olunmalıdır.
”Mirzə Fətəli Axundzadə nəsrdə, Səməd Vurğun poeziyada, Üzeyir Hacıbəyli musiqidə kim idisə akademik Mehdi Mehdizadə də təhsilimizdə o idi.“ (Əjdər Ağayev, professor)
Bu gün Mehdizadənin sözləri təhsil işçiləri arasında zərb-məsələ çevrilib, bunlar dəyərli sözlər kimi pedaqoji fikir tariximizə düşüb.
“Biz müəllimlər hamıya örnək olmalıyıq. Çünki təlim-tərbiyənin başında biz dayanırıq. Böyüyən nəsli həyata biz hazırlayırıq. Ona görə də müəllimin bir nömrəli keyfiyyəti halallıq olmalıdır. Halal olmayan müəllim kamil insan yetişdirə bilməz.” (Mehdi Mehdizadə)
Mehdizadə əsl xalqın adamı idi…
“Dəyərli Maarif naziri mərhum Mehdi Mehdizadəni həyatda görməmişəm. Baxmayaraq ki, onun nazir olduğu dönəmdə BDU-da müəllim işləmişəm. O zamanları mən təhsildən daha çox, elmə bağlı idim. Özüm elmlər doktoru olmasam belə, artıq 5-ə yaxın namizədlik işlərinə rəhbərlik etmişdim. Ancaq son onilliklərdə təhsilə daha yaxından bağlı olduğumdan həmkarlarımdan mərhum Mehdizadə haqqında çox xoş sözlər eşidirəm. Hətta bir dəfə təhsil eksperti hörmətli Nadir İsrafilovdan zarafatla soruşdum ki, sən rəhmətliyin qohumusan ya yerlisisən ki, bu qədər ağız dolusu ondan danışırsan? Nadir müəllim cavab verdi ki, professor, özün hər dəfə deyirsən ki, hər bir cəmiyyətin inkişafı orada ictimai mənafenin qorunma dərəcəsindən asılıdır. Mən də səndən nümunə götürürəm. Əgər onu şəxsən tanısaydın, məndən daha çox tərifləyərdin. O, bütün canı və qanı ilə şəxsi yox, ictimai mənafe daşıyıcısı idi…” (Şahlar Əsgərov, əməkdar elm xadimi, professor)
” Tarixdə qalmaq üçün, hər şeydən əvvəl, insanların qəlbində, xatirələrində yaşamaq lazımdır, bizim Mehdi müəllim kimi…”
Mənim pedaqoji sahə ilə bağlılığımda, gələcəyimiz olan təhsilə xüsusi önəm verməyimdə, və təhsil işçilərinə hədsiz rəğbət bəsləməyimdə Mehdi müəllimin şəxsi nümunəsinin böyük rolu olub

Bənzər yazılar