Professor Dilçilik İnstitutunun plagiatlıq etməsi barədə iddialara cavab verdi
AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin hazırladığı “İzahlı dilçilik terminləri lüğəti”nin “Azərbaycan onomastikası” kitabından köçürülməsi ilə bağlı yayılan iddialara münasibət bildirilib.
“Azərbaycan onomastikası” kitabının həmmüəllifi, filologiya üzrə elmlər doktoru, professor Aydın Paşayev “Report”a bildirib ki, bu iddiaların heç bir əsası yoxdur: “Lüğətin tərtibi prinsipinə görə, əvvəlki lüğətlərdən terminlər toplanıb tərtib olunan yeni lüğətə daxil edilməlidir. Bu lüğətçilikdə qəbul olunmuş ən əsas prinsipdir. Azərbaycan onomastikası izahlı terminoloji lüğətini tərtib edən zaman Musa Adilovla birlikdə mən də bizdən əvvəlki bütün terminləri toplayıb lüğətə daxil etmişik. Lüğətçilikdə bu plagiat hesab edilmir. Ona görə də mən iki lüğəti müqayisə edərək plagiatlıq axtaranların fikrini yanlış hesab edirəm. Tərtib olunan İzahlı Dilçilik terminləri lüğəti mükəmməl bir lüğətdir və mənim tərtibçi olduğum kitabdan plagiatlıq edilməyib, qaynaq kimi istifadə edilib”.
A.Paşayev problem ilə bağlı yazılı sənədlə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoyluya müraciət edib.
“Azərbaycan onomastikası” kitabı Musa Adilov və Aydın Paşayevin həmmüəllifliyi ilə tərtib edilib.