Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 11 dekabr 2018-ci il tarixli əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması öz əksini tapıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu əmrin icrası ilə bağlı müvafiq əmr imzalanıb. Payız semestrinin imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətlərin araşdırılması və düzgün qiymətləndirilməsini təmin etmək məqsədilə 9 nəfərdən ibarət Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya Komissiyasının sədri siyazi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqovdur. Apelyasiya Komissiyası ADPU-nun Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanındakı I nömrəli tədris binasının II mərtəbəsində, 240 nömrəli otaqda fəaliyyət göstərir. Apelyasiya Komissiyasının telefon nömrəsi 498-17-94-dür. Eyni zamanda payız semestrinin imtahan sessiyasının obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə 8 nəfərdən ibarət İmtahan Qərargahı yaradılıb. İmtahan Qərargahının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Asif Axundovdur. İmtahan Qərargahı və qaynar xətt (qaynarxett@adpu.edu.az.) də universitetin Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanındakı I nömrəli tədris binasının II mərtəbəsində, 205 nömrəli otaqda fəaliyyət göstərir. İmtahan Qərargahının telefon nömrəsi 498-19-04-dür.

Qeyd edək ki, payız semеstrinin imtahan sessiyası bu il yanvar ayının 4-dən fevral ayının 2-dək tərtib olunmuş cədvəl üzrə keçiriləcək. İmtahanlar ali təhsilin bakalavriat səviyyəsində I-III tədris ili tələbələri üçün yazılı formada, IV və əvvəlki illərdən olan tələbələr üçün isə spesifik fənlər istisna olmaqla, kompüter vasitəsilə test üsulu formasında, magistratura səviyyəsində isə yazılı şəkildə keçiriləcək. Payız semestrinin imtahanları Tədris Departamentinin İmtahan və monitorinq şöbəsi tərəfindən idarə olunur. Semestr imtahanlarında mütəşəkkilliyin təmin olunması məqsədilə Tədris Departamentinin ümumi təşkilatçılığı və koordinatorluğu ilə universitet üzrə 30 nəfər imtahan təşkilatçısı, o cümlədən 100-dək nəzarətçidən ibarət İmtahan İdarəetmə Qrupu yaradılıb. İmtahanların təşkili və imtahanlarla əlaqəli bütün funksiyaların icra edilməsi bu qrupa həvalə edilib. Şəffaflığın və obyektivliyin təmin edilməsi üçün rektora və prorektorlara e-poçtla birbaşa müraciət etmək, qəbula yazılmaq, İctimai Şuraya müraciət etmək, qaynarxətt@adpu.edu.az və ADPU-nun rəsmi facebook səhifəsindən inboksa

yazmaq, Tələbə Gənclər Təşkilatının xətti ilə tələbələrin rəylərinin öyrənilməsi, İmtahan Qərargahına və Apelyasiya Komissiyasına müraciət etmək imkanları təmin ediləcək, dekanlıqlarda tələbələrin qəbulları təşkil ediləcək. Bunlarla yanaşı, imtahanlara buraxılma, imtahanların təşkili, keçirilməsi qaydaları, imtahan nəzarətçilərinin vəzifələri, hüquqları və tələbələrin imtahanın gedişində hansı hərəkətlərə yol verməmələri barədə elanlar vurulub. Apelyasiya Komissiyasının və İmtahan Qərargahının əlaqə telefonları bütün tələbələrə elan edilib, universitetin saytında və facebook səhifəsində yerləşdirilib. İmtahan Qərargahına daxil olan hər bir şikayətin qısa müddətdə çevik araşdırılıb təmin edilməsi, imtahanların təşkilində və gedişində mənfi hallara yol vermiş şəxslər barədə universitetin rəhbərliyinə mütəmadi məlumat verilməsi tapşırılıb. İmtahan sessiyasının çevikliyini təmin etmək məqsədilə fakültələr üzrə imtahan nəzarətçiləri təyin edilib. İmtahan nəzarətçiləri qeyri-ixtisas sahibləridir. İmtahanlar hər gün saat 9:00-da başlayır, 17:30-da bitir. Yazılı imtahanlar gün ərzində 3 dəfə- saat 9:00, 12:00, 15:00-da keçirilir. Test üsulu ilə hər 45 dəqiqədən bir imtahanlar keçirilir. Gün ərzində ümumilikdə təxminən 3000 nəfər tələbə yazılı və test üsulu ilə imtahan verir.

Yazılı imtahanların yoxlanılması üçün xüsusi otaqlar ayrılıb. Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə imtahanların nəticələri ADPU-nun İnternet saytına yerləşdirilir. İmtahandan aldığı qiymətlə razılaşmayan tələbələr Apelyasiya Komissiyasına, imtahanın gedişindən narazı qalan tələbələr isə İmtahan Qərargahına müraciət edə bilərlər. Eyni zamanda valideynlərlə əlaqələrin yaradılmasına, təhsil ekspertlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin ADPU-da olaraq imtahan prosesini izləmələrinə də xüsusi diqqət yetirilir ki, bu da ictimaiyyətdə imtahanların gedişi barədə dolğun təsəvvürün formalaşdırılmasına xidmət edir.

ADPU-nun filialları və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) imtahan sessiyasının gedişi haqqında mütəmadi olaraq Tədris Departamentinə və rektorluğa məlumat verirlər.

ADPU-nun rəhbərliyi auditoriyalarda olaraq imtahan prosesini müşahidə edir, imtahanların aşkarlıq şəraitində, ədalətli, şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verir.

mektebgushesi.az

Bənzər yazılar