ADPU-da silsilə seminarlar: “Milli-mənəvi, maddi-mədəni dəyərlərimiz və erməni qəsbkarlığı” adlı elmi-praktiki seminar keçirilib

7 dekabr 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin ermənilərin mənşəyi, dünya və erməni ictimai xadimlərinin ermənilər haqda fikirləri və beynəlxalq erməni terrorizmi haqda məlumatlandırılması” layihəsi çərçivəsində dördüncü elmi-praktiki seminar – ekspertlər, İctimai Nəzarət Koalisiyasının baş katibi, Yeni Yazarlar və Sənətçilər İB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (AR XİN) yanında YUNESKO üzrə Milli Komissiyasının ikinci katibi Nahid Ömərov və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Natiq İsayevin iştirakı ilə “Milli-mənəvi, maddi-mədəni dəyərlərimiz və erməni qəsbkarlığı” adlı elmi-praktiki seminar baş tutub. Tədbirdə ADPU-un Humanitar və Sosial məsələlər üzrə prorektoru f.e.d., professor Fikrət Rzayev, prorektor köməkçisi Sahil Qələndərov, layihə rəhbəri Taleh Mirzəyev və elektron seçim prosesi ilə seçilən iştirakçı tələbələr iştirak edib.

Professor Fikrət Rzayev çıxış edərək qonaqları və iştirakçı tələbələri salamladı və layihənin növbəti elmi-praktiki seminarının çox mühüm ictimai və siyasi əhəmiyyətindən söz açaraq qeyd etdi ki, bu seminarda digərlərindən fərqli olaraq məsələ ilə bağlı həm müstəqil alim və QHT nümayəndəsi, həm dövlət qurumu və həm də diplomatik missiyanın nümayəndələri iştirak edir. O, qonaqlara dəvəti qəbul etdiklərinə görə təşəkkürünü bildirdi. Sonra söz mütəxəssislərə verildi.

Ekspert Aydın Xan Əbilov məsələnin kulturoloji qoyuluşundan, milli irsimizdən, onun qorunması və təbliği yollarından, ələxsus bu sahədə sosial mediya aktivliyinin, elektron tətbiqlərin, trendlərin, ümumən, internet şəbəkəsində vətəndaş mövqeyinin rolundan danışıb, həmçinin Virtual Qarabağ, kitabxana.net – milli virtual kitabxası kimi bu sahədə dövlət və QHT layihələrindən nümunələr, örnəklər göstərdi.

Çıxış edən Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Natiq İsayev dövlət agentliyi haqda qısa məlumat verərək, agentliyin fəaliyyətində erməni plagiatçılığına qarşı və milli irsimizin mühafizəsi üçün görülən qabaqlayıcı tədbirlər haqda söz açdı, agentliyin bu sahədəki bir neçə nəşrini tələbələrə təqdim etdi, o cümlədən, elektron sahədəki işlərdən, çoxdilli video, audio, e-kitab, online konfranslar və s. materialların təbliğindən danışdı. O, xüsusi olaraq qeyd etdi ki, agentlik Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə sıx əməkdaşlıq edir və Azərbaycan maddi-mədəni irs nümunələrinin ÜƏMT-də rəsmi qeydiyyatdan keçirilməsi, mənfur qonşularımızın yalan iddiaları ilə bağlı operativ iş aparıldığını, habelə, bu sahədə ictimaiətin də üzərində böyük yükün düşdüyünü vurğuladı.

XİN yanında YUNESKO üzrə Milli Komissiyasının ikinci katibi Nahid Ömərov bu sahədə diplomatik missiyanın fəaliyyəti, uğurları, məsələlərin diplomatik etiketlər daxilində elmi faktlarla arqumentləşdirilməsinin əhəmiyyətindən və s. geniş məlumat verərək, bu yaxınlarda YUNESKO-da “Çovqan-ənənəvi Qarabağ atüstü oyunu” faylı ilə bağlı milli hesabatımızın qəbul olunduğunu, eyni zamanda “Yallı, Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiyanın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına və Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə “Dədə Qorqud isri: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı

çoxmillətli nominasiyanın YUNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən danışdı.

Sonra mövzu ətrafında tələbələri maraqlandıran suallar cavablandırıldı.

Seminarın youtube linki: https://www.youtube.com/watch?v=SDu3oTODC-w

Taleh Mirzəyev

Bənzər yazılar