Azərbaycan Dövlət Pedaqoji Universiteti Mektebgushesi.az internet portalının reallaşdırdığı “Hansı universitetin rektoru tələbələrə və cəmiyyətə əlçatandır” nominasiyalı virtual sorğunun qalibi olub.

Noyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində birinci yerin qalibi mükafatının təqdimetmə mərasimi keçirildi. Geniş diskussiya xarakterli tədbirdə Mektebgushesi.az saytının təsisçisi və baş redaktoru Məzahir Məmmədli çıxış edərək sorğunun məqsədi, keçirilməsi mexanizmi və gedişiatı barədə geniş məlumat verdi. Məlum oldu ki, sorğu 43 universitet arasında keçirilib. Səsvermə ölkəmizin paytaxt və regionlarında yerləşən bütün ali təhsil ocaqlarını əhatə edib: “Sorğuda ümumilikdə 9115 respondent iştirak edib. Nəticədə ADPU 2764 səslə qaliblər sırasında birinci yeri tutub. ADAU isə 2177 səslə sonrakı paytaxt və regionlarda yerləşən bütün universitetləri qabaqlayıb. Mübarizə çox gərgin, nəticələrin tez-tez dəyişməsi şəraitdə baş tutub. Nəticə isə göz önündədir. Sorğu müddətində bütün normativlərə əməl olunub. Təəssüf ki, portalın təhsilin modernləşməsinə dəstək xarakterli sorğusunda yenə də passiv olan təhsil ocaqları olub ki, onlar sadəcə sıralanmanın sayını artıra biliblər. Ümid edirik ki, gələcək sorğularda onlar da portal kollektivinin bu nəcib niyyətini qiymətləndirərək fəal olacaq, həm də təhsilin müasirləşməsi istiqamətində hərəkətlənərək atılan addımlarda öz yerlərini qoruya biləcəklər…”

Tədbirdə təhsil üzrə ekspert, fizika elmləri doktoru, professor Şahlar Əsgərov çıxış edərək sorğunun əhəmiyyətinə diqqəti çəkərək universitet rəhbərliyini təbrik etdi. ADPU rerktorunun bu qədər əlçatan ola bilməsinin bu müəllimlər ocağının inkişafında xüsusi rol oynayacağını bildirdi və müvafiq qalib plaketinin universitetin rektoru, professor Cəfər Cəfərova təqdim etdi. Sonra rektor Cəfər Cəfərov çıxış edərək obyektiv sorğuya görə sayt rəhbərliyinə təşəkkür etdi, son illər rəhbərlik etdiyi universitetdə görülən işlərdən, eləcə də mövcud tələbə-müəllim, tələbə-rektor münasibətlərindən danışdı. Qeyd etdi ki, onun arzusu rektora əlçatanlığın özünü daha çox təhsilin inkişafında göstərməsidir. Rektor universitetdə aparılan islahatlar sırasında müəllimlərin seçki yolu ilə müəyyənləşdirilməsini, gələcəkdə müəllimlərin reytinqinin də qiymətləndiriləcəyini xüsusi qeyd etdi.

Təhsil üzrə ekspert Nadir İsrafilov qalib universitetdə aparılan islahatların həqiqətən də bütün təhsil ocaqlarına səs sala biləcək səviyyədə olduğunu bildirdi. Onun sözlərinə görə, bu sorğu xüsusilə əhəmiyyətlidir: “Çünki rektor-pedaqoq-tələbə müasir dünya təhsil praktikasında təhsilin bərabərhüquqlu subyektləri hesab olunur. Bu münasibətlərin intişarı isə sonucda mütləq təhsilin inkişafını stimullaşdıracaqdır. Ona görə də Mektebgushesi.az saytının irəli sürdüyü bu mövzu şübhə yoxdur ki, gələcəkdə də təhsil işçiləri və tələbələr arasında münasibətlərdə öz müsbət rolunu mütləq oynayacaqdır.”

Digər təhsil eksperti, Etibar Əliyev isə bu sorğunun nəticələrinin gələcəkdə universitetlərin reytinqinin həm yerli, həm də beynəlxalq səviyyədə səciyyələndirilməsində əhəmiyyətli olacağını söylədi. Qeyd etdi ki, indi daha çox ictimai rəyə əsaslanma və tənqidi pedaqogikanın inkişafında bu tipli sorğuların sayı artırılmalı və onların çeşidi genişləndirilərək video-müsahibələr, müsahibələr və başqa forma və məzmunda davam etdirilməlidir.

Pedaqoji Universitetdə magistr təhsili almış təhsil eksperti Kamran Əsədov bu təhsil ocağının qalibiyyətindən məmmnunluğunu bildirdi və bu münasibət ilə kollektivi təbrik etdi. O, bildirdi ki, universitetdə mövcud olan yaxşı nümunələrin digər universitetlərdə də tətbiqi mütləqdir.

Geniş polemika şəraitində davam edən tədbirdən sonra universitet rəhbərliyi ekspertlər və sayt əməkdaşları ilə birlikdə tədris korpusunu gəzərək universitetdə aparılan işlərlə tanış oldular.

Nəzirməmməd Zöhrablı

Bənzər yazılar