Noyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Elmlər Akadaemiyası (AMEA) Radiasiya Problemləri İnstitutu (RPİ) ilə görüş keçirilib.

Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. ADNSU-da yeni ixtisasların formalaşmasının və Nazirlər Kabinetinin qərarı ilə artıq reyestirdən keçən “Mühəndis fizikası” ixtisasının əhəmiyyətindən danışan rektor, professor M.Babanlı AMEA RPİ ilə bir çox sahələrdə xüsusən də buraxılış işlərinə rəhbərlik, dissertasiya mövzularının seçilməsi, həmçinin müəllim və tələbələrin təcrübəyə cəlb olunması sahəsində əlaqələrin davam etdiriləcəyinə ümidvar olduğunu deyib.

Zəngin tarixi kökləri olan elm ocağında olmaqdan məmnun olduğunu deyən AMEA RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov elmin inkişafının alimlər arasındakı əməkdaşlıqdan keçdiyini bildirib və ADNSU ilə bir sıra mühüm istiqamətlərdə əməkdaşlığın vacibliyini qeyd edib.

Daha sonra çıxış edən AMEA RPİ-nin elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva İnstitutun əsas elmi istiqamətlərindən və fəaliyyət spektrlərindən söz açıb. Hər iki tərəfin geniş resurs bazasına malik olduğunu qeyd edən R.Mehdiyeva laborator sahədə də böyük əməkdaşlıq imkanlarının olduğunu bildirib.

Tədbirin sonunda tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bənzər yazılar