“Bir Azərbaycan dili mütəxəssisi kimi məni də narahat edir ki, valideynlər övladlarının Azərbaycan bölməsində yox, rus bölməsində təhsil almasına can atırlar”

Deputat Gövhər Baxşəliyeva parlamentdə Azərbaycanda son illər rus sektoruna qoyulan uşaqların artması tendensiyasından narahatlığını ifadə edib: “Bu, kökündən səhvdir. Məncə, bunun qarşısı alınmalıdır. Bu mənim rus dilinin əleyhinə çıxmağım kimi qəbul edilməsin. Amma mən birinci sinifdən başlayaraq uşaqların rus dilində təhsil almasının tərəfdarı deyiləm. Arazın o tayında 35 milyon ana dili uğrunda mübarizə aparır. Amma biz burda ana dilində təhsildən imtina edirik. Belə olduğu halda, onlar müəyyən mentalitetin daşıyıcısı kimi formalaşırlar. Sovetlər dövründə vəziyyəti başa düşə bilərdik.
Çünki müstəqil deyildik. Ancaq biz bu gün müstəqilik. Ölkəmizdə karyera və təhsil üçün bütün şərait yaradılıb. Ona görə də hesab edirəm ki, rus dili xarici dil kimi tədris olunsun. Amma orta məktəbdən, yəni, birinci sinifdən başlayaraq sona qədər uşaqların bu dildə təhsil alması doğru deyil”.
Millət vəkili Nizami Cəfərov məsələylə bağlı “Şərq”ə bildirib ki, orta məktəblərdə rus dilində təhsilə marağın öncə nəyə görə artdığı təhlil edilməlidir. Onun fikrincə, gərək məsələyə analitik yanaşılsın:
“Əvvəlcə öyrənmək lazımdır ki, niyə Azərbaycandilli valideynlər uşaqlarını Azərbaycan bölmələrinə yox, rus bölmələrinə qoyurlar?! İndi bir hissə rusdilli məktəblərə gedir. Sabah dövlət tərəfindən ingilisdilli məktəblər açılsa, ora gedəcəklər. Hazırda özəl ingilisdilli məktəblərdə ödəniş yüksəkdir ona görə orda oxumurlar. Deməyim odur ki, bunun səbəbləri aydınlaşdırılmalıdır. Yəqin ki, orada təhsil yaxşı verilir. Sadəcə olaraq sadəlövhcəsinə demək olmaz ki, rus dili bölmələrində oxumasınlar. Problemin kökünə baxmaq lazımdır. Düşünürəm ki, Azərbaycan dilində olan məktəblər çalışmalıdırlar ki, tərbiyə, tədris, dərsliklərin səviyyəsi rusdilli məktəblərdəkindən yüksək olsun. Çünki təhsil sahəsində də rəqabət var”.
N.Cəfərov onu da qeyd edib ki, rus dilində təhsilə önəm verilməsi ümumilikdə hamımızın narazılığına səbəb olur:
 “O cümlədən də bir azərbaycanlı, bir Azərbaycan dili mütəxəssisi kimi məni də narahat edir ki, valideynlər övladlarının Azərbaycan bölməsində yox, rus bölməsində təhsil almasına can atırlar. Amma bütün hallarda yenə də bunun səbəbləri araşdırılmalıdır”.

 

Bənzər yazılar