Bakı Ali Neft Məktəbində (BANM) 2017/2018-ci tədris ilinin başlanması münasibəti ilə “Bilik günü”-nə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qari Counz, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, SOCAR-ın vitse-prezidentləri, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və transmilli şirkətlərin rəhbərləri, Bakı Ali Neft Məktəbinin professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib.
Tədbirdən öncə qonaqlar Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyaraq öz ehtiramlarını bildiriblər.
Dövlət himni səsləndikdən sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək qonaqları salamlayıb, 2017/2018-ci tədris ilində yüksək bal toplayaraq BANM-in tələbəsi adını qazanmış gəncləri və onların valideynlərini yeni tədris ili münasibəti ilə təbrik edib, onlara cansağlığı və təhsildə uğurlar arzulayıb. Ali Məktəbin qısa zamanda əldə etdiyi uğurları, görülən işlər və perspektivlər haqqında danışan rektor Elmar Qasımov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017/2018-ci tədris ilində Prezident təqaüdünə layiq görülən I qrup üzrə 25 təqaüdçülərdən 24 nəfər məhz Bakı Ali Neft Məktəbinin tələbəsidir.
Rektor həmçinin qeyd etdi ki, bu il Ali Məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına minimal keçid balı 685 olub və bu, ölkə üzrə rekord göstərici kimi müəyyən qeyd edilib. Digər iki ixtisas – “Kimya mühəndisliyi” və “Neft qaz mühəndisliyi” ixtisaslarının minimal keçid balları da artaraq, müvafiq olaraq 662 və 663 bal olub. Rektor I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbənin hər biri məhz bu ali təhsil müəssisəsini seçdiyini xüsusi vurğulayıb.
“İlk 102 məzun SOCAR-da, SOCAR Polymer, SOCAR AQŞ, SOCAR Upstream, Turkiyədə PETKİM və STAR kimya zavodları, transmilli şirkətlərə – BP, Maire Technimont Group, Halliburton və digər şirkətlərdə işlə təmin olunublar. Eyni zamanda, BANM-in və dünyanın bir çox inkişaf etmiş ölkələrinin nüfuzlu ali məktəblərinin magistratura və doktorantura proqramlarına qəbul olunublar. Bunlardan, Stenford Universiteti, Colorado School of Mines (ABŞ), Hamburg-Harburg Texnik Universiteti, Friedrich-Alexander Erlangen Nürnberq Universitetinin (Almaniya) və digər bir sıra xarici ali məktəblərlə siyasını davam etdirmək olar”, – deyə E.Qasımov bildirib.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev Ali Məktəbin kollektivini, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etdi. Rövnəq Abdullayev ingilis dilli yüksək ixtisaslı mütəxəssislər hazırlayan BANM-də hazırlanan gələcək mühəndis kadrların Azərbaycan sənayesinin inkişafına dəyərli töhfə verəcəyinə əmin olduğunu bildirib.
O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 1 may 2017-cı il tarixində Qafqaz regionunun ən böyük kampusu olan BANM-in yeni kampusunun istifadəyə verildiyini qeyd edib və Cənab Prezidentin öz çıxışında da Ali Məktəbin fəaliyyətinə və yeni kampusa yüksək qiymət verdiyini vurğulayıb.
Rövnəq Abdullayev Azərbaycan Prezidentinin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarının həyata keçirilməsininin vacibliyinə diqqət çəkərək ölkə başçının etimadını layiqincə doğrultmağı SOCAR-ın fəaliyyətində əsas prioritet olduğunu vurğulayıb.
BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qari Counz ingilisdilli yüksək ixtisaslı mütəxəssislər hazırlayan BANM kimi ali təhsil ocağı ilə əməkdaşlıq qurmaqdan məmnunluğunu ifadə etdi. O, BANM-də yetişdirilən gələcək mühəndis kadrların Azərbaycan sənayesinin parlaq gələcəyinə zəmin yaratdığını deyib.
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə öz çıxışlarında BANM-in tələbələrini təbrik edərək onlara gələcək karyeralarında uğurlar və yeni-yeni nailiyyətlər arzulayıb. O, Ali Məktəbin tələbələrinin gələcəkdə mühəndislik sahəsində ən peşəkar Azərbaycanın kadrları olacağına əminliyini vurğulayıb.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev Azərbaycan ali təhsil müəssisələri arasında ən yüksək keçid balına malik ixtisasının məhz BANM-də olmasını və ən istedadlı abituriyentlərin bu ali təhsil ocağını seçməsini xüsusi vurğulayıb.
BANM-in ilk məzunlarından “Kimya mühəndisliyi” ixtisasının birincisi olan, hal hazırda BP şirkətində çalışan Əhməd Qələndərli ölkə Prezidentinə, SOCAR-ın rəhbərliyinə, Bakı Ali Neft Məktəbinə və sevimli müəllimlərə minnətdarlıq duyğularını çatdıraraq BANM-ə yeni qəbul olunan tələbələrin layiqli kadrlar kimi yetişməsini arzulayıb.
Daha sonra Əhməd Qələndərli Ali Məktəbin məzunları adından SOCAR-ın prezidenti Rövnəq Abdullayevə xüsusi xatirə hədiyyəsi təqdim edib.
Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ili üzrə keçirilən qəbul imtahanında 700 bal toplayanların sırasında olan və BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçən Mahirə Əsədzadə öz çıxışında Ali Məktəbin tələbələr üçün böyük şanslar vəd etdiyini, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına önəm verdiyini qeyd edib.
Qəbul imtahanlarında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olan Abdulla Əsgərzadənin valideyni Yeganə Əsgərova çıxış edərək övladının Azərbaycanın ən nüfuzlu Ali Məktəbində təhsil alacağına görə sevinc hissləri keçirdiyini bildirib.
O, BANM-in rəhbərliyinə, professor və müəllimlərinə gənc nəslin təlim və tərbiyəsində sərf etdikləri əməyə görə təşəkkürünü bildirib.
700 bal toplayan digər tələbə Jalə Məmmədovanın təhsil aldığı Abşeron rayonu Xırdalan şəhər 5 saylı orta məktəbin direktoru Şahin Yusifov tələbənin məhz BANM-i seçməsindən dolayı qürur duyduğunu bildirib.
Sonra 2017/2018-ci tədris ilində Bakı Ali Neft Məktəbinə qəbul olunmuş tələbələrə tələbə vəsiqələri təqdim olunub.
Mektebgushesi.az