ADPU-da II və III tədris ili magistrantlarının elmi-pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilib

Fevralın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) II və III tədris ili magistrantlarının elmi-pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilib.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov konfransı giriş sözü ilə açaraq bildirib ki, universitetin cəmiyyət və dövlət qarşısında böyük öhdəliyi var. Biz Azərbaycan məktəbləri üçün yüksək səviyyəli pedaqoji kadrlar hazırlamalıyıq. Bu, həm də ADPU-nun şərəfli missiyasıdır. Ulu öndər Heydər Əliyev demişdir: “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”. Elmi-pedaqoji təcrübə magistrantların həyatında mühüm və məsuliyyətli bir mərhələdir. Siz öyrəndiyiniz bilik və bacarıqları təcrübədə tətbiq edəcəksiniz. İstər təhsil dövründə, istərsə də sonrakı fəaliyyətinizdə ADPU-nun adını uca tutmalı, böyük və şərəfli ənənələri yaşatmalısınız. Rektor çıxışının sonunda magistrantlara uğurlar arzulayıb.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov çıxış edərək bildirib ki, elmi-pedaqoji təcrübə magistrantlar üçün çox vacibdir. Elmi-pedaqoji təcrübə müddətində nizam-intizam və keyfiyyət təmin edilməlidir. Elmi-tədqiqat fəaliyyəti magistrantlar üçün mühüm əhəmiyyət kəsb edir. Biz elmi rəhbər məsələsinə xüsusi diqqət yetirməliyik. Magistr dissertasiyalarının keyfiyyəti yüksəldilməli, plagiatlığa yol verilməməlidir. Magistrantlarımız dünyanın aparıcı dillərini, xüsusilə də, ingilis dilini mükəmməl öyrənməlidirlər. Biz ADPU-nun tədqiqat universitetinə çevrilməsi üçün birgə əzmlə çalışmalıyıq. Yaxın vaxtlarda ADPU-da “Fənlərin tədrisi metodikası:müasir yanaşma” Respublika elmi konfransı keçiriləcək. Magistrantlarımız bu elmi konfransda fəal iştirak etməlidirlər.

Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov elmi-pedaqoji təcrübənin təşkili və keçirilməsi haqqında məlumat verib. Qeyd edib ki, ADPU-da əyani formada təhsil alan II və III tədris ili magistrantları 16 fevral – 16 mart tarixlərində ixtisas kafedralarında 4 həftə elmi-pedaqoji təcrübə keçəcəklər. Elmi-pedaqoji təcrübədə 19 ixtisas, 20 ixtisaslaşma üzrə 415 nəfər magistrant iştirak edəcək.

Konfransda elmi-pedaqoji təcrübənin səmərəli təşkili və keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, maraqlı təkliflər irəli sürülüb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Bir cavab yazın