Əhməd Qəşəmoğlu: “İlahiyyat institutunun yaradılması olduqca vacib idi”

Bunu  prezident İlham Əliyevin sərəncamı ilə yaradılacaq Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti haqqında danışarkən sosioloq Əhməd Qəşəmoğlu deyib.
O diqqətə çatdırıb ki, cəmiyyətdə dinə münasibətdə yetkinlik, müasir tələblərə cavab verən baxış olmalıdır:
“Bununla bağlı kadrlar yetişdirməliyik. Din sahəsini dərindən bilən mütəxəssislərin hazırlanmasına ehtiyac var. Məsələn, ölkədə dinlə bağlı konkret doktrina, fəlsəfi sistem olmadığına görə, bir boşluq var. Başqa dövlətlər, ölkəmizdə maraqları olanlar, boşluqlardan istifadə edirlər. Dini motivli istənilən baxış ölkədə müxtəlif motivlərdə yayıla bilər. Ona görə, İlahiyyat İnstitutunun yaradılması ilə istər İslam dininə, istərsə də başqa dinlərə olan münasibətimiz daha da elmi şəkildə olacaq.
İslamın arxasında ciddi elm adamları, alimlər olub. Dünyanın müxtəlif ölkələrində İslam dini buna görə təbliğ olunub, yayılıb. Alimlər dindən uzaq düşdüyü vaxtdan isə cəhalət artmağa başladı. Bu baxımdan, savadlı din xadimlərinin yetişməsi ilə bağlı İlahiyyat İnstitutu böyük işlər görəcək. Bu da mənəvi zənginliyimiz, tərəqqimiz üçün müsbət rol oynaya bilər”.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratmaq, Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb.
Eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi iki ay müddətində Azərbaycan İlahiyyat İnstitutunun nizamnaməsini Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Aysel Aslan

Bir cavab yazın