Limunət Əmrahlı: “Onlardan əl çəkin!”

“Sanki bu informasiyaları əlbəəl yayan şəxslərin hamısının övladları “aydan arı, sudan duru”dur”

“Psixoqamma”nın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlı Moderator.az-a açıqlamasında bu günlərdə Bakının 134 saylı məktəbində baş verən məlum olayla bağlı maraqlı fikirlər səsləndirib. Bu cür olayların media və sosial şəbəkələrdə qabardılmasının yanlış olduğunu bildirən L.Əmrahlı, məsələyə bu cür yanaşmanın vəziyyəti daha da mürəkkəbləşdirdiyini, hadisə iştirakçısı olan yeniyetmələrin psixologiyasına ciddi zərbə vurduğunu qeyd edib:

“Bügünlərdə sosial şəbəkələri zəbt edən məlumat 134 saylı məktəbdə baş verənlərlə bağlıdır. Ölkənin bu qədər problemləri, dərdi-səri varkən, bir gəncin və bir yeniyetmənin şəxsi həyatına aid olanların sosial şəbəkələri zəbt etməsi və bunun az qala görünməmiş hadisə kimi qələmə verilməsi başa düşülən deyil. Bəli, xoşagəlməz hadisə baş verib. Bu şagirdlər ailə dəyərlərini, milli dəyərləri, məktəb qaydalarını tapdalayıblar. Bu aydın məsələdir. Ancaq məsələ bundadır ki, hadisədə ilk zərər çəkənlər də elə onların özləridir. Cinsi yetişkənlik dövründə belə hərəkətlər edən yüzlərlə məktəblilər var. Məgər bunlardan xəbəriniz yoxdurmu? Öz təcrübəmdə məhz yeniyetməlik yaşında yol verdikləri səhvlərə görə ailə qurduqdan sonra belə etdiyi hərəkətin ağırlıq yükünü daşıyan, depresisyaya düşmüş onlarla insanların həyat hekayələrini dinləmişəm. Onlara təsəlli vermişəm. Belə hallarda şüuraltında gəzdirdiyi xəcalət və vicdan yükündən azadolmanın yollarını göstərmişəm. Onsuz da həyatları boyu bu hərəkət ağır daş kimi onalrın yaxasından asılıb qalacaq. Baş verələrlə bağlı məşğul olmalı olan insanlar isə, ilk növbədə onların valideynləri, məktəb və hüquqi orqanlardır. Cavabdeh şəxslər qanun çərçivəsində cəzalarını alacaqlar. Sanki bu informasiyaları əlbəəl yayan şəxslərin hamısının övladları” aydan arı, sudan duru”dur. KİV-in etdiyinin nəticəsi də artıq göz qabağındadır. Verilən məlumata görə, qız venasını doğrayıb. Önları intlhara qədər izləyəcəksinizmi? Başqa işiniz-gücünüz yoxdurmu? Baş verənlərin səbəblərini, kimlər təfərindən çəkilməsini, yayılmasını aydınlaşdırmaq vacibdir, ancaq belə hadisələr üzərində şoular düzəltmək olmaz. Onları rahat buraxın. Qoyun, “öz yağları ilı özləri qovrulsunlar”. Yanan ocağa benzin tökməyə gərək yoxdur, onsuz da yanır. Əl çəkin onlardan, imkan verin etdikləri hərəkətin xəcalət yükünü özləri çəksinlər”.

 

Mektebgushesi.az

Bir cavab yazın