Tacikistan universitetlərində azərbaycanlı tələbələr üçün kvota ayrılacaq

Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə bu ölkənin elm və təhsil naziri Nurullo Saidlə görüşüb.

Azərbaycanın Tacikistandakı səfirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Tacikistan arasında təhsil müəssisələri Assosiasiyasının yaradılması məsələsi müzakirə olunub. Həmçinin, qurumlar arasında illik kvotaların ayrılmasına dair Protokolun imzalanması, M.S.Osimi adına Tacikistan Texniki Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetləri arasında Memorandumun imzalanması və ikitərəfli digər əhəmiyyət kəsb edən məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

N.Said Azərbaycanın təhsil sahəsində böyük təcrübəyə malik olduğunu, iki ölkə arasında mövcud olan Hökumətlərarası Komissiyanın Protokolun müvafiq bəndində Azərbaycanla Tacikistan arasında təhsil sahəsində əməkdaşlığın aparılmasının əks olunduğunu diqqətə çatdırıb. O, Tacikistanda hazırda 39 ali təhsil müəssisəsinin mövcud olduğunu bildirib və imzalanmış sazişə əsaslanaraq Azərbaycan universitetləri tərəfindən ayrılmış kvotalara uyğun olaraq tələbələrin Azərbaycana təhsil alması üçün göndəriləcəyini söyləyib. Eyni zamanda qeyd edib ki, Tacikistan universitetlərində də azərbaycanlı tələbələrin təhsil alması üçün kvotalar ayrılacaq.

Bir cavab yazın