Kamran Əsədov: “Universitetlərdə tələbə köçürülməsi qaydaları sadələşib”

Azərbaycan təhsilin inkişafına böyük zərbə vuran hallardan biri və bəlkə də ən başlıcası 2015-ci ilə qədər tələbələrin bir ixtisasdan və ya universitetdən digərinə köçürülməsi idi.

 

Əvvəllər tələbə köçürülməsi qeyri-şəffaf şəkildə aparılıb: “2015- ci ilə qədər kimsə xalq çalğı alətləri, aktyorluq, solo oxumaq, maşınqayırma, gəmiqayırma ixtisaslarına qəbul olur, bir il sonra isə onun ən prestijli, yüksək ballı ixtisaslara rahatlıqla, həm də qeyri-şəffaf şəkildə köçürülməsi baş tuturdu.

2015-ci ildən isə bu proses mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Artıq tələbələrin köçürülmə prosesinə kənar müdaxilə etmək mümkün deyil.

İndi ilk növbədə müraciət etmiş tələbənin topladığı bal köçürülmək istədiyi ixtisas üzrə eyni olmalıdır. Yəni hansısa bir abituriyent 395 bal toplayıb və indi keçid balı 400 olan ixtisasa keçid etmək istəyərsə, bu, mümkün deyil. Onun minimum 400 balı olmalıdır.

Bu minimum tələb həm orta ixtisas təhsili müəssisələrində, həm bakalavr, həm də magistr pilləsində təhsil alan və köçürülmək üçün müraciət edən şəxslərə aiddir”.

Kamran Əsədov bildirib ki, bu ildən etibarən çox ciddi və müsbət bir yenilik də tətbiq edilib: “Bakıdan kənarda yerləşən ali təhsil müəssisələrində oxumaq istəyən tələbələrə köçürülmək üçün bal məhdudiyyəti tətbiq edilmir. Lakin bütün müsbət nəticələrə baxmayaraq, yenə də problemlər var.

Bəzi ali və orta ixtisas təhsil müəssisələri tələbələrin köçürülməsinə maneə yaradır. Tələbənin çıxmaq istədiyi təhsil müəssisəsi tələbələrə lazım olan sənədləri ya vermir, ya da gec verir ki, tələbə vaxtında elektron müraciət edə bilməsin. Bu kimi hallar daha çox özəl ali və orta ixtisas təhsili müəssisələrində – kolleclər də baş verir. Səbəb, əlbəttə, onların tələbə ilə bərabər itirdikləri maliyyə vəsaitidir.

Obyektiv şəkildə həyata keçirilən tələbə köçürülməsi təhsilin inkişafı, universitetlər arasında rəqabət qabiliyyətinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir. Bundan sonra universitetlər daha keyfiyyətli təhsil verməyə məcbur olur ki, həm öz tələbəsini itirməsin, həm də kənardan tələbə cəlbini təşkil edə bilsin”.

Qeyd edək ki, bu gündən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılır.

Sənəd qəbulu transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək və bu proses fevralın 7-dək davam edəcək.(Teleqraf.com)

Bir cavab yazın