Qulu Məhərrəmli: “Nitq və eşitmə məhdudiyyəti olan şəxslərlə ünsiyyət məsələsi ciddi sosial problemdir”

 Danişma və eşitmə məhdudiyyətli şəxslərin ali təhsil almasi mümkündürmü ?

“Həmin şəxslərin birləşdiyi qurumlar təkliflər versələr, əminəm ki, istənilən universitet məmnuniyyətlə qapılarını bu insanların üzünə açar”

Bu barədə “Sherg.az”a nitq və eşitmə məhdudiyyətli şəxslər üçün televiziyalarda surdo-tərcümələrin olmamasından danışarkən BDU-nun professoru, tanınmış teleaparıcı Qulu Məhərrəmli bildirib.
O xatırladıb ki, əvvəllər bəzi kanallarda konkret xəbərlər proqramında işarət dili ilə tərcümədən istifadə olunurdu:
“Çünki bu hökumətin qərarı idi ki, bu cür məhdudiyyəti olan insanlar nəzərə alınsın. Həmin şəxslər cəmiyyətin üzvləridir. Onlar üçün elə imkanlar yaradılmalıdır ki, digərləri ilə rahat ünsiyyət qura bilsinlər. İctimai yerlərdə, böyük xidmət sahələrində çalışanların bu şəxslərlə asan ünsiyyət yanaşması olmalıdır. Bu problemlərlə bağlı onların birləşdiyi təşkilatlar məsələ qaldırmalıdır.
Televiziyalarda da bu şəxslərlə bağlı addım atılmalıdır. Xüsusilə, informasiya proqramlarında, eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün surdo- tərcümələr verilməlidir. Hansısa əhəmiyyətli, cəmiyyətdə baş verənlərdən ibarət veriliş varsa, onların da işarət dili ilə izahı verilsin”.
Bu cür məhdudiyyətli şəxslərin ali təhsil almasına gəlincə Q.Məhərrəmli vurğulayıb ki, müvafiq təşkilatlar müraciət edərsə, məsələ gündəmə gətirilə bilər:
“Həmin şəxslərin birləşdiyi qurumlar təkliflər versələr, əminəm ki, istənilən universitet məmnuniyyətlə qapılarını bu insanların üzünə açar. Amma qrup təşkil edilməlidir, ən azı 10 nəfər olmalıdır ki, müvafiq sistem qurulsun. Məlumatıma görə, eşitmə və nitq məhdudiyyəti olan insanların birləşdiyi təşkilatlar özləri də maliyyə və təşkilatlanma baxımından Sovet dövründəki kimi deyil. Ona görə, bu sahədə aktivlik yoxdur”.
Aysel Aslan

 

Bir cavab yazın