Əhməd Qəşəmoğlu: “Məktəbli qızın müəlliminə qoşulub qaçması biabırçılıqdır”

Goranboyda rəqqasə olmaq istəyən 16 yaşlı qızı 31 yaşlı rəqs müəllimi qaçırıb. Humay Cəlilova yanvarın 2-də paltar və sənədlərini götürərək evdən çıxıb və naməlum istiqamətə yollanıb.
Humayın valideynləri Mətanət və Canpolad isə qızın tapılması üçün Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinə müraciət edib.
Araşdırmalar zamanı məlum olub ki, Humay 31 yaşlı rəqs müəllimi Orucun evindədir. Humay yanvarın 2-dən bu günə qədər müəllimlə birgə yaşayır. Son vaxtlar cəmiyyətdə bu cür xoşagəlməz hallar baş alıb gedir.
Hər kəsi düşündürən isə bir məsələ var. Belə hadisələrin baş verməsinə səbəb nədir? Sosioloq Əhməd Qəşəmoğlunun  açıqlamasına görə, cəmiyyətdəki neqativ halların qarşısını almaq üçün insanların maariflənməsinə böyük ehtiyac var.
“Buna bənzər hadisələri tez-tez eşidirik. Azərbaycan xalqının hər zaman tənqidi olaraq yanaşdığı belə xoşagəlməz məsələlər daim ortaya çıxmaqdadır. Bizim ümumi davranışımıza, əxlaqımıza, ənənələrimizə uyğun gəlməyən hadisələrin sayı çoxalır. Sual yaranır ki, niyə bu cür hallar baş verir? Əvvəla onu deyim ki, qloballaşma prosesində biz bəzi qabaqlayıcı işlər görməliyik, amma onları görmürük. Hər hansı bir müəssisədə dəzgahda işləyəndə, qabaqcıl idarələr əvvəlcə təhlükəsizlik qaydalarını öyrədirlər. Məsələn, bir işçi gedib xarici təşkilatlarda işləsə, ona bir gün təhlükəsizlik tədbirləri haqqında təlimlər keçəcəklər. Qloballaşma prosesinin belə sürətlə getdiyi bir vaxtda burda da təhlükəsizlik məsələləri ön planda olmalıdır, bu sahəni elmi əsaslarla hazırlayan institutlarımız olmalıdır. Təəssüf ki, bu yoxdur. Bu xoşagəlməz əlamətlərin hamısı simptomlardır ki, dərindən xoşagəlməyən xəstəlik formalaşır.
Bu zaman da cəmiyyətdə daha çox xoşagəlməz hallar olur. Bununla bağlı bir çox təşkilatlarla maarifləndirici işlər görülməlidir. Bu işlərin görülməsi üçün də konkret şəkildə razılaşdırılmış mütəxəssislərlə humanitar siyasət lazımdır. Təəssüf ki, bu məsələlərə o qədər də ciddi diqqət yetirilmir. Cəmiyyətdə özbaşınalıq sindromu get-gedə inkişaf etməkdədir. Çox çalışmalıyıq ki, gənclərimizə azadlığın özbaşınalıq olmadığı ilə bağlı fikirləri aşılayaq.
 İnsan o vaxt azaddır ki, öz təyinatına uyğun imkanları çox olsun. İmkanlar çox olanda insan daha azad olur. Ölkədə ailə, müəllim-tələbə məsələlərində xaotik bir vəziyyət yaranıb. Buna ciddi şəkildə, sivil yollarla müdaxilə etmək lazımdır”.
Yeganə Bayramova

 

Bir cavab yazın