Bakı humanitar kollecində nə baş verir?

Bakı humanitar kollecində təhsil alan ikinci kurs tələbəsindən redaksiyamıza daxil olmuş şikayət  məktubunu oldugu kimi dərc edirik.

Hörmətli redaksiya, mən Bakı humanitar kollecində təhsil alıram. İkinci kurs tələbəsiyəm. Valideyinlərim sonuncu pullarını ailəmizin süfrəsindən , əyin-başından kəsib mənim təhsil almağım ücün min bir əziyyətə qatlaşıblar.

Əslində mənim Universitetə daxil olmaq şansım var idi, ancaq ödənişli  təhsil alacağım üçün imtina etdim. Çünki ailəmizin  maddi vəziyyəti buna imkan vermirdi. Ailəmizdə ancaq anam işləyir, atam da gündəlik az gəlirli işlərlə məşğul olur. Ailə üzüvlərimizdən 3 nəfər xəstədir. Mən bu kolleci qohum məsləhəti ilə secdim. Ancaq mən ilk gəldiyim gündən bu günə peşmanam. Biz bu kollecdə rahat nəfəs ala bilmirik. Kollecimizin direktoru  Əsəd İbrahimovdur, əslində mən ondan heç şikayətçi deyiləm. Amma bu kollecdə ondan və adını çəkmək istəmədiyim 2 müəllimdən başqa bütün müəllimlər, şöbə müdirləri, hətta labarontlara kimi pulgirdi. Gözləri puldan başqa heçnə görmür.

Mən bu kollecdə təhsil almaqdan , çox peşmanam. Müəllimlərin üzünə baxdıqca nifrət hissi oyanır. Sentyabr ayından bizə semestr imtahanlarında kəsiləcəyimizi demişdilər, hətta hər kəsrin 50-60 manat olduğunu da demişdilər. Hələ bununla kifayətlənmir, müəllimlər mühazirələri telefonunuzla çəkin evdə yazarsız kimi təkliflər də edirlər. Artıq vəziyyət o yerə çatıb ki, bəzi müəllimlər dərslərinə gəlmir, gələn də də dərs keçmirlər. Hətta elə fənn var ki, qruplarda onları tanımırıq belə. Müəllimlərdən gəlməyən müəllimi soruşduqda isə: -“Onsuzda pul verib, keçəcəksiz” kimi sözlərdən istifadə edirlər. Bəzi müəllimlər isə dərsə 1 gəlib 1 gəlmir sonra da deyirlər ki, tələbələr kollokviomu bilmədikdə və kollokviom yazanda: -“Minnət qoymayın mənə açın internetlərinizi sakitcə oturub yazın” deyirlər. Amma bəzi insafsız müəllimlər də var ki, atası anası yüksək vəzifəli işlərdə işləyən tələbələri göz bəbəyi kimi qoruyur.

Bakı humanitar kollecin müəllimlərinin daha çox pul yığma vaxtı gəlib çatır, yəni ki semestr imtahanları vaxtı. Müəllimlər artıq uşaqlara: “-Valideynlərinizə deyin, pulları hazırlasın” kimi sözlərdən də istifadə edirlər. Məsələn mənim ailəmin vəziyyəti ağırdır,  qrup yoldaşlarım çoxu pul verib keçməyə hazırlaşır ancaq mən 2,3,4 balla kəsiləcəm, bu haqqsızlıq deyilmi ? Mən haqqsızlığın içində qalıram. Və bu məni hər gün daha çox peşman edir. Burdan 2018 də kollecə ərizə verəcək tələbələrə səslənirəm… Qətiyyən Bakı humanitar kolleci secməyin  sizin üçün səhv seçimdir. Bunu ailənizə etməyin !

P.S Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.