Sentyabrın 25-də Bakı Slavyan Universitetinin (BSU) rektorluğunun iclasında bu ali məktəbin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzovun, təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasovun Ukraynaya səfərləri ilə bağlı hesabatları dinlənilib.
BSU-dan Mektebgushesi.az-a bildiriblər ki, R.Novruzov səfər çərçivəsində Çerniqov Milli Texnologiya Universitetində (ÇMTU) Azərbaycan Tədris-Mədəniyyət Mərkəzinin və Azərbaycan dili Bazar Günü Məktəbinin açılması barədə məlumat verib. Vurğulanıb ki, BSU ilə ÇMTU arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Həmçinin BSU ilə Şota Rustaveli adına Batumi Dövlət Universiteti, ÇMTU arasında əməkdaşlıq barədə memorandum imzalanıb. ÇMTU-nun elmi şurasının qərarı ilə BSU-nun rektoru, professor Nurlana Əliyevaya elmi və ictimai fəaliyyətinə görə fəxri professor adı verilib. R.Novruzov diplom və medalı rektora təqdim edib.
Diqqətə çatdırılıb ki, Nurlana Əliyeva Beynəlxalq Sokrat Komitəsi tərəfindən uzunmüddətli vicdanlı və qüsursuz əməyə, peşəkarcasına məsul qərar qəbul etməsinə, elmi və ictimai sahədəki fəaliyyətinə görə “The Name in Science” fəxri mükafatına layiq görülüb. R.Novruzov mükafatın oktyabrın 6-7-də Fransanın Kann şəhərində keçiriləcək beynəlxalq festivalda BSU-nun rektoruna təqdim ediləcəyini diqqətə çatdırıb. Prorektor, həmçinin Bakı Slavyan Universitetinin “Ən yaxşı təhsil müəssisəsi” beynəlxalq mükafatına layiq görüldüyünü də bildirib. O, bununla bağlı rektora ünvanlanmış məktubda aşağıdakı fikirlərin səsləndiyini deyib: “Müəssisənin sizin rəhbərliyiniz altında uğurlu və qüsursuz fəaliyyəti Avropa Biznes Assambleyasının Beynəlxalq Sokrat Komitəsinə Bakı Slavyan Universitetini bu mükafata təqdim etməyə imkan vermişdir“.
Sonra universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Sahibə Qafarova, tədris işləri üzrə prorektor, professor Telman Cəfərov, BSU-nun jurnalistika kafedrasının dosenti, Əməkdar Jurnalist Etibar Babayev və digərləri qazanılmış uğurlar münasibətilə N.Əliyevanı təbrik ediblər.
N.Əliyeva çıxışında layiq görüldüyü mükafatlarda universitetin hər bir əməkdaşının əməyi olduğunu vurğulayıb.

Mektebgushesi.az

Bənzər yazılar