Bu gün Şuşa rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib. Bu barədə AZƏRTAC-a Şuşa Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Tədbirdə rayon icra hakimiyyətinin və təhsil şöbəsinin məsul işçiləri, məktəb direktorları, müəllimlər, idarə və müəssisə rəhbərləri, yüksək bal toplayan gənclər və onların valideynləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Şuşa şəhər 1 nömrəli tam orta məktəbin foyesindəki ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbirdə 2016-2017-ci tədris ili haqqında hesabat məruzəsi ilə çıxış edən Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev bildirib ki, son illər ölkəmizdə yeni məktəb binalarının tikintisi və köhnələrinin əsaslı təmiri geniş vüsət alıb. Bu gün ölkəmizdə gənclərin yaxşı təhsil alması, vətənpərvər böyümələri üçün hər cür şərait yaradılıb. Azərbaycan gənclərinin savadlı, dünyagörüşlü, fiziki cəhətdən sağlam və əsl vətənpərvər kimi formalaşmaları təhsil quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərin müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilməsi gənclərin daha yaxşı təhsil almalarına imkan verir. Prezident İlham Əliyevin müvafiq sahəyə diqqəti və qayğısı nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Şuşa rayonu üzrə fəaliyyət göstərən məktəblərdə təhsilin inkişafı, bu müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu qayğının nəticəsidir ki, rayon üzrə ali məktəblərə daxil olan şagirdlərin sayı ildən-ilə artır.
T.Əliyev diqqətə çatdırıb ki, 2017-ci ildə rayonun tam orta məktəblərini bitirən 125 məzundan 95-i ali məktəblərə qəbul olmaq üçün sənəd verib. Onlardan 62-si respublikamızın müxtəlif ali təhsil ocaqlarına, 1-i isə Türkiyənin Akdəniz Universitetinə qəbul olub. Rayonun tam orta məktəblərinin məzunlarından altısı qəbul imtahanlarında 600-dən, 12-si isə 500-dən çox bal toplayıb.
Milli Məclisin deputatları Elman Məmmədov, Flora Qasımova, Təhsil Nazirliyinin əməkdaşı Ənvər Abbasov, rayon icra hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva, 8 nömrəli məktəbin müəllimi Gülafət Şəfiyeva, valideynlər adından Ezangül Qəmbərova, Şuşa rayonundan ən yüksək nəticə göstərən 18 nömrəli məktəbin məzunu Suqra Abdullayeva tələbə adını qazanan gəncləri təbrik edib, onları Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağa çağırıblar.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov diqqətə çatdırıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün fəaliyyəti dövründə təhsilə böyük önəm verib. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu gün elm və təhsil quruculuğunda müasir dövrün çağırışları nəzərə alınır, dövlətimizin başçısının müəyyənləşdirdiyi “Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” prinsipi ardıcıl şəkildə icra olunur. Ölkəmizdə gənclərin yaxşı təhsil almaları, vətənpərvər böyümələri üçün hər cür şərait yaradılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində də təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi xüsusi yer tutur. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində təhsil ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdiyi yüksək diqqətin bir nümunəsidir.
Sonra qəbul imtahanında 300-dən yuxarı bal toplayan gənclərə pul mükafatı, təhsilimizin inkişafında uğurları ilə fərqlənən müəllimlərə fəxri fərmanlar təqdim olunub.
Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Mektebgushesi.az

Bənzər yazılar