Hazırda Bakı məktəblərinin 15 faizində şagird sıxlığı müşahidə edilir. Səbəb həmin məktəblərə qəbulun mikro-ərazi prinsipi əsasında aparılmasıdır. Bu barədə məlumat verən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, Bakının 85 faiz məktəbində heç bir sıxlıq müşahidə olunmur, nəticədə mikro-ərazi prinsipi tətbiq edilmir. Buna görə də valideynlər uşaqlarını istədikləri məktəbə yerləşdiriblər.
Orta ümumtəhsil məktəblərində, xüsusilə ibtidai siniflərdə yaranan şagird sıxlığı təhsilin problemləri sırasında olan məsələlərdəndir. Məlumdur ki, bir sinifdə 35-40 şagirdin olması o qədər də yaxşı hal deyil və bu, təhsilin keyfiyyətinin aşağı düşməsinə zəmin yarada bilər.
Bəs, şagirdlərin sıxlığı ilə bağlı problem həllini necə tapa bilər? Ümumiyyətlə, bu məsələnin həlli mümkündürmü?
Mövcud vəziyyətlə bağlı “Şərq”ə açıqlama verən təhsil üzrə ekspert Nadir İsrafilovun sözlərinə görə, problemi aradan qaldırmaq düşündüyümüz qədər asan məsələ deyil. Ekspert bildirib ki, məsələnin həlli üçün yeni siniflərin və korpusların yaradılmasına ehtiyac var. Bunun üçün isə maddi məsələlər müzakirə edilməli və ümumi məxrəcə gəlmək lazımdır:
“Sovet dönəmində mikro ərazi prinsipi qüvvədə idi. Hətta elə bir vəziyyət yaranmışdı ki, müəllimlər, sinif rəhbərləri qapı-qapı gəzib uşaqların cəlb olunmasına diqqət yetirirdi. Müstəqillik qazandıqdan sonra şagirdlər, valideynlər və müəllimlər bərabərhüquqlu subyekt kimi formalaşdılar. Onlar sinif və məktəb seçməkdə müstəqil oldular. Mikroərazi prinsipi gündəmdən çıxarıldı və bu, bir sıra problemlər yaratdı. Hər kəs çalışdı ki, uşaqlarını ad çıxaran, nüfuzlu hesab edilən məktəblərə qoysunlar. Beləliklə, bu hal Bakı şəhərinin mərkəzi məktəblərində sıxlıq yaratdı. Bundan sonra mikroərazi prinsipi yenidən gündəmə gəldi. Hazırda uşaqlar məktəbə mikroərazi üzrə götürülür”.
N.İsrafilov deyib ki, təhsil qanununa əsasən bir sinif 20 nəfərlə komplektləşdirilməlidir. Amma buna baxmayaraq 30-40 nəfər şagird olan siniflər var:
“Təbii ki, bu istiqamətdə müəyyən işlər görülür. Lakin məktəblərin və yeni korpusların tikintisi sıxlıq məsələsini aradan götürmür. Bizdə ibtidai təhsil 4 illikdi, amma Almaniya, Fransa və s. kimi ölkələrdə ibtidai təhsil 6 illik olaraq müəyyənləşdirilir. Fikrimcə, 12 illik təhsilə keçid zamanı ibtidai təhsili 1 il artırmaq yaxşı olardı və imkan daxilində ibtidai siniflərdə şagird sıxlığını 15-16 nəfər olaraq formalaşdırmaq lazımdır. Çünki ibtidai təhsil təməl pilləsidir. Biz uşaqlara nə öyrədiriksə, ibtidai təhsildə öyrədirik. Çox təəssüf ki, bizdə 1 və 2-ci siniflərdə 30-40 şagird oxuyur. Belə olduğu halda həmin uşaqların təməli zəif olur. Çalışmaq lazımdır ki, ibtidai siniflərdə şagirdlərin sayı minimum olsun.
Hazırda bizdə “yaxşı məktəb” və “yaxşı müəllim” anlayışı var. Hər kəs çalışır ki, uşağını yaxşı müəllim kimi ad qazanmış şəxsin sinfinə qoysun. Ona görə də siniflərdə sıxlıq əmələ gəlir. Çalışmalıyıq ki, maddiyat hesabına bu sıxlığı aradan qaldıraq. Hazırda təhsilə 2 milyard vəsait ayrılıb. Bu vəsaiti tənzimləmək üçün ibtidai siniflərdə az uşaq hesabına daha çox sinif açmaq lazımdır, nəinki yuxarı siniflərdə.Çünki ibtidai sinif fərdi yanaşma tələb edir, yuxarı siniflər müstəqildir, onların əlavə bilik əldə etmək imkanları daha çoxdur”.
Yeganə Bayramova

 

Bənzər yazılar