Bu gün Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
Konfrans Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva hesabat məruzəsində 2016-2017-ci tədris ilində əldə olunan nailiyyətlər, perspektivlər və təhsilin inkişafı istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, 2016-2017-ci tədris ili keyfiyyətin artırılması istiqamətində bir çox layihələrin həyata keçirilməsi ilə yaddaqalan olub. M.Vəliyeva çıxışında BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin 2017-2018-ci tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini bildirib. Təhsil idarəsinin müdiri ötən dərs ili ərzində əldə olunan nailiyyətlərin müqayisəli təhsilini aparıb, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işləri diqqətə çatdırıb. Bildirib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə Bakı şəhəri üzrə 1349 boş yer təqdim edilib. İndiyə qədər 651 müəllim müvafiq işlə təmin edilib.
Son bir il ərzində BŞTİ-nin daxili nəzarət sektoru tərəfindən paytaxtdakı təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində müvafiq tədbirlər görüldüyünü deyən M.Vəliyeva bildirib ki, müxtəlif təşkilatlar və vətəndaşlardan sektora daxil olan 426 müraciətdən 416-sı əsaslandırılaraq müvafiq qaydada cavablandırılıb, 10 müraciət isə hazırda icraatdadır. Onun sözlərinə görə, səlahiyyətlərində sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər neqativ hallar nəticəsində 3 ümumtəhsil müəssisəsinin fəaliyyəti ilə bağlı toplanmış sənədlər aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib. BŞTİ-nin 1 əməkdaşı, 15 təhsil müəssisənin rəhbəri, 13 direktor müavini, 2 müəllim, 1 laborant, 1 günü uzadılmış qrup rəhbəri vəzifədən azad edilib. Eyni zamanda, BŞTİ-nin 1 əməkdaşı, 16 məktəb direktoru, 31 direktor müavini, 78 müəllim, 1 uşaq birliyi rəhbəri intizam məsuliyyətinə cəlb olunub. Bundan başqa, 16 təhsil müəssisəsinin rəhbəri, 3 direktor müavini və 78 müəllimə xəbərdarlıq edilib.
M.Vəliyeva bildirib ki, bu il Azərbaycanın tədris sistemində keyfiyyət ilinin təmin olunması ilə bağlı həyata keçiriləcək tədbirlərlə əlaqədar Təhsil Nazirliyi tədbirlər planı təsdiq edib. Fəaliyyət planında təhsilin bütün əsas istiqamətləri, məktəb idarəetməsində ən müasir texnologiyalardan, yanaşmalardan istifadə, təmayülləşmə, məktəblərdə mütəmadi olaraq şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, kadr təminatı, məktəb mühitinin yaxşılaşdırılması, məktəb sənədləri ilə iş və keyfiyyətə təsir edən digər sahələr üzrə işlərin görülməsi nəzərdə tutulur. BŞTİ həmin fəaliyyət planı əsasında il ərzində məktəblərin fəaliyyətini istiqamətləndirəcək.
Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki uğurlar və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. Bilik günü münasibətilə təhsil işçilərini təbrik edən M.Cabbarov bir sıra digər həlli vacib məsələləri, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb. Nazir “Ümumi təhsildə keyfiyyət ili” elan edilmiş növbəti tədris ilinin fəaliyyət baxımından daha zəngin olacağını vurğulayıb.
Sonra 95 nömrəli tam orta məktəbin direktoru Fuad Babayev, 108 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əzət Balayeva, 162 nömrəli tam orta məktəbin məzunu , bu il qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olan Mahirə Əsədzadə çıxış ediblər.
Konfransda 2016-2017-ci tədris ilində BŞTİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Sonda ümumtəhsil müəssisələrini qızıl və gümüş medallarla bitirən məzunlar mükafatlandırılıblar.

Mektebgushesi.az

Bənzər yazılar