Babamın nağıla bənzər rəvayətlərindən birini danışacam. Amma, heç bilmirəm adını nə qoyum, danışım? Dəli Teymur, ya Qabıq Muxtar, ya Tək güllə.
Nə isə ki, mən danışım, özünüz ad taparsınız.
Hələ sovet hökuməti qurulub başa çata bilməmişdi. Yəni, babamın mənə, mənim də sizə danışacağım rəvayət o dövrdən bəhs edir.
Babamgilin ucqar, – bir tərəfdən yamyaşıl otlarla örtülü yamaclarla, bir tərəfdən hündür çinar, palıd, salxım söyüd meşələri ilə, bir tərəfdən ilan kimi qıvrıla-qıvrıla kəndin bu başından girib o başından çıxan, dağlardan axıb gələn kəhriz bulaqlarının suyu ilə əhatələnmiş kəndində çoxları hələ o zaman “fəhlələrin, bir də kəndlilərin hökuməti”nin nə demək olduğunu bilmirmişlər. Bircə bildikləri o imiş ki, kəndin ağası da, darğası da, kattası da Qabıq Muxtar imiş. Kəndin qanunu da onun ağzından çıxan söz imiş, hökmü də, rəhmi də… Bir sözlə Allahın cənnətin bir guşəsi kimi yaratdığı bu kənddə camaata qan uddurarmış.
Camaat da, babam demiş, elə bil qoyun sürüsü imiş. Hər cür qadağaya, hər tövr zülmə tablaşarmış.
Doğrudur, hərdən bir tək-tük adamlar kürt yatan toyuqlar təki qaqqıldaşarmışlar. Yəni yalandan da olsa etiraz eləyərmişlər. O da darğa Qabıq Muxtar verginin növlərində təzə dəyişikliklər eləyəndən-eləyənə… Camaat görürmüş ki, bu cür töycü, “dinməver”* ilə nə adam kimi yaşamaq mümkündür, nə də öləni yerdən urvatla götürüb qəbr evinə yola salmaq.
Verginin də qaydaları, el arasında deyildiyi kimi, “günaşırı dəyişirmiş”.
Babam deyirdi ki, kəndin baş meydanında belə bir elan da asıbmış Muxtar: “Kim ağasına söz qaytarsa dilini kəsərik, kim ağasına əl qaldırsa əlini kəsərik, kim ağasını qırmızılara satsa başını üzərik.”**
Camaat ha istəyirdi ki, Muxtarın qoyduğu təzə qaydaya alışıb öz gün-dirliyini abıra salsın… Elə bil Qabıq Muxtar qartal burnu ilə iyləyib bunu hiss eləyirdi. O saat özünün iki-üç gədə-güdəsini ətrafına toplayıb məsləhətləşərək, kimin ağzından bunun beyninə batan bir kəlmə çıxdısa, o heyndə car çəkdirirmiş kəndə ki,
– “Pəs, verginin qaydaları bu gündən belə filan cür dəyişir. Töycü, dinməver filan cür hesablanacaq…”
Camaatın arasından da bir nəfər özündə cəsarət tapıb çıxıb soruşmurdu ki, –”Balam, niyə bu camaatın belini qırırsan? Bu millətin sənə nə pisliyi keçib?! Niyə, gərək bu xalqın malını talayıb, yağmalayıb urusa-murusa yedizdirəsən?! Onlar da yeyib, harınlayıb, quduzlaşmış qancıq it kimi dübarə cumsunlar kəndə, qabaqlarına çıxan oğul-uşağı qırıb çatsınlar, qız uşaqlarının da başlarına olmazın müsibətlərini gətirsinlər?! Pəs sənin heç kəsdən qorxun yoxdur?!”
Əslində Muxtarın tək arxalandığı arabir köşlü-külfətli kəndə həm dincəlməyə, həm də camaatdan yığılan qəniməti aparmağa gələn urus pristavı idi. Tək qorxusu da arvad qohumlarından idi. Hansı ki, bu Muxtara muxtarlıq verdirmişdilər. Ta necə, nə cür babam babal yumazdı. Yəni orasını danışmazdı. Çünki, kənddə məsələnin bu hissəsi ilə bağlı çoxlu nalayiq söhbətlər gəzərmiş. Babam da o cür nalayiq fikirləri heç vaxt ağzına almazdı. Həm də babam özü qadın məsələsində çox kəskin xasiyyətin sahibi idi. Elə təkcə onu deyərdi:
– Mənim arvadımın adını xalq ağzına alıb çeynəməyə başlasa, gərək onu tikə-tikə doğrayam.
Çünki gəzən söz-söhbətlər də Muxtarın gözəl, heç özünə yaraşmayan arvadı ilə bağlı imiş.
Gün gəlir, Qabıq Muxtar reallıq hissini o qədər itirir ki, töycünü kənddə torpağa basılan ayaqların sayına görə hesablatmağa başlayır.
Bir növ başlayır camaatla məzələnməyə.
Yəni, belə bir fərman verir:
– “Dişili-erkekli, adamlı-eşşəkli, toyuqlu-cücəli, kimin neçə ayağı dəyirsə mənim torpağıma, “dinməver”i də ona uyğun hesablanacaq”
Yəni toyuq sahibi özündən savayı həm də iki ayaqlı toyuğuna görə, mal qara sahibi zəhmət çəkib heyvanlarının torpağa basılan dörd ayağına görə dinməver ödəməli idi.
Babam deyirdi ki, kəndin vergidən azad olanı urusların kiminləsə apardığı müharibədən bir ayaqlı qayıtmış “çolaq Məmi” ləqəbli Məhərrəm, bir çoban Həsənin üçayaqlı iti (o da itinin üç ayağının vergisini ödəyirmiş), bir də dul Şəhrəbanunun, Muxtarın gizlində yanına gəlib getdiyi, yaşı təzəcə 15-i haqlamış qızı Şövkət idi. Camaat da zarafatla deyərmiş ki, “Şövkətin ayaqları yerə dəymir ha, ona görə…!”
Əslində vergi şərtləri ağırlaşdıqca hərdən camaat etiraz etmək üçün küçələrə axışarmış. O vədə isə Muxtar uca taraqqa boyu ilə kəndin küçəsində qəfil peyda olarmış. Əlində də, pristavın ona bağışladığı naqan***. Onu sağa-sola hərlədib, düz tuşlayarmış küçəyə çıxan camaatın gözünün içinə. Bu vədə heç Muxtarın qohum-əqrəbasından, ya gədələrindən ətrafında tapılmazmış. Hamısı qorxusundan qapını daldan bağlayıb öz evlərində gizlənərmişlər. Necə ki, Muxtar urus naqanının dalında gizlənirmiş.
Camaat da Muxtarın sol əlində, onların gözlərinə tərəf tuşlanan naqanının titrəməsinə baxmayaraq tezcənə büzüşüb, buruğu dönüb qaçarmışlar. Beləcə camaatın etirazı yat-yut olarmış.
Adamı yandırıb yaxan şey o imiş ki, deyilənə görə camaatın canına vəlvələ salan həmən o paslı naqanın içində tək bircə dənə güllə var imiş. Və o tək bircə dənə güllənin mövcudluğunu kəndin “məmə yeyənindən, pəpə deyəninə” qədər hamı bilirmiş. İntəhası, heç kəs gönünün qalınlığına, qəddarlığına görə “Qabıq” ləqəbi qazanmış Muxtarın əlində paslı naqanın içində mövcud olan tək güllənin qurbanı olmaq istəmirmiş.
“… Kəndin tək müsibəti bəlkə də bunda idi! Hər kəs azadlıq istəyirdi, amma qurban getmək istəyən yox idi… Elə bil hamının basaratı bağlanmışdı!”
Babam qəlyanını tüstülədə-tüstülədə sanki o zamankı cəsarətsizliyini özünə dərd edirmiş kimi, çox tez-tez təkrarlayırdı:
– Bir urusun hansısa davadan qalma bir paslı naqanının içində tək bircə dənə güllə ola… Bir mahal da o güllənin qabağında əsir-yesir ola… Çünki bu mahalın yolunda bir təpərli oğul yox idi ki, qabağa çıxa, camaat da onun “hayına” “hay” verə…
Hər kəs gözləyirdi ki, bir başqası özündə cəsarət tapıb sinəsini o güllənin qabağna verəcək…
Babamın dediyinə görə, kənddə tək ikicə adam varmış, – o güllədən qorxmayan. Biri dəli Teymur… o heç, o dəli idi. Biri də çolaq Məmi. Yəni Məhərrəm. O da ki, ayaqlarını davada itirmişdi deyə evdən eşiyə çıxması mümkün deyildi.
Amma kimsə o güllənin naqandan çıxmasına bais olmalı idi ki, bəlkə bu camaat bir gün görə…
Günlərin bir günü deyəsən xalqın bu dərdinə bir çarə tapılmışdı. Kəndin sayılıb, seçilmiş ağsaqqallarından kimsə ağıllı bir məsləhət verib… Onun da arvadı təndirdə çörək bişirəndə arvadların söhbətini evdə danışanda bu fikir onun ağlına gəlibmiş. Və sonra kişilər xəlvətcə
yığışıb qərara gəlirlər ki, dəli Teymuru nə cürsə işə qoşsunlar. Yəni xalqın nicatı Dəli Teymurda imiş, guya. Doğrudur, bu işə mız qoyan da tapılıbmış. Ki, – “ağlı başında olan yüz adamın görə bilmədiyi işi bir dəlimi eləyəcək?..”
Nə isə ki, yığışıb, məsləhət, məşvərət eləyəndən sonra qərara gəlirlər… Teymurun aman-zaman bircə toyuğunu oğurlasınlar, günahı da atsınlar “Qabığın” üstünə.
Bir neçə nəfər kənd cahılları qorxmadan, çəkinmədən bədbəxt Teymurun toyuğunu həndəsə, yumurta üstdə tuturlar. Teymura heç yumurtasını da saxlamayıblar. Kəndin qırağındakı söyüdlükdə bir dəri, bir sümük toyuğu şişə çəkəndə Teymurun yaşamaq üçün yeganə ümid yeri olan toyuğunu necə təlaşla axtarmasından, camaatın bu tənha dəlinin təlaşını bic-bic, xəlvəti hırıltılarla qarşılamaqlarından xəbərləri belə olmayıb. Guya olsa neyniyəcəkdilər ki, onlardan bu cinayəti eləmək üçün camaat, kəndin ağsaqqalları, kəndin başbilənləri xahiş eləmişdilər. Hətta, bəlkə yalvarmışdılar da. Bir də xalqın nicatı üçün bir toyuq oğurluğu cinayət sayılmaz ki… Özü də ola “nə coraba yamaq, nə tumana balaq” bir dəlinin toyuğu…
– “Bəlkə də elnən gələn bəla elə bu imiş…” – deyə babam başını bulayardı…
Bir toyuqdan ötəri kəndi alt üst edən, meydanda nalə çəkən Teymurun səsini babamın danışıqlarından az qalıram yüz ilin bu başında mən də eşidəm.
Bütün kənd, guya onun dərdinə şərik olmaq üçün, meydana axışıbmışlar… Kimsə qabağa yeriyib Teymura “nəsə” deməyə cəsarət eləyirmiş. Xeyli xısınlaşmadan sonra bu “cəsarətli” “tapılır”. Qabağa yeriyib, Teymurun qulağına nəsə pıçıldayır. Heç kim Teymurun qulağına yapışmış dodaqdan çıxan səsi eşitmir. Amma hər kəs yerbəyerdən səsini qaldırır ki:
– Doğrudur, biz də gördük, Muxtar apardı…
Bu yerdə dəli Teymurun nə ağlı ona yetmir soruşsun ki, – “ay camaat, siz hardan bildiniz, bu adam mənim qulağıma nə dedi?!” Nə də uşaq ağzındakı, –”pəs mən necə dolanacam”, – suallı nidası onun bütün olan-qalan sürunu zəbt eləməsi buna imkan verməyib.
Eləcə bağırmağa başlayıb:
– Muxtar! Muxtar!
Görünür, çuğulları yenə Muxtara vaxtındaca çatdırmışdılar ki, “camaat səbəbsiz, filansız, sənin göstərişin olmadan işlərini, güclərini atıb meydana kurnaşıblar****.”
Muxtar da onun hətta “iki-üç nəfərin belə bir yerə toplaşmaq olmaz” qadağasını pozduqlarına görə camaatla “haqq-hesab çürütmək üçün” sol əlində naqan, ucuz söyüşlü ağzı köpüklənə-köpüklənə uzun ayaqları ilə meydana tərəf cummağında idi.
Hərədən bir-birinə bənzəyən də olsa, bir söz eşidən bədbəxt Teymurun kəm ağlı od tutub yanırdı. Eləcə, – “Muxtar! Muxtar!” deyə bağırırdı. Uzaqdan Muxtarın köpüklə dolub daşan ağzını görəndə elə bildi ki, ağzından sallanan onun toyuğunu dərisidi. Yenə, –”Muxtaar!.. “– deyə bağırıb özünü onun üstünə atdı. Atmağı ilə də paslı naqanın paslı gülləsinin onun ağzına girib onu susdurması bir oldu. Başının arxasından çıxan güllənin yerindən sıçrayan qan camaatın üstünə dağıldı. Kiminin üzünə çırpıldı, kiminin gözünə doldu… Sanki bu qan yox, qeyrət, cəsarət toxumu imiş. Gözü qızan camaat Muxtarın tikələrini kobud ayaqqabılarındaca kəndin küçələrinə səpələdilər. Bir neçə dəqiqədən sonra tikələri kəndin küçələrinə dağılmış Muxtarın sındırılmış pəncərələrindən evə daxil olan camaat nə evdə, nə də həyətdə heç kəsi tapmadılar. Deyilənə görə pristavın məsləhəti ilə əvvəlcədən düzəldilmiş xəlvətxanada gizlənən ailə üzvləri gecə ikən kənddən çıxmışlar. O da pristavın adamlarının köməyi ilə…
Babam bir də onu elə hey deyərdi ki, səhər Muxtarın daşlara bulaşmış qanından əsər-əlamət qalmamışdı. Kəndin bütün itləri küçələrdəki tikələri yemiş, daşları da yalamışdılar. Hətta axşamkı qanlı çəkmələrini səhər itin yuvasının ağzından tapan da olubmuş.
Səhər yenə həmişəki günəş kəndin həmən yerindən çıxmağa başlayıbmış. Babam deyirdi ki, amma qəribə bir meh var imiş kənddə həmin səhər. Camaat çölə çıxanda görüb ki, kənddən Muxtarın qan iyini təmizləməyə gələn, söyüdlükdən əsən nataraz meh Teymurun toyuğunun lələklərini kəndin üstündə o tərəfə, bu tərəfə uçurdurmuş. Bəlkə də, o lələklər Teymura yas saxlayırmış. Bəlkə də demək istəyirmişlər ki, –”ay camaat, siz bu azadlığı bizim sahibimizin hesabına qazanmısınız… ”
Bəlkə də bu rəvayətin adı “Bir dəlinin hesabına qazanılmış azadlıq” olmalıdı… Nə bilim?!.
Allah cəmi ölənlərimizə rəhmət eləsin. Dəli Teymura da…
İzahlar
* Töycü, dinməver – vergi növləri
** Belə bir elan “1930-cu il Şəki üsyanı” zamanı Zaqatalanın Car kəndində keçmiş mülkədarlar tərəfindən kənd tar-mar edilib yandırıldıqdan sonra asılmışdı.
*** Naqan – Tapança növü
****Kurnaşmaq – qoyunların bir yerə toplaşmasına deyirlər
 
Mektebgushesi.az

Bənzər yazılar