Turist olmaq qərarına gəldim. Yəni ailə üzvlərimlə birgə ölkənin sərhədlərini aşıb gəzək, maraqlı nələrsə görüb, öyrənək dedim. Yaxın qonşumuz olan Gürcüstana oldu ilk yolçuluq. Təbii ki, maraq dairəsində hər yer vardı: muzeylər, tarixi yerlər, insanlarla ünsiyyət…
Diqqətimi çəkən vacib olay. Yol kənarında üzüm, basdırma satan, çay, kofe təklif edən, xırda suvenir düzəldən sadə gürcülər sərbəst şəkildə ingiliscə və rusca danışırlar. Gürcülərin həm də millətçi olmaları kimsəyə sirr deyil. Demək ki, bu sadə gürcülər zərurətdən doğan məcburiyyət üzündən ingilis və rus dillərini öyrənməyi ağıl edib, yəni lazim biliblər…
***
Ukraynaya uzun yolçuğulun bir hissəsi də Şimali Osetiyadan keçdi. Burda daha maraqlı bir olay oldu. Yol polisi əməkdaşı Azərbaycan dövlət nömrə nişanlı avtomobili görən kimi saxlamaq əmri verdi. Yaxınlaşıb “bır, ıkı, uç, dord (biz altı idik-J.M)….” deyib hamını sayıb bitirdi. Gülümsəməmi görüb “xoş gördük, bacı” deyib o da gülümsədi. Sonra sürücümüzə baxıb, “düş gəl aşağı, oliqarx, sizdə hamı oliqarx”, söylədi, beləcə sənəd yoxlamasına başladı…
***
Bu olaylarda ağlıma gələn ilk fikir bu idi. Kim olursan ol, kiminsə dilini bilmək gerçəkdən əla şeydir. Xüsusən də qonşular, səni sevən və sevməyən bütün qonşularla öz dilində danışmağı bacarmaq böyük üstünlükdür. Bu iki və xırda hadisənin vətənə dönəndə bir yazıda ilk söz olacağı isə heç ağlıma gəlməzdi. Ölkədə “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə əmr əməlli səs-küy yaradıb. Özü də o əmrə reaksiya verilib ki, sənəd ölkənin cəmi 50 ümumi təhsil müəssisəsi üçün keçərlidir. Həm də necə ildir hər tədris ilində prosedur qayda olaraq imzalanır. Yəni dolayısı ilə bizim ictimai nüfuzlu simalarımız məlum məsələyə bir neçə il gec reaksiya veriblər. İlk ağlıma gələn reaksiya: “elə hər şeyə gecikdiyimizə görə… nə isə ee…” Yəni reaksiyasızlıq oldu. Çünki bir necə ildən sonra hətta şəxsi məsələyə dair verilən qərar sizi bilmirəm, mənə görə, təkcə gecikmiş yox, həm də gülməlidir. Niyələri çoxdur. Biri odur ki, eyni qaydada necə ildir həm də «İngilis dilinin intensiv tədrisi» layihəsinə dair əmr imzalanır. Bu layihə həm də “British Council” təşkilatı ilə birgə həyata keçirildiyindən miqyasına və faydasına görə daha üstündür. Amma buna elə bir reaksiya yoxdur. Bəlkə də reaksiya verəcək adamların layihədən xəbəri yoxdur…
Vacib deyil rusu, ya rus dilini, ingilisi, ya ingilis dilini sevirik, yoxsa yox?! Vacib olanı bu ki, həyatımızdakı bəzi şeylər zərurətdən doğan məcburiyyətdir. Yuxarıda qeyd etdiyim gürcülərin məcburiyyəti kimi. Yəni sevməsən də bilməlisən, eləməlisən. Bu bir az da sevmədiyin, amma səhhətin üçün vacib olan qidanı narazı-narazı yeməyə bənzəyir bu.
Əslində, Azərbaycanın yerləşdiyi geosiyasi mövqe nöqteyi-nəzərindən ən böyük qonşularından biri, dost və ya dost kimi görünən təsiri bağışlayan Rusiyadır. Deməli, rus dili istəsək də, istəməsək də bizim üçün öyrənilməsi vacib sayılan dildir. Üstəlik, ölkə əhalisinin milyondan çoxu Rusiyaya üz tutub. O vətəndaşların hüquqlarını müdafiə eləməyi bacarmaları, işlərini qura bilmələri baxımından da rus dili vacibdir.
O üzdən “rus dili ana-bala arasına girir” deyə cəmiyyətə təhlükəli və təlaş dolu mesaj ötürən ictimai yüklü sayılan adamlar bir qədər məsuliyyətli olsalar yaxşıdır.
Əvvəla ona görə ki, bir tədris ili müddətində verilən əmrin yükü onlara illər öncə bəlli olmalı idi. Bəlli olmayıbsa, deməli, inciməsinlər, özlərinin, elə bizim də onları təqdim etdiyimiz adam deyillər. Yəni ictimai-siyasi xadim deyillər. Yox, əgər belə bir təpgi varsa, deməli, bu, ölkə üçün can yanğısıdan çox, konkret yerə və ya şəxsə ünvanlı antipatiyadan doğan reaksiyadır. Yoxsa illərdir susub da ölkənin minlərlə məktəbindən cəmi əllisində rus-dilinin tədrisi “ana-bala münasibətinə girir” deməyin başqa adı nədir sizcə?!..
Bir də ali təhsil məktəblərində ingilis dilindən dövlət imtahanı verilən məmləkətin ictimai-siyasi xadimlərinin rus dilinin tədrisinə belə “kəskin təpgi” verməsi qəribə gəlir adama. Müəllif olaraq öz adıma deyim. Nə rus dili, nə də ingilis dilinə xüsusi simpatiyam yoxdur. Sadəcə, hər ikisini öyrənib bilməyi zəruri sayıram. Qaldı niyə reaksiyalarda ingilis dilindən dövlət imtahanlarına susulub da rus dilinin tədrisi məsələsinə olan sərt münasibətə…. Düzü, ictimai xadimlərin bəzilərinin rus nifrəti, ingilis sevgisi adama qaranlıq qalır. Ya da ki, özün işıq tutmaq istəmirsən gördüklərinin üzərinə. Onsuz da görünən dağa bələdçi lazım deyil!
Əslində isə məsələdə bizim strateji istiqamətimiz bu olmali: Nə kimisə sevirik, nə də nifrət edirik. Dillərini öyrənib bilməyə məcburuq ona görə ki, dövlətimiz üçün, onun gələcəyi üçün hər ikisi vacibdir. Həm ingilis, həm də rus dili. Çünki hər iki dilin işləndiyi dövlətlərin xarici siyasət kursunda birbaşa, ya da dolayısıyla işğalçılıq, imperializm meyilləri var. Yəni dil bizə gələcəkdə özünü müdafiə üçün lazımdır.
Başqa bir tərəfdən, illər öncə Azərbaycan Rusiya əsarətində yaşayıb. İndi bu məmləkətin minlərlə rus-dili və ədəbiyyatı müəllimi diplomlu orta və yaşı nəsil pedaqoqları var. Lap kəskin qərar verilsə, rus dilinin tədrisi tam ləğv edilsə, yenə də eyni adamlar qalxıb deyəcək ki, o qədər diplomlu kadr çölə atıldı.
Daha bir maraqlı və reallığa çox yaxın məqam. Araşdırsaq o “narazılar”ın çoxunun övladları, nəvələri ya rusdilli, ya da ingilisdilli bağçada, məktəbdə, ali məktəbdə oxuyur.
Bir sözlə, özümüzə dair təəssüflərə ara verməyimiz mümkünsüzdür sevgili məmləkətdə. Çünki hər şeyə reaksiya vermək üçün əvvəlcə on-on beş il susuruq. Məsələn, oturub papağımız önümüzdə düşünmürük ki, neçə ildir prosedur qayda olaraq təkrarlanan əmrə reaksiya verməyə paralel həm də onu demək, düşünmək olardı ki, əslində, bu bir az da məcburən atılan addım ola bilər. O mənada ki, məsələn, uşaq bağçalarımızda Azərbaycandilli qruplar qədər, ya da bir azca rusdilli qruplar fəaliyyət göstərir. Yəni üzdə nifrətin kökündə içdəki sevgi və ya guya ki, prestij, dəb meyilləri var bizdə. Bəlkə elə bu “prestij” və guya ki, “dəb” meyli ictimai rəyi yayındırır. Etiraf eləmək istəmirik ki, axı bütün bunlara paralel olaraq həm də orta məktəblərdə Azərbaycan dili fənni üzrə dərs saatları artırılıb. Üstəlik, bu fənn üzrə kadroloji məsələ də xüsusi diqqət mərkəzindədir. Yəni daha savadlı və milli ruhu olan kadrların say etibarı ilə çoxluğu nəzərə alınır.
Eyib etməz demirik, deməyək. İctimai yükü olan biriləri kimi hamılıqla oturub günah keçisi axtaraq. Yaxşımızı görüb susaq, ya da ələ salaq. Pisimizi özümüzünkü o yana dursun, hətta Saşaya, Corca da qızıl nimçədə təqdim edək ki, başımıza daşı daha rahat salmağın yolunu asan tapsınlar…(Yeni Müsavat)
Mektebgushesi.az

Bənzər yazılar